Nemət Əliyev: “Son 6 ayda 77 iri, 458 kiçik sahibkar müəssisəsi iflas edib”backend

Nemət Əliyev: “Son 6 ayda 77 iri, 458 kiçik sahibkar müəssisəsi iflas edib”

“257 orta sahibkar müəssisəsi fəaliyyətini dayandırıb”
“İri sahibkar müəssisələrinin 77-si bu ilin 6 ayı ərzində iflas edərək sıradan çıxıb”.
İqtisadçı Nemət Əliyev belə deyir.
O bildirib ki, onsuz da Azərbaycanda iri sahibkar müəssisələrinin sayı az idi: “Bu ilin əvvəlinə olan vəziyyətə görə, 678 dənə olub. İqtisadçı bildirir ki, indi bunlardan 77-sinin də sıradan çıxması (ümumi 11 faiz) ağır olan vəziyəti daha da pisləşdirəcək. İri müəssisə dedikdə nəzəri cəhətdən iri imkanlar, iri kollektivlər, böyük yatırımlar, böyük nailiyyətlər, ən yeni texnika və texnologiyalar başa düşülür. Bütün bu imkanlara sahiblənə bilməkdən ötrü gərək iri, heç olmasa, orta ölçülü müəssisə səviyyəsinə yüksələsən. Lakin bu ilin 6 ayında 257 sayda orta sahibkar müəssisəsi (9%) də sıradan çıxaraq fəaliyyətini dayandırıb”.
Nemət Əliyev deyir ki, son zamanlar Azərbaycanda sahibkarlara dəyən zərbələr bunlarla bitməyib: “Son 6 ayda 458 kiçik sahibkar müəssisəsi də iflas edib. Bu ilin yanvar və iyul aylarının əvvəlinə olan vəziyyətə dair DSK-nın açıqladığı rəsmi məlumatların müqayisəsi bu biabırçı mənzərəni üzə çıxarıb. Belə məlum olur ki, kiçik, orta və iri sahibkarlıq müəssisələrinə maliyyə yardımları göstərilməsinə dair hökumətin qəbul etdiyi qərarlar, atdığı addımlar, cızdığı yol xəritələri suya düşüb. Əks halda, nəticələr bu dərəcədə bərbad olmazdı”.
İqtisadçı bildirir ki, əgər indiki nəticələr budursa, sahibkarlığın inkişafına dövlət dəstəyindən danışmağın da mənası qalmır: “Fakt odur ki, sahibkar müəssisələri olduqca ağır sosial-iqtisadi, siyasi, psixoloji, hüquqi şəraitə tab gətirməyərək iflas edirlər. Yalnız “mikro” ölçülərə qədər xırdalanmış sahibkarlıq müəssisələri 5% say artımı verib ki, belə müəssisələrin də əksəriyyətində 2-3 nəfər (maksimum 10 nəfər) işçi çalışır. Bu mikro kollektivlərlə də iri hədəflərə nail olmaq əsla mümkün deyil”.
Azərbaycan qanunlarına görə, biznesin ölçüsündən asılı olaraq, sahibkarlar dörd qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlar. Mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir.
Kiçik sahibkar dedikdə işçilərinin sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilməkdən ötrü sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır.
İri sahibkarlıq subyekti hesab edilmək üçünsə işçi sayı 251 nəfərdən, illik gəlir isə 30 milyon manatdan çox olmalıdır.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin ilk yarısını əhatələyən göstəricilərinə əsasən, ölkədə 143 min 928 sahibkarlıq subyekti fəaliyyət göstərir. Hazırda mikro sahibkarlıq subyektlərinin sayı 133 min 844-ə bərabərdir. Yəni ölkədəki hər 100 sahibkarlıq subyektindən 93-ü mikro sahibkardır. Bu ilin altı ayının nəticələrinə görə, ölkədə kiçik sahibkarlıq subyektlərinin sayı 6 min 284, orta sahibkarlıq subyektlərinin sayı 2 min 659, iri sahibkarlıq subyektlərinin sayı isə 601-dir.
Məlumatda bildirilir ki, ölkədəki sahibkarlıq subyektlərinin əsas hissəsini mikro sahibkarlar təşkil edir. Hazırda fəaliyyət göstərən bütün sahibkarların 93 faizi məhz bu kateqoriyaya aiddir. Ölkədəki mikro sahibkarların hər üç nəfərindən biri (32.7 faiz) ticarətlə bağlı sahələrdə fəaliyyət göstərir. Mikro sahibkarlar daha sonra tikinti (10.3 faiz), kənd təsərrüfatı (7.8 faiz) və emal sənayesini əhatələyir (5.8 faiz). Ölkədəki mikro sahibkarların 66 faizi paytaxt Bakının payına düşür.
Sahibkarlıq subyektlərinin beş faizini təşkil edən kiçik sahibkarların fəaliyyət istiqaməti, əsasən, ticarətdir. Hər dörd kiçik sahibkarlıq subyektindən biri məhz ticarətlə məşğul olur.
Tikinti (13.4 faiz), emal sənayesi (10.1 faiz) və peşə, elmi və texniki fəaliyyət (7.8 faiz) sahələri də kiçik sahibkarların ən çox üz tutduqları istiqamətlər arasındadır. Kiçik sahibkarlıq subyektlərinin 64 faizi paytaxtda fəaliyyət göstərir.
Digərlərinə nəzərən xüsusi çəkisi nisbətən aşağı olsa da, illik 3-30 milyon manat gəlirləri olan orta sahibkarlıq subyektləri də ən çox ticarət sektorundadır (19.6 faiz). Tikinti (17 faiz), emal sənayesi (12.6 faiz), peşə, elmi və texniki fəaliyyət (6.4 faiz) orta sahibkarın ən çox olduğu sahələrdir.
Orta sahibkarlar arasında Bakıda olanların payı 59 faizə bərabərdir.
2021-ci il iyulun 1-dək ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0.4 faizini işçilərinin sayının 250-dən, gəlirlərinin isə 30 milyon manatdan çox olduğu iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi ticarət (17.6 faiz), emal sənayesi (16.6 faiz), tikinti (12.2 faiz) və nəqliyyat, anbar təsərrüfatı (8.7 faiz) sahələrində yaradılıb.
İri sahibkarların fəaliyyət yeri baxımından Bakı və regionlar arasında fərq digər kateqoriyalardan böyükdür. Hazırda ölkədəki iri sahibkarların təxminən hər dördündən üçü (73 faiz) məhz paytaxtdadır.Meydan TV
  •  (0)
  •  (0)