“Qarabağ bölgəsi zəngin təbiətə, münbit torpaqlara və əlverişli iqlim potensialına malikdir. Bu amillər regionda aqrar sektorun inkişafı üçün münbit şərait yaradır”.
Bu sözləri Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova söyləyib.
Onun sözlərinə görə, aqrar sektorun inkişafı məcburi köçkünlərin sürətlə geri dönüşünə səbəb olmaqla yanaşı, ölkəmizin iqtisadi dirçəlişinə də mühüm töhfələr verəcək: “İlk növbədə aqrar infrastrukturun yaradılması barədə düşünmək lazımdır. Bunun üçün müasir standartlara cavab verən nasos stansiyaları, su anbarları istifadəyə verilməlidir. Elektrik və yol infrastrukturunun təmin olunması, məhsul itkisinin qarşısını almaq üçün soyuducu anbarlar və logistik mərkəzlər tikilib inşa edilməlidir. Bununla yanaşı, torpaqlar keyfiyyət göstəricilərinə görə təsnifatlaşdırılmalı və uyğun məhsul növlərinin təyinatı aparılmalıdır. Kəndlilərin hüquqi statusunun müəyyən edilməsi məqsədilə torpaq mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi həyata keçirilməlidir”.
BPC sədri qeyd edir ki, rəqəmsal texnologiyaların tətbiqinə də xüsusi önəm verilməlidir: “Peyk monitorinqi, sensorlar, GPS sistemləri ilə torpaq və məhsulların izlənilməsi, müasir texnika ilə təchiz olunmuş kənd təsərrüfatı parklarının formalaşdırılması vacib amillərdəndir. Eyni zamanda gömrük güzəştləri, aqrar texnika, gübrə və toxum idxalı üçün əlavə güzəştlər tətbiq olunmalı, fövqəladə təbii hadisələrə qarşı məhsul və mal-qara sığortası genişləndirilməlidir. Fermerlər əlçatan və güzətşli kreditlərlə təmin olunmalı və investisiya təşviqi proqramlarına cəlb edilməlidirlər. Kooperativlərin yaradılması, fermerlərin birləşməsi də məhsuldarlığı artırmaq və bazarlara çıxışı asanlaşdırmaq üçün əhəmiyyətlidir” – müsahibimiz söyləyir.
Əlavə edir ki, məhsulun emalı, yerli və xarici bazarlara çıxışı istiqamətində səylər gücləndirilməlidir: “Aqro-emal müəssisələrinin yaradılması, süd, ət, taxıl, meyvə-tərəvəz emalı müəssisələri bölgədə məşğulluğu artıracaq faktor rolunda çıxış edir. Qarabağ məhsullarının “Made in Azerbaijan” brendi altında ixracı təşviq olunmalıdır. Bununla yanaşı, ekoloji standartların tətbiqi, kimyəvi gübrə və pestisid istifadəsində nəzarət gücləndirilməlidir ki, organik və keyfiyyətli məhsullar yetişdirilsin. Regionda ekoloji təmiz və sertifikatlı məhsul istehsalı üçün də şərait yaradılmalıdır. Prosesə nəzarəti təmin etmək məqsədilə regionda aqrar yönümlü elmi-tədqiqat institutlarının filialları yaradılmalı, bölgəyə xarakterik məhsul növləri və texnologiyaların hazırlanması proqramı işlənib hazırlanmalıdır” – deyə, Bayramova fikrini yekunlaşdırır.
Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin nüfuzlu iş adamlarının təşəbbüsü və dəstəyi ilə təsis edilib. Əsas missiyası ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təminidir. BPC-nin İdarə Heyətinin sədri Gülpəri Bayramova eyni zamanda paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, Xocavənd rayonunda yerləşən Yağ Emalı Zavodunun icarədarıdır. O, Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malikdir və ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də mühüm layihələr həyata keçirir. Müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif aksiyaların təşkilatçısıdır.