Avtomobil ilk ildə niyə ən çox dəyər itirir? – Ekspert səbəbləri açıqladıbackend

Avtomobil ilk ildə niyə ən çox dəyər itirir? - Ekspert səbəbləri açıqladı  

“Yeni avtomobilin ilk ildə dəyər itirməsinin əsas səbəbi onun texniki aşınması deyil, bazardakı statusunun dəyişməsidir”.

Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, E-qiymet.az portalının rəhbəri Hüseyn Talıbov avtomobillərin bazar dəyərinin formalaşması ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, avtomobil salondan çıxdığı andan “yeni avtomobil” statusunu itirir və ikinci əl bazarının qiymət mexanizminə daxil olur: “Alıcı üçün yeni avtomobillə istifadə olunmuş avtomobil arasında prinsipial fərq yaranır. Buna görə ilk ildə baş verən dəyər itkisini yalnız texniki aşınma və köhnəlmə ilə izah etmək düzgün deyil. Bazar statusunun dəyişməsi də burada mühüm amildir.

Beynəlxalq araşdırmalar ilk illərdə avtomobil dəyərinin daha sürətlə azalmasının geniş yayılmış hal olduğunu göstərir. Beynəlxalq hesabatlara görə, yeni avtomobillər üçün birinci ildə təxminən 16 faiz dəyər itkisi göstərir. 2026-cı il məlumatında isə yeni avtomobilin ilk ildə dəyəri orta hesabla 12,5 faiz azaldığı iddia olunur. Konkret göstərici marka, model və bazar şəraitindən asılı olaraq dəyişir.

“iSeeCars”ın 950 mindən çox beşillik avtomobil üzrə 2026-cı il araşdırmasında orta beşillik dəyər itkisi 41,8 faiz müəyyən edilib. Eyni araşdırmada SUV-lər üzrə bu göstərici 44,9 faiz, hibridlər üzrə 35,4 faiz, elektromobillər üzrə isə 57,2 faiz olub”.

Ekspert qeyd edir ki,  Azərbaycan bazarında da yeni avtomobil təklifinin əhəmiyyətli həcmdə olduğu görünür: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəyə 113 840 ədəd minik avtomobili idxal edilib. Bu, 2024-cü illə müqayisədə 38,1 faiz artım deməkdir.

Bundan əvvəl, 2024-cü ilin sonunda Azərbaycanda 1 585 265 minik avtomobili qeydə alınıb. Onların 1 494 819-u şəxsi minik avtomobilləri olub. Belə geniş avtomobil parkında marka, model, yaş, yürüş və texniki vəziyyət üzrə fərqlər ikinci əl bazarında qiymətlərin müxtəlifliyinə səbəb olur”.

H.Talıbov hesab edir ki, avtomobil istifadə olunduqca onun bazar dəyərinin formalaşmasında faktiki istismar göstəriciləri daha böyük əhəmiyyət qazanır: “Eyni yaşda olan iki avtomobilin bazar dəyərinin eyni olması gözlənilmir.  Yürüş, texniki vəziyyət, servis və qəza tarixçəsi, komplektasiya, mühərrik və transmissiyanın vəziyyəti, həmçinin istismar şəraiti qiymətə təsir edən əsas amillərdəndir.

Məsələn, eyni model və buraxılış ilinə malik, lakin biri 20 min, digəri 80 min kilometr yürüş etmiş iki avtomobil yalnız yaş göstəricisinə əsasən eyni qiymətləndirilməməlidir. Elan qiyməti də avtomatik olaraq bazar dəyəri hesab edilə bilməz. Peşəkar qiymətləndirmədə real bazar əməliyyatları, müqayisə olunan avtomobillər və konkret nəqliyyat vasitəsinin xüsusiyyətləri birlikdə təhlil olunmalıdır” müsahibimiz vurğulayır.

Əlavə edir ki, qiymətləndirmənin məqsədi avtomobilə sadəcə rəqəm vermək deyil: “Əsas məsələ həmin rəqəmin qiymətləndirmə tarixinə bazarda formalaşan real iqtisadi şərtləri əks etdirməsidir. Buna görə avtomobilin yaşı və yürüşü texniki vəziyyət, komplektasiya, istismar tarixçəsi və bazar analoqları ilə birlikdə qiymətləndirilməlidir.

Beləliklə, yeni avtomobilin ilk ildə dəyərinin daha sürətlə azalması yalnız texniki köhnəlmə ilə bağlı deyil. Avtomobilin “yeni” statusundan “istifadə olunmuş” statusuna keçməsi, bazardakı alternativlərin sayı və alıcıların ikinci əl avtomobilə yanaşması da qiymət formalaşmasında rol oynayır.

Sonrakı illərdə isə yürüş, texniki vəziyyət, servis və qəza tarixçəsi kimi fərdi göstəricilərin əhəmiyyəti artır. Bu amillərin düzgün nəzərə alınması avtomobilin alqı-satqısı ilə yanaşı, maliyyələşdirmə, sığorta və digər qiymətləndirmə proseslərində real bazar dəyərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir” – deyə, Hüseyn Talıbov fikrini tamamlayır.

  •  (0)
  •  (0)