“Qiymətləndirmə institutu iqtisadi təhlükəsizliyin sütununa çevrilir”backend

“Qiymətləndirmə institutu iqtisadi təhlükəsizliyin sütununa çevrilir”

Hüseyn Talıbov: “Şəffaf qiymətləndirmə sistemi iqtisadi təhlükəsizliyin qarantıdır”

“Azərbaycanın iqtisadi sistemində “qiymətləndirmə yalnız daşınmaz əmlak və torpaq bazarıdır” stereotipi artıq aktuallığını itirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “PRICE EXPERT” şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbov söyləyib.

Onun sözlərinə görə, ölkənin strateji-iqtisadi kursu bu sahəni dar çərçivədən çıxararaq makroiqtisadi sabitliyin və investisiya cəlbediciliyinin əsas faktorlarından birinə çevirib: “Qanunvericilikdə əksini tapan 9 fərqli istiqamət əslində milli iqtisadiyyatın qlobal rəqabətə hazırlıq xəritəsidir. Bu gün beynəlxalq praktikada biznes aktivlərindən tutmuş qeyri-maddi mülkiyyətə qədər şəffaf qiymətləndirmə mexanizmlərinin tətbiqi maliyyə resurslarının səmərəli bölüşdürülməsini təmin edir.

Müasir biznes mühitində müəssisələrin qiymətləndirilməsinin artıq texniki prosedur deyil, strateji idarəetmənin ayrılmaz hissəsi olduğunu vurğulayan Hüseyn Talıbov, real bazar dəyərinin müəyyən edilməsinin risklərin idarə olunması üçün kritik əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, yaxın illərdə kapital bazarlarının aktivləşməsi bu istiqamətə tələbatı kəskin artıracaq”.

Müsahibimiz vurğulayır ki, kadr potensialının artırılması və rəqəmsallaşma sahənin tam gücü ilə işləməsi üçün vacibdir: “Şəffaf qiymətləndirmə sistemi iqtisadi təhlükəsizliyin qarantıdır. Obyektiv dəyəri müəyyən edilməyən istənilən aktiv potensial maliyyə itkisi mənbəyidir. Azərbaycanın yeni iqtisadi mərhələyə keçidi bu sektorun beynəlxalq meyarlar əsasında formalaşmasını və sağlam inkişaf drayverinə çevrilməsini tələb edir”.

Ekspert sahə üzrə cari statistik mənzərəyə də diqqət çəkib: “Bazarın 60-65%-ni hələ də klassik əmlak qiymətləndirilməsi təşkil etsə də, balans dəyişir. Biznesin qiymətləndirilməsi seqmenti 15-20%-lik payla ikinci böyük istiqamətə çevrilib. Qeyri-maddi aktivlər hələlik 5-8% əhatə etsə də, ən sürətli artım məhz bu sahədə müşahidə olunur. Ölkə üzrə biznes kreditlərinin təminat strukturunda müstəqil qiymətləndirmə hesabatlarının payının 90%-dən yuxarı olması maliyyə risklərinin minimuma endirilməsində həlledici faktordur”.

Sektorun institusional inkişafının kadr sertifikatlaşdırılması ilə də ölçüldüyünü deyən AQP üzvü, beynəlxalq standartların (IVS) tətbiq səviyyəsinin son 2 ildə 35%-dən 75%-ə yüksəldiyini bildirib: “Rəqəmsal məlumat bazalarının yaradılması subyektivlik faktorunu 20-25% azaldaraq etimad mühitini gücləndirir. Bu rəqəmsal keçid gələcəkdə investisiya axınlarının 15-20% daha sürətli qərarlaşmasına şərait yaradacaq” – deyə Hüseyn Talıbov fikrini yekunlaşdırıb.

  •  (0)
  •  (0)