İxrac coğrafiyasını genişləndirmək üçün hansı addımlar atılmalıdır? – BPC sədrindən TƏKLİFLƏRbackend

İxrac coğrafiyasını genişləndirmək üçün hansı addımlar atılmalıdır? – BPC sədrindən TƏKLİFLƏR

“Ölkəmizin ixrac potensialınI artırmaq üçün əlverişli resurslar, coğrafi mövqe və dövlətin siyasi iradəsi mövcuddur. Sistemli tədbirlər, institusional islahatlar, əlverişli biznes mühiti ixracın inkişafını şərtləndirən başlıca amillərdir”.

Bu sözləri Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova söyləyib.

Onun sözlərinə görə, ixracın artırılması üçün strateji yanaşma tələb olunur: “Təkcə kənd təsərrüfatı məhsullarının icxacına deyil, eləcə də sənaye məhsulları, qida sənayesi, yüngül sənaye və texnoloji məhsullarının ixracına da xüsusi diqqət ayrılmalıdır. Bu sahələrdə məhsul çeşidinin artırılması ixrac coğrafiyasını genişləndirə bilər. Məhsullarımızın Avropa, Körfəz ölkələri və digər regional bazarların sertifikat və keyfiyyət standartlarına uyğunlaşdırılması vacibdir. Bununla yanaşı, logistika və nəqliyyat infrastrukturunun gücləndirilməsi də vacib amildir. Orta dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, liman infrastrukturları və gömrük sisteminin rəqəmsallaşdırılması ixracın operativliyini və rəqabət qabiliyyətini artıran faktorlardır. Eyni zamanda ixrac yönümlü istehsalçılar üçün dövlət tərəfindən subsidiyalar və güzəştli kreditlər verilməli, ixracatçılar əlavə dəyər vergisindən və digər rüsumlardan azad olunmalıdır”.

BPC sədri qeyd edir ki, ölkəmizin iqlim və torpaq vəziyyəti kənd təsərrüfatı məhsullarının geniş çeşiddə istehsalı üçün münbit şərait yaradır: “Xüsusilə meyvə-tərəvəz və quru meyvələrin, orqanik kənd təsərrüfatı məhsullarının, konservləşdirilmiş və qablaşdırılmış məhsulların, şərab, çay və bal məhsullarının ixracı üçün böyük imkanlar mövcuddur. Süd, ət, un şirniyyat və konservləşdirilmiş məhsulların Körfəz ölkələrinə ixracı üçün halal sertifikatlarının alınması vacibdir. Pambıq, yun və ipək xammalına əsaslanan tekstil məhsullarının emalı, ayaqqabı, çanta və ev tekstili məhsulları ixrac üçün real potensiala malikdir. Habelə müasirləşən dünyamızda milli informasiya kommunikasiya texnologiyaları və rəqəmsal məhsulların ərsəyə gəlməsi də mühüm əhəmiyyət kəsb edir. Plastik, boya, şüşə, keramika və sement məhsulları Rusiya və Orta Asiya bazarlarına ixrac oluna bilər” – müsahibimiz söyləyir.

Əlavə edir ki, xarici bazarların müəyyənləşdirilməsi və diversifikasiyası həyata keçirilməlidir: “Azərbaycan ixrac potensialında Rusiya, Gürcüstan, Türkiyə və İran ənənəvi bazarlar rolunda çıxış edir. Körfəz ölkələri, Çin, Mərkəzi Asiya, Şərqi Avropaya çıxış imkanları istiqamətində strateji yanaşma ortaya qoyulmalıdır. Bu coğrafiyalarda Azərbaycan məhsullarının tanıtımı üçün ticarət evləri, sərgilər və media kampaniyaları təşviq edilməlidir. Dövlət və özəl sektor arasında əməkdaşlıq, “Made in Azerbaijan” brendinin təşviqi, ixracatçılar üçün bir pəncərə sistemi, Azərbaycan Ticarət Evləri və diplomatik nümayəndəliklər vasitəsilə əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili xüsusi diqqət tələb edən məqamlardır” – deyə, Bayramova fikrini yekunlaşdırır.

Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin nüfuzlu iş adamlarının təşəbbüsü və dəstəyi ilə təsis edilib. Əsas missiyası ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təminidir. BPC-nin İdarə Heyətinin sədri Gülpəri Bayramova eyni zamanda paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, Xocavənd rayonunda yerləşən Yağ Emalı Zavodunun icarədarıdır. O, Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malikdir və ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də mühüm layihələr həyata keçirir. Müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif aksiyaların təşkilatçısıdır.

  •  (1)
  •  (1)