BPC sədri Qarabağ sakinləri ilə görüş keçirib – FOTOLARbackend

BPC sədri Qarabağ sakinləri ilə görüş keçirib - FOTOLAR

Füzuli şəhərində Qarabağ Regional Məşğulluq Filialının Füzuli rayon xidmət şöbəsi ilə birgə Xocavənd rayonunda açılacaq Yağ Emal Zavodu üçün mini əmək yarmarkası keçirilib.

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova əmək yarmarkası çərçivəsində Qarabağ sakinləri ilə görüş keçirib. Onlarla sakinin iştirak etdiyi görüşdə Xocavənd rayonunda fəaliyyətə başlayacaq və günəbaxan yağlarının istehsalının həyata keçiriləcəyi “Qarabağ Oil” zavodunda iş imkanları müzakirə edilib.

G.Bayramova Azərbaycan hökumətindən icarəyə götürdüyü zavodun müasir standartlara cavab verəcəyini və burada istehsal olunan məhsulların yerli bazarı təhciz etməklə yanaşı, xarici bazarlara da ixrac ediləcəyini bildirib. O qeyd edib ki, müəssisənin yenidən qurulması üçün xaricdən peşəkar mütəxəssislər cəlb olunacaq. Eyni zamanda Körvəz ölkələrindən olan investorların da layihənin icrasında iştirakı nəzərdə tutulur.

Qarabağ sakinlərini zavodda və istehsal prosesində yaxından iştirak etməyə dəvət edən BPC sədri bu layihənin ərazidə məşğulluq imkanlarının artırılmasına da mühüm töhfələr verəcəyini diqqətə çatdırıb. Öz növbəsində görüşdə iştirak edən sakinlər zavodun fəaliyyətində yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar. Görüşdə zavodun kadr siyasəti ilə bağlı strategiyası da iştirakçılarla müzakirə olunub.

Qeyd edək ki, Gülpəri Bayramova paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, eyni zamanda ölkəmizin nüfuzlu sahibkarlarını öz ətrafında birləşdirən Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. BPC-nin əsas fəaliyyət istiqaməti azərbaycanlı sahibkarların xarici bazarlara çıxışı, “Made in Azerbaijan” brendinin təşviqidir. O, Xocavənd rayonunda “Qarabağ Oil” yağ istehsalı zavodunu icarəyə götürüb və burada günəbaxan yağının istehsalı həyata keçiriləcək. Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malik olan Gülpəri Bayramova ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də çoxsaylı layihələr həyata keçirir.

 

  •  (0)
  •  (0)