İş adamının açıqlaması məmur biznesinin necə yarandığını ortaya qoyur SENSASİON DETALLARbackend

İş adamının açıqlaması məmur biznesinin necə yarandığını ortaya qoyur SENSASİON DETALLAR

Prezident İlham Əliyev: “Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin…”

Ötən gün ölkə gündəmi Azərbaycanda tanınmış iş adamı, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan AAAF İnşaat MMC-nin rəhbəri Tofiq Heydərovun ilginc açıqlamalarına şahidlik etdi. Bu açıqlamalar Azərbaycanda sahibkarların məmurlar tərəfindən hansı təzyiqlərə məruz qoyulduğunu, səlahiyyətli məmurların necə “biznes” sahibi olduğunu açıq göstərir.

Xatırladaq ki, özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada iş adamı bildirir ki, AAAF İnşaat MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək vəzifəli şəxsinin, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin böyük təzyiqləri ilə üzləşib:

“AAAF İnşaat MMC-yə qarşı yaradılan süni maneələr bütün qurumlar tərəfindən olsa da, bu gün əsas Abşeron İcra hakimiyyəti və Dövlət Vergi Xidmətinin istintaq idarəsi haqqında yazacam: Xırdalanda AAAF park layihəsindən başqa, digər üç layihə (AAAF tələbə şəhərciyi (280 000 m2), Abşeron city ( 65 800 m2) və AAAF ( Bakı – Sumqayıt şossesi. 94 000 m2)) Abşeron İcra hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcova, Vergi istintaq idarəsinin əməkdaşı Pərvin Əliyevə və digər şəxsə məxsus olan layihələrdir.

Pərvin Əliyev

Şirkətlərimizə 2012- ci ildən başlayaraq əsassız müdaxilələr sayəsində AAAF İnşaat MMC- nin 50 faiz təsisçi payı və direktor vəzifəsi vergi istintaq idarəsinin əməkdaşı olan Pərvin Əliyevə verilib. Bu gün bu layihələrdən yaranan külli-miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz bir vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır və öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinlikləri var.

Bundan başqa, AAAF İnşaat MMC tərəfindən razılaşdırılmış qaydada tikilən mənzillərin müəyyən hissəsi mənzil fonduna verilmişdir. Əlavə olaraq isə zirzəmi və mansard mərtəbələrin idmançılara və idmana xərclənməsi tikintinin böyük sahəsini təşkil etmişdir. Bu sahələrin vergi borclarının ödənilməsinin bizə yüklənilməsi ədalətsizlikdir. İcra hakimiyyətindən mənzil fonduna verilən evlər barədə arayış verilsə də, vergilərdən bu borcların yalnız bir qismi silinmişdir”.

T.Heydərovun açıqlamasından aydın olur ki, rayon icra başçıları nəinki kiçik və orta sahibkarlara, hətta iri sahibkarlara da problem yarada bilirlər:

 

“Ən acınacaqlısı “Gənclər Şəhərciyi” layihəsidir ki, on milyonlarla vəsait xərclədiyimiz halda tikinti əsassız olaraq hörmətli İradə xanım tərəfindən dayandırılmışdı. Mənə ən çox təsir edən odur ki, biz bu layihəni Cənab Prezident İlham Əliyevin sahibkalara müraciətindən sonra başlamışdıq. O zaman vəziyyət yaxşı deyildi, bütün təşkilatlara vətəndaşların işlə təmin olması tapşırığı verilmişdi. Biz də dövlətimizə dəstək olaraq iş adamlarını cəlb edib gözəl layihələrə start vermişdik. Amma bütün sənədlər qaydasında olduğu halda, belə addımın atılması xainlikdən başqa bir şey deyil”.

Göründüyü kimi, vergi orqanlarında yüksək vəzifə tutan məmur, həmçinin icra başıçısı təzyiqlərlə sahibkarın biznesinə şəriklik əldə ediblər. Özü də şirkətdə əldə etdikləri paya uyğun maliyyələşməni də sahibkarın üzərinə yükləyiblər.

Onu da qeyd edək ki, T.Heydərov açıqlamasında qeyd etdiyi təzyiqlərlə 2018-ci ilədək üzləşib. Həmin ildən etibarən Prezident İlham Əliyev məmurların biznes maraqlarının qarşısını alınması üçün müvafiq qurumlara bir neçə dəfə tapşırıq verib.

2019-cu ildə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən söylədiyi fikirlərdən aydın olur ki, Prezident məmurların hansı üsullarla “biznesmen” olduqlarına dair məlumatlıdır:

“Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

 

Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük problemlər yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən”.

Ötən dörd ildə Prezident İ.Əliyev geniş biznes şəbəkələrinə sahiblənmiş çoxsaylı məmurları vəzifəsindən azad edib, ona qədər icra başçısı kreslodan birbaşa həbsə göndərilib. T.Heydərov faktiki olaraq, ilk iri sahibkardır ki, məmurların biznesinə necə şərik olduqlarını açıq şəkildə bəyan edir. Prezidentin bu kimi hallara münasibətinin həddən artıq mənfi olduğunu nəzərə alsaq, yaxın zamanlarda iş adamına qarşı soyğunçuluq edən məmurların cəzalandırılacağını söyləyə bilərik.

P.S. T.Heydərovun adlarını çəkdiyi məmurların açıqlaması olarsa, ictimailəşdirməyə hazırıq.

Musavat.com

  •  (0)
  •  (0)