Həyatda heç kim heç nədən sığortalanmayıb. İnsan bəzən ona zərbənin nə zaman və haradan gələcəyini bilmir. Bu zərbələrdən ən böyüyü və ən ağrılı olanlarından biri də övlad itkisidir. Övlad acısını yaşayanlar arasında məşhur simalar da var. Budəfəki yazımızda isə məhz həmin sənətçiləri araşdırdıq.
Hokm.az sözügedən araşdırmanı təqdim edir:
Oğlu Rəhimin vaxtsız gedişi ilə beli bükülən, gözlərinə kədər çökən müğənni İbrahim Borçalı həyatın ona yaşatdığı ən ağır zərbə olan oğul itkisini ürəyinə dərd, çiyinlərinə yük edir. Müğənninin 20 yaşlı oğlu 2020-ci ildə yol qəzası nəticəsində dünyasını dəyişib. Bu dərddən qəddi əyilib, beli bükülsə belə, ona ehtiyac duyan ailəsinin yanında olmaq məcburiyyəti müğənnini həyata bağlayır. Oğlundan xatirə qalan şəkillər, əşyalar, videogörüntülər indi İbrahim Borçalının tək təsəllisidir.
Əməkdar artist Zöhrə Abdullayeva da övlad acısı yaşamış məşhurlardandır. Z.Abdullayevanın 47 yaşlı oğlu 2018-ci ildə beyin xərçəngindən vəfat edib. Oğlunu itirən sənətkar bu hadisədən sonra özünə qapanır və səhhətində ciddi problemlər yaranır. Uzun müddət səhnədən və efirlərdən uzaq düşən Abdullayeva xəstəliyi ağırlaşandan sonra 30 kq arıqlayaraq yeriməkdə də çətinlik çəkir. Əməkdar artist nadir xəstəlik sayılan sklerodermiyaya tutulur. Beləcə, övlad həsrətinə dözə bilməyən Zöhrə Abdullayeva 2021-ci ildə 68 yaşında dünyasını dəyişir.
Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev də gənc yaşında dünyasını dəyişib. Fərid 2012-ci ildə vərəm xəstəliyindən vəfat edib.
“Mən çox çətin, ağır həyat keçirmişəm. Ana-ata qayğısı görməmişəm. Mən oğlumu böyütdükdən sonra onu özümə ata, qardaş bilirdim. Bir kimsəsiz adamam, arxa görmək istəyərdim. Təəssüf, bu da qismət olmadı”.
Bu sözləri mərhum Xalq artisti oğlunun ölümü ilə bağlı açıqlamasında demişdi. Daim üzündə gülüş olan, insanların ürəyinə yol tapmış, amma bütün bunlara baxmayaraq, acı tale yaşamış aktyor 2021-ci ildə COVID-19-dan vəfat edib.
Dillər əzbəri bəstələri ilə yanaşı, acı taleyi ilə də yadda qalan bəstəkar Nailə Mirməmmədlini həyat övlad itkisi ilə də sınayıb. Bəstəkarın oğlu 2002-ci ildə 16 yaşı olarkən dənizdə boğularaq dünyasını dəyişib. Oğlunun ölümündən sonra da kədər N.Mirməmmədlidən əl çəkməyib. 2007-ci ildə həyat yoldaşı, özü kimi bəstəkar Hikmət Mirməmmədli və anası vəfat ediblər. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib. 2021-ci il yanvarın 4-də isə özü qəfil ürəktutmasından vəfat edərək sevənlərini yasa boğub.
Hər zaman üzü gülən, şad-xürrəm görməyə alışdığımız mərhum Xalq artisti Səməd Səmədov da illər öncə övlad dağı görüb. Onun sözlərinə görə, oğlu polis işləyirmiş. 24 yaşlı oğlu axşam içkili vəziyyətdə olan şəxslərin dava etdiyini görüb, bunları ayırmağa çalışan zaman həlak olub. Qeyd edək ki, 74 yaşlı ifaçı ötən il müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.
Tanınmış aparıcı Afaq Gəncəlini də həyat övlad acısı ilə sınağa çəkib. Afaq 2015-ci ildə 13 yaşlı övladı Qədirxanı xərçəng xəstəliyindən itirib.
Əməkdar artist Kübra Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə 46 yaşında həbsxanada dünyasını dəyişib. Qeyd edək ki, Əməkdar artistin oğlu Bakıda aptekə basqın etməkdə təqsirləndirilərək 14 il müddətində azadlıqdan məhrum edilmişdi.
Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Xalq artistinin iki oğlu var.
oxu.az