“Yerə tüpürürdü, anamı çağırırdı ki, gəl, təmizlə” – Bakıda ərini öldürən qadınbackend

“Yerə tüpürürdü, anamı çağırırdı ki, gəl, təmizlə” – Bakıda ərini öldürən qadın

Suraxanıda ərini öldürən qadın hakim qarşısına çıxarılıb. O, qətli ərinin işgəncələrindən, ona etdiyi əziyyətlərdən bezərək törətdiyini deyir.

Hokm.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə bu il martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib.

1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Günay Şıxəliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutur.

Sonuncu məhkəmə iclasında Günayın anası, atası və övladları ifadə verib. Həmçinin mərhumun hüquqi varisi kimi tanınan bacısı Mətanət Sultanova da prosesdə iştirak edib.

Prosesdə əvvəlcə Mətanət Sultanova ifadə verib. Deyib ki, mərhum qardaşı ailəsinə görə onunla düşmən olub, onu danışdırmayıb.

Mətanət Sultanova qardaşının spirtli içki aludəçisi olduğunu söyləyib.

Hadisə günü baş verənləri danışan M.Sultanova bunları deyib:

“Zəng elədilər ki, belə hadisə olub. Mən də dedim ki, əgər günah mənim qardaşımdadırsa, qızı bağışlayıram. Sonra sosial şəbəkələrdə mənim valideynlərimi söydülər. Bunun uşaqları da mənim valideynlərimi söyürdü. Mesaj yazırdılar, ölən ata və anamı söyürdülər. Söylədim ki, əgər belədirsə, mən də bağışlamıram”.

Günay Şıxəliyev isə bu fikirlərin doğru olmadığını deyib. Bildirib ki, heç kim onların valideynlərini təhqir etməyib.

Həbs edilən Günay Şıxəliyevanın vəkili Vasif İsrafilov yaranan mübahisəyə aydınlıq gətirmək üçün söyləyib ki, sosial şəbəkədə yazılan xəbərlərə ayrı-ayrı şəxslər şərh yazıb. Günayın digər vəkili Zakir Babazadə isə söyləyib ki, həmin şəxslər ailənin yaxını və tanışı deyil. Buna görə də ayrı-ayrı şəxslərin yazdığı fikirlər Günay və ailəsinin fikri, mövqeyi kimi qəbul edilə bilməz.

Hakimin də izahından sonra məlum olub ki, mərhumun yaxınları instagram sosial şəbəkəsində yazılan şərhləri nəzərdə tuturlar.

Daha sonra Günayın anası Vika Səmədova ifadə verib.

Hadisənin baş veridiyi gün yaşananlardan xəbərsiz olduğunu deyən Vika Səmədova bildirib ki, mərhum kürəkəni hər gün içki içdiyi üçün ailələrində dava-dalaş olub:

“Mən hadisədən səhər xəbər tutmuşam. Nəvələrim bizə gəldi. Dedilər ki, anaları onları oyadıb və bizə göndərib. Evlərinə də polislər gəlib”.

Günayın atası Arif Səmədov ifadə verən zaman əlindəki sənədləri məhkəməyə göstərib. Deyib ki, həmin sənədlər qızının boşanması üçün illər öncə hazırladığı sənədlərdir:

“Mahir içkili olanda həmişə evdə dava-dalaş olurdu. İçkiyə pul tapmayanda uşaqları bizə pula göndərirdi. İllər əvvəl mən boşanmalarını istəyirdim. Qızım boşanmaq üçün məhkəməyə müraciət etdi. Həmin sənədlər də budur. Amma Mahir gəldi, yalvardı, əlini Qurana basdı. Amma yenə də içdi. Kaş o zaman mən razı olmayaydım”.

Arif Səmədov söyləyib ki, nəvələri atasını itirib, amma analarını itirməməlidir.

Hakimin suallarına cavab olaraq Arif Səmədov söyləyib ki, mərhumun ailəsi ilə problemləri yoxdur, uşaqların onlarla görüşməsinə heç bir problem yaratmırlar.

Mərhumun bacısı isə deyib ki, qardaşının uşaqları ona salam vermir.

Günay bildirib ki, Mahir özü uşaqlarına tapşırırdı ki, onlara yaxın getməsinlər.

Məhkəmədə Günayın 16 yaşı tamam olmayan oğlu dindirilib.

O deyib ki, atası hər gün evə içkili gəlirdi: “Əsasız yerə söyüş söyürdü, dava salırdı. Sonuncu dəfə də evə içkili gəldi, anamı döydü. Yumruq vuran zaman qabağa keçdim. Zərbə mənə dəydi, yerə yıxıldım. Adətən yerində uzanıb meyxanaya qulaq asırdı. Yerə tüpürürdü, anamı çağırırdı ki, gəlib təmizləsin. Atam nə qazanırdısa arağa verirdi. Pulu da qurtaranda bizi göndərirdi ki, babamdan pul alaq”.

Hakim ondan hadisə günü nə gördüyünü soruşub. 16 yaşlı gənc deyib ki, səhər anası onları oyadaraq babasıgilə göndərib:

“Polislərdən soruşdum ki, nə olub? Dedilər ki, anan atanı öldürüb”.

Mərhumun bacısı Mətanət Sultanova bildirib ki, qardaşına dərman verdikləri üçün qan tüpürürmüş.

Günay isə cavab verib ki, mərhum o qədər içirdi, qışqırırdı ki, artıq boğazından qan gəlirdi.

Hakimlər Günaydan qətl törətməsinin və boşanmamasının səbəbini soruşublar.

Günay hər gün döyüldüyünü, şantaj olunduğunu deyib:

“Mən boşanmaq istəyirdim. Deyirdi ki, həyətdə əl bombası var. Aparıb atamın evinə atacaq. Biz nə vaxta qədər elə yaşayacaqdıq? Biz artıq yaşamırdıq, sürünürdük. Mənim övladlarım özünü öldürmək həddinə çatmışdılar. İntihar etmək istəyirdilər”.

Hakimlər tərəflərə məsləhət görüb ki, baş verən hadisədən sonra aralarında düşmənçilik olmamalıdır.

Mərhumun övladlarına tövsiyyə edilib ki, atasının qohumlarına qarşı düşmənçilik saxlamasınlar.

Günayın 2007-ci il təvəllüdlü oğlu da məhkəmədə ifadə verən zaman atasının hər gün anasını döydüyünü, içki içdikdən sonra evdə dava-dalaş saldığını deyib.

Qeyd edək ki, Günaya qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə…) maddəsi ilə ittiham irəli sürülüb.

Günay isə özünü qismən-Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilir.

Məhkəmədə o da məlum olub ki, tərəflər arasında evlə bağlı anlaşmazlıq da var. Günayın vəkili və ailəsi deyib ki, həmin evlə bağlı heç bir iddiaları yoxdur.

Mərhumun bacısı Mətanət Sultanova da evi istəmədiyini deyib. Amma Günayın vəkili qeyd edib ki, evin onlara verilməsi üçün istənilən zaman rəsmi sənədləri imzalayan bilərlər.

  •  (0)
  •  (0)