Xalaqızılar arasında dava, polis işə qarışdı: “Əxlaqsız olduğumu deyib”backend

Xalaqızılar arasında dava, polis işə qarışdı: “Əxlaqsız olduğumu deyib”

1989-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Nəcibə xalası qızı Leylanı işlədiyi mağazada döyüb.

Teleqraf.com-un xəbərinə görə, Nəcibə Gəncə şəhərində “Baby” uşaq geyimləri mağazasında mübahisə zamanı xalası qızı Leylanı yumruqla vuraraq ona xəsarət yetirib.

Cinayət işi üzrə ifadə verən Nəcibə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, heç yerdə işləmir, evdar qadındır, himayəsində iki azyaşlı övladı var: “Leyla mənim xalam qızıdır, əvvəllər münasibətlərimiz yaxşı olub. O, tanışlarım arasında barəmdə həqiqətə uyğun olmayan sözlər danışıb, mənim əxlaqsız olduğumu deyib. Bu hərəkətləri ilə məni, biabır edib.

Bu səbəbdən hadisə baş verən günü saat 11.10-da Leylanın satıcı işlədiyi “Baby” uşaq geyimləri satılan mağazaya getdim. Orada Leylaya iradımı bildirmək istədim ki, gələcəkdə mənim və ailə üzvlərimin barəsində həqiqətə uyğun olmayan ifadələr işlətməsin.

Leyla cavab verdi ki, yaxşı edib sənin barəndə danışmışam. Buna görə aramızda mübahisə yarandı. Əsəbləşərək yumruqla Leylanın sağ göz nahiyəsindən və başından vurdum, onu döydüm”.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş qismində ifadə verən Leyla bildirib ki, işlədiyi mağazada olarkən xalası qızı Nəcibə onun yanına gəlib: “Bildirdi ki, guya tanışları arasında onun və ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan sözlər danışmışam. Ona dedim ki, yalan danışma, barəndə heç nə söyləməmişəm. Buna baxmayaraq Nəcibə mənimlə mübahisə etdi. Sağ gözümə və başıma vuraraq, mənə xəsarət yetirdi”.

Leylanın sözlərinə görə, həmin vaxtı Nəcibənin barəsində polisə şikayət edəcəyini bildirib: “Nəcibə dərhal getdi. Mən özümə məxsus telefonla Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etdim, döyülməyim barədə məlumat verdim”.

Cinayət işinə Gəncənin Nizami rayon Məhkəməsində hakim Gündüz Şirinovun sədrliyi ilə baxılıb.

Nəcibə törətdiyi əmələ görə 1000 manat məbləğində cərimə olunub.

  •  (0)
  •  (0)