Qardaş bacısını öldürdü – Bakıdakı cinayətin təfərrüatları – VİDEObackend

Qardaş bacısını öldürdü – Bakıdakı cinayətin təfərrüatları – VİDEO

Bakının Nəsimi rayonunda xüsusi amansızlıqla qətl hadisəsi törədilib.
Hokm.az xəbər verir ki, 2020-ci il fevralın 6-da Hüseynbala Əliyev küçəsindəki 12 saylı binanın qarşısında Zəngilan şəhər sakini 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı 1967-ci il təvəllüdlü Tovus Cəfərovanın yalvarışlarına məhəl qoymadan məişət-təsərrüfat təyinatlı bıçaq ilə çoxsaylı zərbələr vuraraq onu qətlə yetirib.
Hadisədən sonra o, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gələrək qadını əxlaqsızlıq etdiyinə görə öldürdüyünü bildirib və təslim olub.
Nəsimi rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Tovus Cəfərovanın ölümünə boyun nahiyəsinin sağ ümumi yuxu arteriyasının zədələnməsindən kəskin qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Sahib Cəfərov 2020-ci ilin yanvar ayından bacısı Tovus Cəfərovanın əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. Ailə şərəfinə və namusuna xələl gətirən hərəkətlərə yol verməsini düşünərək onu qisas məqsədilə öldürmək qərarına gəlib.
Bu niyyətlə Tovusun yaşadığı ünvanı dəqiqləşdirib, məişət bıçağı ilə silahlanıb, əlverişli məqamı gözləyib. Fevralın 6-da cinayəti həyata keçirməyi qətiləşdirdiyindən bacısı ilə telefonla əlaqə saxlayıb. Yalandan yanına gəlmək istədiyini bildirib.
Saat 21 radələrində Tovus Cəfərova ilə Hüseynbala Əliyev küçəsində görüşərək birlikdə qadının kirayədə yaşadığı binanın qarşısına gəliblər.
Orada üzərindəki kəsici alətlə bacısının boğaz nahiyəsindən ilk zərbəni vurduqdan sonra zərərçəkmişin onun qolundan tutub yalvarmasına məhəl qoymayaraq çoxsaylı xəsarətlər yetirməyə davam edib. Bu hərəkəti ilə Sahib Cəfərov bacısını qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Sahib Cəfərov bildirib ki, bacısı Tovus Cəfərova 1989-cu ildə ailə qurub, lakin sonra boşandığından uşaqları ilə birlikdə yaşayıb. Tovus Ələkbər adlı şəxslə dini kəbin bağlayıb. Hadisədən bir müddət əvvəl Tovusun əxlaqsızlıqla məşğul olması barədə söz-söhbət eşidib.
Bacısı haqqında məlumat toplayıb, onun pozğun həyat tərzi keçirdiyini, əxlaqsız olduğunu adını bilmədiyi şəxslər vasitəsilə dəqiqləşdirib. 2020-ci ilin yanvar ayının ortalarından bacısını öldürməyi qərarlaşdırıb. Tovusun qızını işdən çıxanda 1-2 dəfə izləyib, onların metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yaşadıqlarını müəyyən edib.
Usta olduğu üçün təmirdə istifadə etdiyi dəftərxana bıçağını daim cibində gəzdirib. Tovusu qətlə yetirmək üçün məqam axtarıb. Əvvəl onu evdə öldürməyi fikirləşib, lakin evdə uşaqların yanında bunu edə bilməyəcəyini fikrləşib. Saat 21:20-də mağazanın qarşısında görüşüb, evə doğru gediblər. Binanın qarşısına çatanda Tovus evə qalxmağı təklif edib. O, bir az həyətdə oturub, söhbət edəndən sonra mənzilə qalxmalarını deyib.
Söhbət zamanı heç nə demədən sağ əlinə aləti alıb, Tovusun boğaz nahiyəsinə zərbə vurub. Boğazını kəsən kimi bacısı sağ qolundan yapışıb və qışqırmağa başlayıb.
İkinci dəfə yenə də həmin nahiyəni kəsəndə bıçaq sınıb, amma o, alətin qalan hissəsini cəld irəli çəkib, növbəti zərbəni endirib. Təxminən 3-4 dəfə boğazını kəsib. Yerə yıxılandan sonra qadın daha qışqırmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi olan qızı Nuranə Hüseynova ifadəsində göstərib ki, Tovus Cəfərova 17 ildir, atası Samir Hüseynovdan rəsmi qaydada boşanıb. Təxminən 15 il əvvəl Ələkbər Əbilovla dini kəbin kəsdirərək yaşayıb.
Nuranə bildirib ki, dayısının nə işlə məşğul olması, harada yaşaması barədə məlumatları olmayıb. O qeyd edib ki, anası heç vaxt əxlaqsızlıqla məşğul olmayıb, halal zəhməti ilə onu və qardaşını böyüdüb, boya-başa çatdırıb. Dayısı anasını səbəbsiz yerə qətlə yetirib.
Məhkəmə iclasında Sahib Cəfərov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə nəticəyə gəlib ki, Cəfərovun törətdiyi əməl düzgün olaraq CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Cəfərov 19 il müddətinə azadlıqdan məhrum edilib.baku.tv
  •  (2)
  •  (2)