Prezident xalqı təbrik etdibackend

Prezident xalqı təbrik etdi

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.

“Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur.

Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”, – Prezident vurğulayıb.

  •  (0)
  •  (0)