Özünüz də bilmədən narkokuryer ola bilərsiniz!backend

Özünüz də bilmədən narkokuryer ola bilərsiniz!

Dünyanı saran narkotik bəlasının Azərbaycandan da yan keçmədiyi heç kimdə şübhə doğurmur. Düzdür, hüquq-mühafizə orqanları mütəmadi olaraq insanları zəhərləyən narkotacirlərlə mübarizə aparır, onların məsuliyyətə cəlb edilməsinə nail olur.

Elə bunun nəticəsidir ki, tez-tez narotik satışı ilə məşğul olan şəbəkələrin ifşasıyla bağlı xəbərlərə rast gəlirik. Durum ciddidir, dövlət səviyyəsində mübarizə aparılır, amma vətəndaşların da ciddi maariflənməsinə ehtiyac var.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son vaxtlar bu zəhəri sosial şəbəkələrdə onlayn satanların da sayı çoxalıb. Belə şəbəkələrin ifşası zamanı məlum olur ki, dəstənin başçıları xaricdə yaşayır, onlar müştərilərə narkotiki kuryerlər vasitəsiylə çatdırırlar.

Daxili İşlər Nazirliyinin ötən ayın 21-də yaydığı xəbərdə bir məqam xüsusi diqqət çəkir. Xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar.

Kuryerlik məsələsi ilə bağlı Texnoblogger Fərid Pərdəşunas da özünün feysbuk hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

O paylaşımında bildirib ki, insanlar özləri də bilmədən narkotik vasitələrin kuryerliyini edirlər:

“Dünən Daxili İşlər Nazirliyinin sözcüsü ilə söhbətimdə də bu, təsdiqini tapdı. Üsul necə işləyir, izah edim ki, növbəti qurban siz və yaxınlarınız olmasın. Yəqin ki, son aylarda İnstaqramda “patı” satan çoxlu səhifələr qarşınıza çıxıb. Bu səhifələri işlədənlər sən demə, Azərbaycanda deyillər. Kimlikləri məlum deyil. Və onlar rahatlıqla ölkəmizdə narkodövriyyə həyata keçirirlər. Bəs yaxşı, bu, necə ola bilər axı?

Bu narkotacirlər müxtəlif sosial profillər vasitəsilə daimi sosial mediada insan ovundadırlar. Məsələn, hansısa maddi ehtiyacı olan insanları tapırlar və başlayırlar onlarla emosional bağ qurmağa. Tanış olmağa. Daha sonra həmin şəxslərə maddi ehtiyacların ödəmək üçün daimi pul göndərib, “yaxşılıq” edirlər. Məsələn, bir nəfər peyda olur, sizə hər ay 100 AZN, 500 AZN yardım edir ki, mən iş adamıyam, sizə yaxşılıq edirəm. Belə-belə insanlarla yaxınlıq qurulur. Bəzi oğlan adlarından gənc qızlarla virtual sevgili olurlar, onlara iPhone və s. qiymətli hədiyyələr alırlar. Və bu yaxşılıq onların etimadını qazanana qədər davam edir. Və hər şey də elə bundan sonra başlayır.

Narkotacir münasibətin gedişində sizdən xahiş edir ki, bəs bu ünvanda paket var, mən Azərbaycanda deyiləm, mümkünsə bunu get bu rayondan götür, taksi də demişəm və apar bunu qoy Bakıda bu ünvana. Siz isə bu virtual adamın xəcalətindən çıxmaq üçün dediyini edirsiniz və paketi götürüb lazım olan yerə çatdırırsınız. Siz paketi çatdırandan sonra bu zaman başqa belə bir qurban narkotacirin istəyi ilə həmin paket olan yerə gəlir. Ondan da istənilən sadəcə, həmin yerdə şəkil çəkdirmək olur. Beləcə, bu insanlardan biri özü də bilmədən narkotik vasitəni lazım olan yerə çatdırır. İkincisi isə koordinatı sifarişçiyə vermək üçün gəlib orada şəkil çəkdirir. Və sonda narkotik vasitəni onlayn satan adam sifarişçiyə məhsulu yerli kuryerlərdən istifadə edərək çatdırır. Polis isə sadəcə, həmin narkokuryerə gedib çata bilir və sonra məlum olur ki, bu adam heç içində nə daşıdığını bilmirmiş.

Digər tərəfdən intim videoları çəkilən şəxslər də şantaj olunub, bu işə cəlb edilə bilir. Yəni siz evinizdə oturmuşdunuz, birdən zəng gəlir, intim görüntülər, hərəkətlər… Birdən videonuz çəkilir və şantaj! Nəhayətində siz artıq narkokuryer olursunuz. Diqqətli olmaq lazımdır. Tanımadığınız adamlardan ödəniş, hədiyyə qəbul etmək, virtual ünsiyyətdə olmaq çox təhlükəlidir. Yaxınlarınızı bu barədə xəbərdar edin. Xüsusən maddi ehtiyacı olan həssas qrupları“.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də yuxarıda sadalanan kuryerlik faktlarını təsdiq edib. DİN rəsmisi İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində bu barədə danışarkən bildirib:

“Onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi halları var. Vətəndaşın xarici ölkədən ələ alınması ilə bağlı bir nümunə çəkim – hansısa ehtiyacı, qayğısı olan şəxs sosial şəbəkədə bu barədə yazır. Bu zaman kənardan bir profil yazır ki, sizi narahat görürəm, bəlkə pula ehtiyacınız var? Beləliklə ona ilkin vəsait verilir. Vəsaiti köçürüldükdən sonra həmin vətəndaş o profilin arxasında dayanan cinayətkarın əlinə düşür. Növbəti günlərdə isə ona tapşırıqlar verməyə başlayır. Deyir, gedirsiniz respublikanın filan ərazisində paket var, onu götürüb bu ünvana çatdırın. Beləliklə vətəndaş kuryerə çevrilir. Bu, narkotik vasitələrlə əlaqəli cinayətlərdə aşkarlanan faktlar sırasındadır”.

Elşad Hacıyev məsələ ilə bağlı konkret fakt da misal çəkib:

“Respublikamızın rayonlarından birində bir xanım sosial şəbəkələrdə bir şəxslə tanış olub. Azərbaycan dilində normal yazışıblar. Sonra başlayıb onun tapşırıqlarını icra etməyə. Və özü də bilmədən bir neçə dəfə həmin şəxsin verdiyi tapşırıqlar üzrə narkotik paketlərini bir ünvandan digərinə çatdırıb. Təbii ki, onda ağırlaşdırıcı cinayət tərkibi yaranmır. Biz sübuta yetirdik ki, qadın narkotik nədir heç onu belə bilmir. Ona görə də bu gün biz vətəndaşı maarifləndirməliyik”.

  •  (0)
  •  (1)