Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda öncə İlkin Süleymanovun yaşadığı evlə üzbəüz yerləşən mağazanın satıcısı Şamil Vəliyev dindirilib.
Şahid deyib ki, hadisə baş verəndən sonra onu Polis Şöbəsinə aparıblar, İlkinin ondan pampers alması barədə ifadə verməsini tələb ediblər: “Məni yanvarın 7-si axşam saat 23 radələrində evimdən apardılar, yanvarın 9-da səhər buraxdılar. Sonra da üç aya yaxın get-gələ salıb, zülm elədilər. Tələb edirdilər deyim ki, İlkin məndən pampers alıb. Dedim axı mən heç pampers satmıram. Nə qədər məcbur etdilər ki, belə de, amma demədim. Məni ayın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxladılar. Ayın 8-də gecə İlkini əllərini qandallayıb apardılar, səhər tezdən də məni buraxdılar”.
Şahidin sözlərinə görə, hadisədən sonra polis əməkdaşları mağazaya gələrək təhlükəsizlik kamerasının yaddaşını aparıblar: “Həmin vaxt Polis Şöbəsindən gəldilər, mağazadakı kameranın yaddaşını apardılar. Bir neçə saatdan sonra isə geri gətirdilər. Bilmədim ki, yaddaşını siliblər, yoxsa yox”.
Daha sonra prosesdə yanvarın 10-da təqsirləndirilən şəxsin hadisə yerinə aparılaraq dindirilməsi barədə polis əməliyyatçıları Azər Məmmədov və Turqut Rəhimli ifadə verib.
Polis əməkdaşları İlkinin onlara Nərmini öldürüb yandırdığını dediyini bildiriblər: “Hadisə yerində çəkiliş edəndə onunla birlikdə idik. İlkin dedi ki, axtarış aparılırdı deyə, Nərmini evdə basdırmadım. Ona görə yandırdım ki, dirini yandırmaq günahdır, ölünü yox”.
İlkin Süleymanov şahidlərin ifadələrinə münasibət bildirərək, həmin sözləri təzyiq altında dediyini bildirib: “Elə deməmişəm, demişəm ki, dirini yandıranda ağrıdar, ölünü yox”.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.