“Misirdəki bütün azərbaycanlılar ilk gündən həmrəylik içindədirlər” – Seymur Nəsirovbackend

“Misirdəki bütün azərbaycanlılar ilk gündən həmrəylik içindədirlər” – Seymur Nəsirov

Azərbaycan xalqının tarixən yaxşı əlaqələri olan ölkələrdən biri də Misirdir. Təxminən 100 milyon nəfərdən artıq əhalisi olan bu ölkə ikitərəfli və beynəlxalq müstəvidə hər zaman Azərbaycana dəstək verib, xalqlarımız arasında gediş-gəliş olub, necə deyərlər, yaxşı gündə də, pis gündə də bir-birimizin yanında olmuşuq. Bu gün dünyanı bürüyən koronavirus pandemiyası şəraitində də ölkələrimiz eyni bəlanı yaşamaqdadır. Nəzərə alsaq ki, orada müəyyən sayda azərbaycanlılarımız da yaşayır, bu ölkədə olub-bitənləri öyrənmək hər birimizin borcudur. Ona görə də “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovla söhbətləşib, bu dost ölkədə baş verənlər, oradakı azərbaycanlıların vəziyyəti haqda məlumat almağa çalışdıq. Oxuyaq görək müsahibimiz nələrdən söz açıb:

– Hər yerdə olduğu kimi, Misirdə də koronavirus pandemiyası yayılmaqdadır. Düzdür, misirlilər arasında bu xəstəliyə dair ikili yanaşma var, adamların bir çoxu belə bir virusun olduğuna inanmır. Amma son günlər ölkədə virusun sürətlə yayılması, gündəlik yoluxanların sayının çoxalması əhali arasında təşviş yaradır. Onu da deyim ki, Misirdə ilk koronavirus faktı fevralın 14-də, ölkəyə gəlmiş hansısa əcnəbidə aşkarlanıb. Düzdür, onun konkret hansı ölkənin vətəndaşı olmasına dair məlumat verilmədi ictimaiyyətə, amma bəzi mətbuat orqanlarında çıxan xəbərlərə görə, İtaliyada yaşayan qadın olub, Misirə keçmiş həyat yoldaşının yas məclisinə gəlib və oradakılara bu virusu yoluxdurub. Başqa mənbənin məlumatına görə isə, Misirə virusu gətirən əcnəbi Tailanddan gələn amerikalı imiş. Düzdür, Misir xəstəliyin gec yayıldığı ölkələrdəndir. Burada mart ayında başlanılıb qadağalar qoyulmağa, məktəblər, dövlət idarələri, hava yolları və sair bağlanıb. Hansı ki, iyunun birindən artıq qadağalar yumşaldılıb, bir çox iş yerləri açılıb. Buna baxmayaraq, ciddi karantin qaydaları qorunur. Dünən mən özüm vizamı təzələmək üçün getmişdim, orada şahidi oldum ki, hamının maska taxması məcburidir, dezinfeksiya işləri görülür, insanların qızdırması ölçülür və sair. Qaydaları pozan vətəndaşları 4 min funt (400 manatdan bir az artıq) məbləğində cərimə, hətta həps cəzası gözləyir.

– Hazırda 100 milyon nəfər əhalisi olan Misir virusa yoluxanların sayına görə 34-cü yerdədir, yəni 27 min nəfər. Sizcə Misirdə həqiqətən yoluxma azdır, yoxsa gündəlik keçirilən test sayı aşağıdır?

– Bu günki məlumata görə, Misirdə yoluxanların sayı 27536 nəfərdir. Onlardan 6,8 mindən çoxu sağalıb, 1052 nəfəri isə vəfat edib. Təkcə bu gün 1152 nəfər virusa yoluxub, 47 nəfər isə dünyasını dəyişib. Açığını desəm, şəxsən mən burada tanıdığım insanlardan kiminsə xəstələndiyini eşitməmişəm. Rəhbərlik etdiyim 1300-dən çox tələbə arasında da belə bir yoluxma halı olmayıb. Yenə deyirəm, əvvəllər böyük qism əhali inanmırdısa virusun varlığına, artıq fikrini dəyişənlərin sayı sürətlə artmaqdadır.

– Misirdə yoluxma sayına görə ölənlərin statistikası xeyli yüksəkdir – 913nəfər. Müqayisə üçün deyim ki, Qətərdə 57 min yoluxanlar arasında ölüm cəmi 38 nəfərdir. Necə bilirsiniz, Misirdə səhiyyə səviyyəsi aşağıdır sizcə, yoxsa başqa səbəb var?

– Misirdə səhiyyə sisteminin zəif olduğunu deməzdim. Çünki bir çox ərəb ölkələrindən, Afrikadan müalicə, əməliyyat olunmaq üçün məhz Misirə üz tutur xəstələr. Şəxsən özüm bunun şahidiyəm. Onu da deyim ki, çox insanlar bu xəstəliyi əlamətlərinə görə başqa xəstəliklərdən ayıra bilmir. O qədər insan var ki, evdə müalicə olunmaqla xəstəlikdən qurtulub. Xəstəxanaya o adamlar müraciət edir ki, artıq vəziyyətləri təhlükəli hal alır.

– Misirdəki diaspor təşkilatları olaraq oradakı azərbaycanlıların pandemiya vəziyyəti ilə bağlı maarifləndirmə işlərində iştirak edirsinizmi? Etmisinizsə hansı tədbirlər keçirilib, aztəminatlı insanların dolanışığına dəstək məqsədilə nə kimi köməklik edilib?

– Təbii ki, Misirdəki bütün azərbaycanlılar və onların milli təşkilatları ilk gündən həmrəylik içindədirlər. Hətta burada yaşayan bəzi imkanlı azərbaycanlılar özləri deyirlər ki, ehtiyac olarsa yardım etməyə hazırdırlar. Bizim burdakı diaspor üzvlərinin ümumi votcap qrupu var ki, ölkədə nə baş verirsə, xəbərini orada yayırıq, hətta ərəbcə bilməyənlər üçün tərcüməsini də edirik. İnsanlara nə yardım lazımdırsa edirik. Buradakı azərbaycanlıların əksəriyyəti tələbələrdir, hətta bayramı da, kiçik heyətlə birbaşa evlərinə gedərək onlarla bir yerdə keçirdik. Hansı ki, bayram şənlikləri həmişə diaspor təşkilatının ofisində olardı. Bayaq dediyim kimi, buradakı azərbaycanlıların əksəriyyəti tələbələrdir, misirli ilə ailə quranlar da var. Bir neçə iş adamı da tanıyıram. Konkret desəm, o qədər çox deyilik – ümumilikdə 50 nəfər olarıq. Bəli, o da ola bilər ki, başqaları da var, amma mən tanımıram. Şükür Allaha ki, indiyədək soydaşlarımız arasında yoluxma halı olmayıb və ümid edək ki, bundan sonra da olmayacaq.

– Misirdəki diasporumuz olaraq səfirliklə əməkdaşlıq edirsinizmi bu məsələlərdə?

– Səfirliklə əməkdaşlığımız çox yüksək səviyyədədir. Hətta bayaq qeyd etdiyim diasporun votcap qrupunda onlar da var. Şəxsən səfir Tural Rzayevlə yaxşı əlaqəmiz mövcuddur. Sağ olsunlar, səfirliyin bütün əməkdaşları hər zaman bizimlə təmasdadırlar, nəsə bir xəbər olsa tez bizimlə paylaşırlar. Belə deyək: əl-ələ verərək, Misirdə vətənimizi layiqincə təmsil edirik.

– Məlumdur ki, dövlətimiz bir sıra ölkələrdə yaşayan soydaşlarımızın vətənə gətirilməsi üçün çarter reyslər təşkil elədi və bu iş bildiyim qəədr indi də davam edir. Pandemiya aylarında Misirdəki azərbaycanlılardan vətənə qayıdanlar oldumu, oldusa necə qayıtdılar? 

– Bilirik ki, dövlətimiz xaricdə yaşayan soydaşlarımızın Azərbaycana aparılması üçün böyük işlər görür. Düzdür, Misirə indiyədək bu məqsədlə çarter reys təşkil edilməyib, bunun da səbəbi o ola bilər ki, sayımız azdır. Elə ölkələr var ki, orada çox sayda azərbaycanlı vətənə qayıdacağı günü gözləyir, dövlətimiz də imkanları daxilində məhz həmin ölkələrə reyslər təşkil edir. Söz yox ki, buradakı tələbələr də hələ mart ayında vətənə qayıtmaq üçün müraciət ediblər, hər halda gözləyirik. Elə bu gün konsulla danışdım, cavab verdi ki, Bakıya rəsmi məlumat verilib və cavab gözləyirlər, bir xəbər olan kimi deyəcəklər. Pandemiya dövründə Azərbaycana bir-iki nəfər qayıdıb, amma indi yox, mart ayında – hava yolu bağlanmamışdan əvvəl. Qalan azərbaycanlılar hələ də burdayıq.

– Son olaraq deyin lütfən: Misir azərbaycanlıları olaraq Azərbaycan dövlətindən hər hansı gözləntiniz varmı?

– Mən bir azərbaycanlı olaraq 25 ildir Misirdə yaşayıram. Misir çox böyük ölkədir, tarixi də qədimdir. Bu gün Misir ordusuna görə dünyada doqquzuncu güclü dövlətdir. Belə böyük ölkə olan Misirdə azərbaycanı çox sevirlər və biz də arzu edirik ki, əlaqələrimiz daha da geniş olsun. Ölkələrimiz arasında qarşılıqlı səfərlərin sayının çoxalmasını, Misirdə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılmasını, müştərək universitetlərimizin olmasını istərdik. Düzdür, şəxsi səylərim sayəsində Misir-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb, sədri də mən seçildim, amma bu azdır, əlaqələrin daha da genişlənməsi vacibdir. Nəzərə alaq ki, bu gün Misirdə 115 ölkədən tələbələr təhsil alır və həmin tələbələr vasitəsilə Azərbaycanı dünyaya daha çox tanıda bilərik.hafta.az

  •  (1)
  •  (0)