“Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan həqiqətlərini dünyaya tanıtmalıyıq”backend

“Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan həqiqətlərini dünyaya tanıtmalıyıq”

Rəşid Məmmədov: “Dövlətimizin imicinin yüksəlməsi milli birliyimizdən çox asılıdır”

Hər bir dövlətin imicinin formalaşması, maraq və mənafeylərinin daha etibarlı şəkildə qorunması, malik olduğu dəyərlərin dünyada tanıdılması baxımından xaricdəki diaspor təşkilatlarının, cəmiyyət və təşkilatların mühüm rol oynadığı şübhəsizdir. Bu baxımdan Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və onun nəzdində fəaliyyət  göstərən Azərbaycan Evinin fəaliyyəti də xüsusi əhəmiyyətə malikdir.

Moderator.az olaraq “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla söhbətimizdə cəmiyyətin ötən ildəki fəaliyyəti ilə yanaşı, 2021-ci illə bağlı fəaliyyət planınını da müzakirə etməyə çalışdıq.

-Rəşid müəllim, 2020-ci il başa çatdı. Bilmək istərdik ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ötən ildəki fəaliyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycan diaspor təşkilatları arasında uğurla fəalliyyət göstərən təşkilatlardan biri “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və onun nəzdində fəaliyyət  göstərən Azərbaycan Evidir. Məlumat üçün qeyd edim ki, Cəmiyyət davamlı olaraq erməni təcavüzünü Yunanıstan cəmiyyətinə çatdırmaq istiqamətində addımlar atıb. Hələ bir neçə il əvvəl ermənilər tərəfindən Ermənistan Respublikasından soydaşlarımızın çıxarılması və etnik təmizləmə aparması, erməni ordusunun Xocalı qətliamını törətməsi, xalqımızın başına gəlmiş 20 Yanvar hadisələri və eləcə də digər erməni təxribatları, Gəncə, Bərdə və s. digər şəhərlərimizin Ermənistan ordusu tərəfindən raket hücumlarına məruz qalması nəticəsində dinc soydaşlarımızın şəhid olmalarını mütəmadə olaraq mətbuatda işıqlandırır, maarifləndirici poster və broşurlar hazırlayaraq, küçə, mağaza və ictimai yerlərdə yerli əhali arasında pulsuz təşviqat aparır və “QALA” Cəmiyyətin ofisində yunan cəmiyyəti və burada yaşayan xalqları, QHT nümayəndələrini tədbir və toplantılarımıza dəvət edir, Yunanıstanın yüksək çinli hökümət nümayəndələri və media nümayəndələri ilə görüşlər təşkil edərək Azərbaycan həqiqətlərini onların diqqətlərinə çatdırmışdır.

Bildiyimiz kimi, 2020-ci ilin əvvəlindən dünyanı qəflətən bürüyən koronavirus pandemiyası ilə əlaqədar olaraq, çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün “QALA’’ Cəmiyyəti çox  böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi.

Azərbaycan-Yunanıstan əməkdaşlığı çox  geniş xarakter daşıyır. Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb. Azərbaycan-Yunanıstan əlaqələrinin mühüm hissəsi enerji təhlükəsizliyi ilə əlaqədardır. Bu baxımdan Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır.

-Rəhbəri olduğunuz cəmiyyətin fəaliyyətini Azərbaycan və yunan xalqları arasında dostluq əlaqələrinin inkişafı baxımından nə dərəcədə əhəmiyyətli hesab edirsiz?

-Biz, Yunanıstanda fəaliyyət göstərən Azərbaycan icması olaraq, dünyada və ölkəmizdə baş verən hadisələri diqqətlə izləyirik. Təşkilat olaraq, ilk gündən iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafını, güclənməsini dəstəkləyirik. Onu da vurğulayım ki, iki dövlət arasında əlaqələr nə qədər inkişaf edərsə, bunun faydası Azərbaycan icması üçün daha çox olar. Bildiyimiz kimi, bu gün ortada problemlər var. Bu problemlərin olmasını cənab prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən vurğulamışdı. Amma onu da qeyd edim ki, əlaqələrin inkişafı hər iki ölkə üçün vacibdir. İnanıram ki, ölkə rəhbərləri səviyyəsində münasibətlər yoluna qoyulacaq. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti adından da  göründüyü kimi iki xalq, iki dövlət arasında dostluq, əməkdaşlıq platformasıdır. Nəzərə alın ki, Cəmiyyət ictimai təşkilatdır və siyasi məqamlarla bağlı öz neytrallığını qoruyur. Cəmiyətimiz Saloniki şəhərinin icra hakimiyyəti, bələdiyyəsi və digər qurumlarla çox  yaxın tərəfdaşlıq çərçivəsində sosial layihələr həyata keçirib və bu əməkdaşlıq müvəffəqiyyətlə davam edir. Siyasi məsələlər isə Yunanıstanda mövcud hakimiyyətlərinin mövqelərindən asılı olaraq dəyişən prioritetləridir. Onu da bildirim ki, Azərbaycan xalqının yunan xalqı ilə çox oxşar xüsusiyyətləri var. Hər iki xalq qonaqpərvərdir, qədim mədəniyyətə, musiqiyə və mətbəxə sahibdir. İqlimlərimiz də oxşardır. Bir daha qeyd edirəm ki, müvəqqəti siyasi soyuqluğun olması münasibətlərimizin pis olması anlamına gəlmir. Bundan sonra daha ciddi addımların atılmasına böyük ehtiyac var. Yerli mətbuatla mütəmadi işləmək, yüksək çinli məmurlarla görüşlər təşkil etmək, yerli QHT-lərlə əlaqələri genişləndirmək və Azərbaycan həqiqətlərini və tolerant xalq olduğunu yunan cəmiyyətinə davamlı təbliğ etmək istiqamətində fəaliyyət davam etməlidir. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında münasibətlər daha produktiv olacaq.

-2021-ci illə bağlı plan və gözləntiləriniz nədən ibarətdir? Bu il hansı tədbir və layihələrin həyata keçirilməsi planlaşdırılır?

-Hər il olduğu kimi 2021-ci ildə də tədbir və layihələrimiz çoxdur. Məqsədimiz Azərbaycan millətini, onun adət-ənənəsini, tarixini, mədəniyyətini Yunanıstanda tanıtdırmaq, eyni zamanda onun bütün milli siyasi mənafeyini müdafiə etməkdən ibarətdir. Onu da qeyd edim ki, biz ”QALA” Cəmiyyəti olaraq yaşadığımız ölkədə imkanlarımız daxilində diaspor fəaliyyəti ilə daha geniş və intensiv şəkildə məşğuluq. Ancaq etiraf etmək lazımdır ki, bütün fəaliyyətlərimizə baxmayaraq çox  zəifik və dəstəyə ehtiyacımız var. Hamımızın bildiyimiz kimi  ermənilər əsrlərdir ki, Yunanıstanda məskunlaşmışlar və özlərinin yalan iddiaları və məzlum xalq olduqları ilə Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət  göstərirlər. Onu deyə bilərəm ki, buradakı erməni təşkilatına böyük maliyyə dəstəyi və yardımı var. Ona görə də Yunanıstanda ermənilər  maddiyyat baxımından çox  güclüdürlər və başqa dövlətlərdə olduğu kimi burada da o imkanlar hesabına parlament deputatlarını və yüksək çinli məmurları özlərinə dost edə bilirlər. Biz, diaspor sədrləri və soydaşlarımız düşünməliyik ki, bundən sonra üzərimizə çox ciddi məsuliyyət düşür. Harada yaşamamızdan asılı olmayaraq, hər birimiz Azərbaycan həqiqətlərini dünyaya tanıtmalı və çatdırmalıyıq. Azərbaycanın müsbət imicinin möhkəmlənməsinin qorunub saxlanması da, məhz bundan sonrakı milli birliyimizdən çox asılıdır.

  •  (1)
  •  (0)