Gizli sevgi, 10 minlərlə pul, İstanbula qaçış – BAKIDAKI MÜƏMMALI QƏTLİN TƏFƏRRÜATIbackend

Gizli sevgi, 10 minlərlə pul, İstanbula qaçış – BAKIDAKI MÜƏMMALI QƏTLİN TƏFƏRRÜATI

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonunu ərazisindəki evdə sələmçi qadını qətlə yetirib mənzildən külli miqdarda pul aparan qrup üzvləri barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, məhkəmədə 1970-ci il təvəllüdlü Kərimova Maya Arif qızının qətli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Belə ki, ali təhsilli və evli olan 1987-ci il təvəllüdlü Fərid Axundov əvvəllər sevgi münasibətinin olduğu qadını qətlə yetirərək onun evindəki pul və qızılları ələ keçirmək məqsədilə əvvəlcədən plan qurub. Bu məqsədlə o, Lənkəran rayonundan olan həmyerliləri 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadəni də bu işə cəlb edib və əvvəlcədən hazırladığı plan üzrə 2019-cu ilin sentyabrın 23-də qadının tək yaşadığı Yasamal rayonun Yeni Yasamal-1 yaşayış massivi, bina 2, mənzil 11 ünvanındakı evinə gəlib.

Tanışlıq, sevgi və “sponsorluq”

İstintaqda məlum olub ki, F.Axundov qadını universitetdə oxuduğu vaxtdan tanıyıb və onunla aralarında sevgi münasibətləri olub. Maya onu daima pulla təmin edib, onun əksər xərclərini qarşılayıb. Maya Kərimova faizə pul verməklə məşğul olurmuş. Fərid 2016-cı il tarixdə evləndikdən sonra Maya ilə münasibətlərini kəsdiyini, 2019-cu ilin avqust ayından etibarən lizinqə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olduğunu deyib. Lakin 2019-cu ilin sentyabrında isə onların münasibətləri bərpa olub və görüşmək qərarına gəliblər. Qadın onu evinə çağırıb. Bundan sonra gündəlik avtomobil kredit borcu olan və uzun müddətdir narkotik vasitə aludəçiliyi olan Fərid qadını öldürərək evindəki pul və qızılları götürmək qərarına gəlib.

O, cinayət planına cəlb etdiyi Heydər və Rəsulu da götürərək Yeni Yasamaldakı binanın qarşısına gəlib. Maya Kərimova ona çörək və kompot almasını bildirib. Fərid isə əlavə olaraq yuxu dərmanı da alaraq qadını yatızdırmaq fikrinə düşüb. Evdə olarkən Fərid aldığı feyxoa kampotuna yuxu dərmanı atıb. Lakin kompotun rəngi dəyişdiyindən qadın onu içməyib. Həmin vaxt evə gələn və sələmə götürdüyü pulun bir hissəsini gətirən şəxs həmin şirədən içib və daha sonra evi tərk edib.

Cinayət planının əsas hissəsi

Sələmçiliklə məşğul olan sevgilisinin daim çoxlu pulunun olduğunu bilən Fərid qadının yuxulamadığını görərək bir qədər gözləyib və gecə saat 01 radələrində yataq otağında onunla cinsi əlaqədə olduqdan sonra onun yuxuya getməsini izləyib. Qadının yatdığına əmin olduqdan sonra o, evdə bir qədər gəzib və mətbəxdən bıçaq götürərək geri qayıdıb. Fərid Mayanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməyə başlayıb. Bu zaman qadın yuxudan ayılıb və “dayan söhbət edək” deyə yalvarmağa başlayıb. Artıq evə daxil olan Rəsul da Fəridə onu öldürməyə kömək edib və F.Axundov son olaraq “Məni bağışla” deyərək daha öldürücü zərbələr endirərək qadının keçindiyinə əmin olub. Onlar daha sonra adyal və balışla vəfat etmiş qadının üstünü örtüblər.

Mənzildə tapılan pul və qiymətli əşyalar

Fərid və Rəsul daha sonra mənzildə axtarış apararaq 10.000 AVRO, 6000 ABŞ dolları və ümumilikdə 10,219 manat (on min iki yüz on doqquz) dəyərində qızıl-zinət əşyalarını, 665 manat dəyərində “Honor 5x” və 350 manat dəyərində “Hoffmann X-PLAY” markalı mobil telefonu götürərək evdən çıxıblar. Evdən çıxarkən Fərid Rəsula mənzildəki hər şeyi dağıtmağı tapşırıb və bu yolla izləri itiəcəyini düşünüb. Qapını bağlayıb binanın pilləkənində olarkən isə Fərid özü geri qayıdaraq mənzildə qazı açıq qoyub və ani partlayış olmasına ümid edib. O, bütün bunları narkotik vasitənin təsiri altında etdiyini və həmin vaxt etdiyi əməllərin mahiyyətini tam anlamadığını bildirib.

Daha sonra onlar maşında gözləyən Heydərlə birgə ərazidən uzaqlaşıblar və ona 100 dollar verərək yola salıblar.

F.Axundov ifadəsində bildirib ki, Rəsulu yalnız evdə pul və qızılları axtararkən çağırıb. Kompota dərmanı isə binaya daxil olarkən töküb və dostlarının bundan xəbəri olmayıb.

Borcların ödənilməsi və qaçış

Hadisədən sonra Fərid Rəsulla öz yaşadığı evə gələrək paltarlarını dəyişib və cinayətdə istifadə etdiyi bıçaqla paltarlarını torbaya qoyaraq çıxıb. O, özü ilə xarici pasportunu da götürüb. Rəsulla birlikdə ilkin olaraq evlərinə yaxın olan bulvarın yeni salınmış yerinə, dənizin qırağına gediblər və bıçağı dənizə atıb. Hadisə vaxtı əynində olan və sonradan dəyişdiyi paltarlarını da orada olan zibil qutularından birinə atıb. Rəsulun da hadisə vaxtı əynində olan və maşında dəyişdiyi paltarını da zibil qutularından birinə atıb. Bundan sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına gediblər və orada Moskvaya ən tez uçan təyyarəyə 400 manata bilet alaraq şəhərə qayıdıblar. Gecəni Fəridgilin evində keçirdikdən sonra səhər saatlarında onlar “Topaz” məntəqəsinə gedərək Fəridin 3100 manat pul borcunu 2500 ABŞ dollar dəyərində ödəyiblər və pulun qalığını almayıblar. Evə gəlib paltarlarını yığan Fərid həyat yoldaşına Moskvaya getdiyini deyib, lakin getmə səbəbini bildirməyib. O, daha sonra həyətdən tanıdğı taksi sürücüsü ilə Gənclik metrostansiyası ərazisindəki lombarda gələrək oraya olan 1800 manat borcu ödəyib və həyat yoldaşının qızıllarının geri qaytarılmasını istəyib. Lakin lombard 1 gün sonra qızılları qaytaracağını bildirib. Fərid isə tanış taksinin qızılları götürəcəyini bildirib.

5 günlük dünya gəzintisi və geri dönüş

Həmin ərazidən aeroporta yola düşən Fərid təyyarə ilə Moskvaya uçub. Burada 2 gecə qaldıqdan sonra İstanbula gedib və İstanbulda olarkən Azərbaycanda axtarıldığını öyrənib. Mayanın evindən götürdüyü 4 min dolları Moskva və İstanbulda xərcləyən və narkotik vasitə tapa bilməyərək tam ayılan Fərid Azərbaycana qayıdaraq təslim olmaq qərarına gəlib. O, İstanbuldan təyyarə ilə Bakıya qayıdıb və aeroportdaca həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən qadın heç vaxt ailə həyatı qurmayıb və övladı olmayıb. Yaxınları onun uzun müddət Orxan adlı şəxslə qeyri-rəsmi yaşadığını bilib. Fəridlə münasibəti barəsində yalnız bacısı İlahənin xəbəri olub.

İstintaq orqanı tərəfindən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

  •  (0)
  •  (0)