Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsinə cinayət işi başlanılıb.
Bu barədə Hokm.az-a Quba Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.