Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı” və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onların Şirvan şəhər sakinləri Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə – heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 54 yaşlı Mübariz Aslanov da saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı isə “patı” adlanan narkotik maddə (metamfetamin) aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.