Azərbaycanda 17 yaşlı oğul atasını öldürdü – RƏSMİbackend

Azərbaycanda 17 yaşlı oğul atasını öldürdü – RƏSMİ

Abşeron rayonunda oğul atasını qətlə yetirib.

Bu barədə Hokm.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981–ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə 29 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.

Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  •  (0)
  •  (0)