Zelenski Rusiyaya deputatı ukraynalı əsirlərlə dəyişməyi TƏKLİF ETDİbackend

Zelenski Rusiyaya deputatı ukraynalı əsirlərlə dəyişməyi TƏKLİF ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski həbsdə olan deputat, Rusiya Federasiyasının başçısı Vladimir Putinin qızının xaç atası Viktor Medvedçukla bağlı Rusiya Federasiyasına təklif irəli sürüb.

Hokm.az Redaktor.az-a istinadla xəbər verir ki, Ukrayna lideri yeni videomüraciətində Rusiyaya əsir götürülmüş ukraynalıları saxlanılan siyasətçi ilə dəyişməyi təklif edib.

“Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu oğlanı rus əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək. Ona görə də bizim hüquq-mühafizə orqanlarının və hərbçilərin də bu ehtimalı nəzərə alması vacibdir”, – Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Medvedçuk 40 gündən artıqdır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də qeyd olunur) saxlanılması çox simvolikdir.

“48 gün gizləndi. Və nəhayət, dövlətimizdən kənara qaçmaq qərarına gəldi. Yaxşı, bu “kosmonavt” üçün – sözün pis mənasında – məşhur “Gedək!” ifadəsi işə yaramadı. Hesab edirəm ki, onun hərbi kamuflyajdan istifadə etməsi xüsusilə həyasızlıqdır. Belə maskalanıb. Bax belə “döyüşçü”. Bax belə “vətənpərvər”…”, prezident əlavə edib.

Xatırladaq ki, aprelin 12-də axşam Vladimir Zelenski Telegram-da SBU-nun keçirdiyi xüsusi əməliyyat nəticəsində Viktor Medvedçukun saxlandığını bildirmişdi. Prezident deputatın əli qandallı fotosunu dərc edib və daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir.

2021-ci il mayın 12-də deputata qarşı işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlət sirrinin açıqlanması və s. Ukraynaya qarşı təxribat fəaliyyəti həyata keçirməsi ilə bağlı cinayət işi başlanıb.

Həmin ilin oktyabrında Medvedçuk “kömür işi” adlanan işdə (Cinayət Məcəlləsinin 111-ci maddəsi və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şəriklikdə yeni şübhəli elan edilib. Dövlət İstintaq Bürosu bir qrup Ukrayna vətəndaşının müvəqqəti işğal olunmuş ərazilərdən kömür tədarükü və “LPR” və “DXR” terror təşkilatlarına yardım göstərilməsi üzrə cinayət sxemini araşdırır. Hüquq-mühafizə orqanları Medvedçukun “kömür işi” üzrə fəaliyyətini hələ 2016-cı ildə sənədləşdirməyə başlayıb.

27 fevral 2022-ci ildə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Medvedçukun ev dustaqlığından qaçdığını elan edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Medvedçukun kiçik qızı Daryanın xaç atasıdır.

  •  (0)
  •  (0)