Zelenski Rusiyaya: “Denasifikasiya sualına güzgüyə baxıb cavab verə bilərsiniz”backend

Zelenski Rusiyaya: “Denasifikasiya sualına güzgüyə baxıb cavab verə bilərsiniz”

“Biz onlara dedik ki, “denasifikasiya” və “demilitarizasiya” ifadələrini unutsunlar. Bu barədə heç danışmayacağıq. “Denasifikasiya” sadəcə olaraq təhqiramiz səslənir. Bu ifadəni sizin (Rusiya – “Report”) tərəfinizdə işlədə bilərik. Buçadakı vəziyyətin göstərdiyi kimi, biz haqlı idik”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

O, Rusiya tərəfinə özlərinə güzgüdə baxaraq “denasifikasiya” sualını verməyi tövsiyə edib.

“O ki qaldı “demilitarizasiya”ya, bundan söhbət belə gedə bilməz. Ordu təhlükəsizlik məsələsidir”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və digər yüksəksəviyyəli rəsmi şəxslər Moskvanın Ukraynadakı hərbi əməliyyatlarda məqsədlərdən birinin “demilitarizasiya” (silahsızlaşdırma) və “denasifikasiya” (nasizm ünsürlərindən arındırma) olduğunu bildiriblər. Sözügedən ifadələr daha çox İkinci Dünya müharibəsində məğlub olmuş Hitler Almaniyası və onun müttəfiqlərinə qarşı istifadə olunan terminlər olub. Rusiyada yürüdülən informasiya siyasətinə əsasən, Ukraynanı idarə edənlər hərbiləşmiş neonasist qüvvələrdir. Bununla belə, Rusiyanın sözügedən məsələlərlə bağlı çağırışları dünyanın heç bir ölkəsində ciddi qəbul olunmayıb.

  •  (0)
  •  (0)