Zəfər Günü – Öz taleyini dəyişən Xalq!backend

Zəfər Günü – Öz taleyini dəyişən Xalq!

Hər bir insan kimi xalqların da taleyi olur, ağlı, qaralı… Talesiz insanlar kimi talesiz xalqlar da insanlığın ən alt şkalasına salınır, ruhunu şikəst edirlər, qamətini qırırlar, təqvimində qırmızı rəqəmlərlə əyninə faciəvi don biçilir, soyqırım, işğal…

P.Draker talesiz xalqları kimsəsizlər evində əlindən oyuncağı alınmış günahsız uşaqlara bənzədirdi.

Heç kəs öz taleyindən xilas ola bilmir. Amma… Öz ağrılı taleyini buxov zəncirləri kimi dişləri arasında qırıb atan, özünə yeni tale yazmağı bacaran Azərbaycan bütün stereotipləri qırdı, milli qürur və ləyaqət hissini bərpa elədi. Öz – milli qələbəmiz oldu!

Daha nağıllar da yoxdur, məsələn, bir neçə il əvvəl 9-cu sinif tarix kitablarında yazılırdı: “Hələ ermənilər bilmir ki, biz Koroğlunun nəvələriyik…”. Bizim “sovet qoxuyan” alimlərimizə başa sala bilmədik ki, ermənilər bunu bilsə, nə olacaq ki!? Bəli, belə bir düşük, yersiz ifadələrdən də xilas olduq, daha dastan qəhrəmanlarından yox, həqiqi qəhrəmanlardan danışmalı olacağıq. Ən azı, iki yüz illik taleyimizi dəyişdik, öz sərhədlərimizə, şəxsi xəritəmizə, milli mövcudluğumuza qayıdırıq….

Koroğlunun 7777 dəlisi var imiş, hərəsi də bir oturuma bir qoyun yeyərmiş… Amma ortada heç nə yoxdur, daha çox yemək yeməyin qəhrəmanlıq sayılmasından başqa… Dastanlarla böyüməli idik, lakin bu dastanlardan xilas olmaq da lazım idi.

Başqa şeylər oldu, məsələn, Qarabağ qanla qidalanan, şəhid olmuş döyüş yoldaşını çiyinlərində daşıyan, Şuşa qalasına dırnaqları ilə qalxıb düşməni dişləri ilə parçalayan qəhrəmanların hesabına alındı və taleyimiz dəyişdi. Tarixin ən dib qatında Səhl İbn Sumbatın, bizə görünən ən üst qatında “əliheydər qarayevlərin”, lap ağzımızın içində olan ötən əsrin 90-ci illərinin əvvəllərindəki xəyanətlərin də kölgəsindən xilas olduq. Amma unutmayacağıq!

Arxayın da olmamalıyıq! 8 noyabr – bütün dünya azərbaycanlıları Zəfər Gününü qeyd edir. Bundan sonra – böyük bir Zəfərin ardınca heç vaxt zəif, iradəsiz olmağa haqqımız da yoxdur. Sərhədlərimiz, böyür-başımız, ayaqlarımızın altı, yollarımız hələ də tikanlarla, düşmənlərlə doludur.

Ordumuzu daha da güclü etməliyik, yeri gəlsə, biz evimizdə ac qalmalıyıq, amma sərhədlərimizə əsgərlərimizdən canlı çəpər, divar hörülməlidir.

Bu dəqiqə ordumuzu sarsıtmaq, əzmimizi qırmaq, qələbə ruhumuzu aşağı salmaq üçün səfərbər olunan qüvvələr var. Onlar dünən də olublar, ordumuza qarşı inamı məhv etmək, xalqla ordu arasında dərin bir çat yaratmaq bu qüvvələrin əsas vəzifəsidir.

Məsələn, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusuna qarşı məkrli ssnenari işə salındı. Bu gün “Tərtər işi” adlandırılan plandan söhbət gedir. “Tərtər işi” artıq AŞPA-dadır, 24 əcnəbi deputat da bu məsələ ilə bağlı çağırışlar edib. Bəzən düşünürük ki, görəsən 44 günlük müharibə olmasaydı, bu gün xalqla ordu arasında nə cür bir inamsızlıq yarana bilərdi? Deməli, 44 günlük müharibə nəticəsində təkcə torpaqları işğaldan azad etmədik, ordumuza qarşı hesablanmış çox ciddi planaların da reaktiv qurğularını darmadağın etdik. “Tərtər işi”ni ortaya atmaqla ordumuzun ruhunu sındırmaq, millətin orduya olan sevgisini sona çatdırmaq istəyirlər. Ki, sabah Vətən təhlükə qarşısında qalsa, heç kəs əsgər olmaq istəməsin, heç bir kəs hərbi mundir geyinməsin.

Amma biz nə etməliyik? Hərbi arsenalımız daha da güclənməlidir, Ermənistanla sərhədlərimizdə ərazilərimizə azacıq əyri baxış əsl şok effekti verməlidir, hərbi texnikalarımızı, silah-sursatlarımızın sayını və müasirliyini daha da artırmalıyıq. Hərbi qulluqçularımızın ştat cədvəli artırılmalıdır. Elə etməiyik ki, bu ölkədə hər kəs hərbçi olmaq istəsin. Bu ölkəni müğənni olmaq istəyənlərin ölkəsindən hərbçilərin Vətəninə çevirməliyik.

Azərbaycan elə bir çoğrafiyada yerləşir ki, həmişə ayıq-sayıq olmalıyıq. Əgər qonşularımızın da kimliyini düşünsək, deməli, daim döyüşə hazırlıqlı olmağa hazır olmalıyıq.

Son günlər qazilərimizdən istifadə etmək istəyən qüvvələr daha da aktivləşiblər. Azərbaycan müharibədə 3 minə yaxın şəhid verdi və minlərlə qazimiz var. Qalib ölkə olsaq da, müharibənin nəticələrini aradan qaldırmaq bizim üçün də əsas prioritetdir.

Ona görə də Prezident İlham Əliyev şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində mühüm atır və atmaqdadır. Biz elə etməliyik ki, bu qəbildən olan insanların problemləri dərhal həllini tapsın, aidyyyatı dövlət qurumları gec-gündüz bilmədən şəhid ailələri və qazilərin problemləri ilə məşğul olsun. İmkan verməməliyik ki hansısa qüvvələr bu kontingentdən istifadə edərək Azərbaycan dövlətinə, Prezdentə qarşı inamsızlıq yaratsın.

Son günlər görürük ki, hansısa şəhid ailəsinin, yaxud qazinin adi bir problemini “qloballaşdıran”, az qala bunu faciə kimi təqdim edən və bundan dövlətə qarşı sui istifadə edən qüvvələr peyda olmaqdadır.

Xüsusilə də sosial şəbəkələrdə antimilli şəxslərin, yaxud kimliyi bilinməyən səhifələrin hesablarında ən xırda məsələlər şişirdilmiş halda təqdim olunur, ölkənin bütün resurslarını şübhə altına alırlar və dövlətin sütunlarını hədəfə gətirirlər.

Bu qələbə bizim hüceyrələrimizə qədər işlədi, qan yaddaşımızı təzələdi, genefondumuza qüvvət gətirdi və döyüş ruhumuzu artırdı. Əgər bundan sonra on dəfə də müharibə olsa, xalqımızı yenə də gözünü qırpadan müsəlləh əsgərə çevriləcək. Bunu isbatlamağa ehtiyac yoxdur. O zaman öhdəmizə düşən odur ki, biz də bu fondu qoruyaq, sağlam yaşadaq.

Növbəti və daha böyük qələbələrimiz hələ qarşıdadır… Tarix, zaman bizim xeyrimizə işləyir. Biz öz məğlub taleyimizi dəyişdik. Öz taleyini dəyişən xalqa daha heç bir zaval yoxdur.

Dövlətimizin çətiri altında Prezidentimizin ətrafında daha sıx birləşməliyik! Başqa yolumuz yoxdur.

Biz həm də ona görə sevinməliyik ki, Ali Baş Komandanımız İlham Əliyev qətiyyətli, iradəli və prinsipaldır. Məncə, bunun da şərhə ehtiyacı yoxdur. Sabah heç bir qüvvə nə Onun, nə bizim iradəmizi zəiflədə bilməyəcək. Ölkələr yalnız və yalnız zəif liderlərə görə məğlub olur. Bizi isə daha böyük qələbələr gözləyir.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Xalqımızı isə bu böyük Zəfər Günü münasibətilə təbrik edirik.

Samir Feyruzov

  •  (0)
  •  (0)