Zamir İsayev: “Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin faciəsidir”backend

Zamir İsayev: “Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin faciəsidir”

“Purim – Yəhudi xalqının ən vacib günlərindən biridir. Bu, yəhudilərin 2500 il əvvəl ölümcül təhlükədən möcüzəvi şəkildə xilas edildiyi tarixdir. Bu il Purim, Xocalıda Azərbaycanlıların Soyqırımı Qurbanlarının Anım Gününə təsadüf etdi”.

Bu barədə 46 saylı Bakı Yəhudi məktəbinin direktoru, “Vaad le-atzala” Yəhudi Təşkilatının Azərbaycan filialının rəhbərinin müavini, ravvin Zamir İsayev STMEGİ portalına müsahibəsində bildirib.

“Təəssüf ki, Xocalı faciəsinin günahsız qurbanları 1992-ci il fevralın 26-da erməni cəlladlarının əlindən xilas ola bilmədi”, – deyən ravvin 613 günahsız uşağın, qadının, qocanın, silahsız insanların vəhşicəsinə öldürülməsinin heç bir hərbi məqsəd daşımadığını bildirdi.

“Bu əvvəldən düşünülmüş plan idi. Xocalı sakinlərini öldürmək üçün bu planın həyata keçirilməsi, ilk növbədə, ermənilərin etnik zəmində azərbaycanlılara olan nifrətinin diktəsi idi.

İkincisi, məqsəd silahsız azərbaycanlıları, işğala məruz qalan ərazilərin mülki əhalisini qorxutmaq və bununla da onları torpaqlarını tərk etməyə məcbur etmək idi. Beləliklə erməni quldur birləşmələri daha böyük əraziləri ələ keçirməyi özləri üçün asanlaşdırdı”.

Z.İsayev onların Qafqaz xalqlarına qarşı etnik təmizləmə siyasətini həyata keçirilməklə dünya ermənilərinin qədim arzusunu – gələcəkdə “dənizdən dənizə böyük Ermənistan” yaratmaq xəyalını yerinə yetirmək istədiklərini dedi:

“Ancaq zaman göstərdi ki, bu, erməni siyasətçilərinin sadəcə bir xülyası, bir fantaziyadır”.

Ravvin vurğuladı ki, Azərbaycan yəhudiləri də ölkədə yaşayan milli azlığın bütün nümayəndələri kimi ölkənin vətəndaşlarıdır.

“Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir. Ona görə bu il də Azərbaycan xalqı ilə həmrəyik, Azərbaycanda heç bir əyləncə tədbirləri keçirilməyəcək. Hər Yəhudi sadəcə Purimin tələb olunan 4 ehkamını yerinə yetirəcək, başqa heç nə.

Bundan əlavə, Qarabağda 44 günlük müharibə zamanı torpaqların erməni işğalından azad edilməsi zamanı bir çox hərbçi şəhid oldu. Bu bizim də dərdimizdir və bunu da nəzərə alırıq. Bu iki fakta görə Purimlə əlaqəli bayram tədbiri olmayacaq”, – dedi Z.İsaev sözlərini yekunlaşdırdı.

  •  (3)
  •  (1)