Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu Tərtər və Bərdədə yaşayan şəhid ailələrinə baş çəkiblər.
Hokm.az xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin nəzdində yaradılan komissiyanın üzvləri də iştirak ediblər
Onlar şəhidlərin ailə üzvləri ilə söhbət edib, kədərlərinə şərik olublar.
Zahid Oruc bildirib ki, onların övladları müqəddəs amal uğrunda qəhrəmanlıqla vuruşub şəhidlik zirvəsinə ucalıblar və adları, xatirələri hər zaman əziz tutulacaq. Komitə sədri qeyd edib ki, onların şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi.
Hakan Çavuşoğlu da şəhidlərin ailə üzvlərinə, yaxınlarına baş sağlığı verib, vətən yolunda canlarından keçənlərin əbədi yaşayacaqlarını ifadə edib.
Zahid Oruc bundan sonra da şəhid ailələrinin yanında olduğunu, sosial problemlərinin həlli üçün çalışağacağını söyləyib. Qeyd edib ki, şəhid ailələrinə qayğı, diqqət həmişə dövlətin diqqət mərkəzində olacaq.

















