Zahid Oruc: ”Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”backend

Zahid Oruc: ”Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”

“Biz Zəfər salnaməmizin 83-cü gününü yaşayırıq. Dünya və Azərbaycan xalqının hərb tarixində parlaq səhifəyə çevrilən “Qarabağı azad etmə” əməliyyatından zaman keçdikcə qısa vaxtda, minimum itki ilə ən böyük nəticə qazanan bir millətin tarixi nailiyyətinin nə qədər əzəmətli olduğunu görürük, digər tərəfdən, Qələbəmizə hücumlar da sistemli, planlı və amansız xarakter daşıyır. Sadə dillə desək, hərbi meydanda bizi məğlub edə bilməyənlər, ölkəmizi, o da olmasa düşüncələrimizi 26 sentyabra qaytarmağa cəhd edərək, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurumuzu əlimizdən almağa cəhd edir, tarixi zəfərimizi gözdən salmağa, onu təhrif etməyə, yaxud müxtəlif sosial-iqtisadi problemlərin fonunda adiləşdirməyə çalışırlar”.

Bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib. O bildirib ki, qələbəmizin təbliği, simvollaşdırılması və gerçək mifologiyasını qurmaq üçün mütləq Dövlət Komissiyasımı yaradılmalıdır?: “II dünya müharibəsindən sonra Stalin bütün yazıçılara, qələm adamlarına, mədəniyyət və incəsənət xadimlərinə, universitet və tədqiqat institutlarına-bir sözlə, ideoloji işə aid olan bütün qurumlara tapşırıq verirdi ki, faşizm üzərində qələbəni tərənnüm etsinlər. Biz 21-ci əsrin başqa olduğunu deyirik. İndi Yazıçılar Birliyi, universitetlər, institutlarımız, mədəniyyət və incəsənət ordumuz dövlət sifarişi almadan böyük əsərlərin yaradılmasını, qələbə simfoniyalarının bəstələnməsini, tarixi romanların, povestlərin yazılmasını, əzəmətli filmlərin çəkilməsini və işğal dövründə yazılmış dərsliklərimizin yenilənməsini də Prezident tapşırığı ilə dəyişdirməyi gözləyirsə, onda gəlin, təşəbbüs göstərək xüsusi Dövlət Komissiyası yaradılsın. Xatırladaq ki, Türkiyə 1453-cü ildən bu yana İstanbulun fəthini coşqu ilə qeyd edir, britaniyalılar 216 ildir onlara dəniz hökmranlığı gətirən Trafalqar zəfərini unutmağa qoymurlar. Çünki müharibədə qələbə qədər milləti böyüdən, formalaşdıran və ona ruh verən ikinci böyük hadisə yoxdur. Azərbaycan xalqı da müharibədən sonra yeni milli kimlik və yeni milli yüksəliş imkanı əldə edibdir”.

Komitə sədri onu da bildirib ki, qələbəmizin, qəhəmanlarımızın təbliğini illərlə, sistemli şəkildə aparmalıyıq, bunun ideoloji, həmçinin praktiki əsaslarını işləyib hazırlamalıyıq. Biz qəhrəmanlarımızın ölməz, işıqlı əməllərini ədəbi yaşatmağa təminat verən proqramlar yazmalıyıq.Qələbə kultunun getdikcə gücləndirilməsi son dərəcə vacibdir:
“Qələbəmizi qorumaq Vətəni canı ilə müdafiə etməkdir, igid və qəhraman şəhidlərimizlə, əsgər və zabitlərimizlə bir sırada olmaqdır, onlarla vahid səngəri bölüşməkdir. Daha çox qəhrəmanlar yetirmək istəyiriksə, belə etməliyik.

Bir tarixi misal yerinə düşər-çar 2-ci Nikolayın dövründə Rusiya imperiyası beynəlxalq diplomatik mövqeyinə görə güclü idi, ordu və maliyyə imkanları da yaxşıydı, lakin daxil ictimai-siyasi mühit acınacaqlı oldugundan imperiya dağıldı. Stalinin vaxtında isə SSRİ-nin beynəlxalq mövqeyi zəif, ordusu və maliyyəsi yetərsiz olmasına baxmayaraq, yalnız daxili ideoloji, siyasi birlik və xalqın səfərbərliyi ilə Sovetlər faşizm üzərində qalib gəldilər.

Qələbə ruhunu, azad olunan ərazilərimizə Böyük qayıdışa, Böyük Quruculuq işlərinə və beləliklə, Böyük Azərbaycanın yaradılmasına yönəltməyi bacarmalıyıq. Bəli, Qələbəmizin iqtisadi-sosial, mənəvi-maddi baxımdan xidməti olan hər bir insana faydası olmalıdır. Onlar haqlı olaraq, özlərinə diqqət və qayğı tələb edirlər. Biz ümidvarıq ki, Qaradağ rayonu ərazisində Xiyaban niyyətilə dəfn edilmiş şəhidlərə sonda onların ailə üzvlərinin istədiyi şərait yaradıldığı kimi, Qalib Ordunun hərbi qulluqçularına da əvvəlki kimi, təhlükəli ərazilərdə, düşmənlə üzə-üzə olduqları hərbi mövqelərdə xidmətlərinə görə ikiqat ödəmələr davam etdiriləcəkdir. Digər tərəfdən, hamımız bilirik ki, azad edilən ərazilərimizdə də hərbi memoriallar salınacaqdır. Çünki dünyadan nisgilli gedən köçkünlərimizin çoxu onların nəşinin doğma torpaqlara köçürülməsi arzusunu qoyub gediblər. Bu gerçəkdən də heç bir xalqın həyatında görünməmiş hadisədir. Ona görə də Millətimizin Qələbəsinə edilən hücumların döyüş meydanlarındakı qəsdlərlə eyni məqsədi daşıdığını unutmamalıyıq.
Ermənistan haqsız və işğalçı olduğu üçün qələbəsini təbliğ və müdafiə edə bilməzdi.

Biz haqlıyıq və bacaracağıq!”

  •  (0)
  •  (0)