Zahid Oruc: “Həyəcan təbili çalır ki, türklər qapıdadır”backend

Zahid Oruc: “Həyəcan təbili çalır ki, türklər qapıdadır”

Deputat Naira Zöhrabyanın isterika içində yaydığı cəmisi 10 saniyəlik videokadrdan-10 nəfərlik azərbaycanlı hərbçinin yol kənarında dayanmasını əks etdirən görüntülərdən sonra Erablur qəbristanlığında münasibətlərini aydınlaşdıran erməni xalqı və siyasətçilərinin müzakirəsinə növbəti xəbər bombası düşüb. Azərbaycanın qalibiyyət bayrağını başları üzərinə qaldıran Müzəffər Ordumuzun döyüşçüləri indi də bağlı qapılar arxasında diplomatik-əsəb müharibəsi aparan Siyasi Generalın təlimatları altında Gorusun məşhur arkasıında-əsrlər boyu babalarının keçib getdiyi tarixi keçiddə mövqe tutublar.

Bir-birinin ardınca 3 rəhbəri dəyişəndən sonra Ermənistan Təhlükəsizilik nazirliyi sabiq çekistlərin çoxlu bir hissəsinin qaldırdıqları üsyan və cəmiyyətdə onlara olan nifrət, diskreditasiya fonunda ölkələrinin sərhəd xəttinin müəyyənləşdirilməsi kimi müqəddəs, bir özgə vaxtda titullu sözlər və təntənəli kampaniyalarla aparılacaq işi də Rusiyanın üzərinə qoyublar. Hansı nöqtədən baxsan, Kəlbəcərdən Zəngilanadək yenidən şəkillənən, indi şaxtalı və qarlı, pandemik havada hələ geopolitik ölçüsü tam miqyası ilə dərk olunmayan və Qafqazlarda fərqli bir təhlükəsizlik arxitekturasının əsasını təşkil edən sərhəd-tanıma aktında tarixi bir qanunauyğunluq var. Son 100 ildə qəzəb və nifrətlə xatırladıqları çarizm, ondan sonra Lenin-Stalin dövrünün NarKomları tərəfindən cızılan konturlar indi də onların varisləri tərəfindən müəyyənləşdirilir.

Lakin bu dəfə, beynəlxalq təşkilatların rəsmən tanıdığı və nəhəng Google korporasiyasının naviqasiya platasında yerləşdirilən miqyas çərçivəsində onlardan çəkilmək tələb olunur.

Aleksandr Bortnikov kimi təcrübəli kəşfiyyat rəsmisi doğulduğu kəndin adını daşıyan Molotovun bir vaxtlar qoca qitənin taleyini Ribbentropla aralarında bağlanmış gizli müqavilə ilə həll edən-dünyanın təsir dairələrinə bölünməsi sazişinin ədalətli olmadığından 2-ci cahan savaşının qarşısını ala bilmədiyini yaxşı xatırlayır.

Stalin müharibənin qalibi kimi 44 il hökm sürən yeni siyasi coğrafiyaları sovet əskərinin qanla qazandığını bir an belə unutmur və hər an rəqiblərinə xatırladırdı.İndi 21-ci əsrin sonu zəfərlə bitən yeganə dövlətlərarası müharibənin nəticəsində Ali Baş Komandan Əliyev MDB başçıları sammitində 30 il davam edən ədalətsizliyi, əslində regionu daha çox qlobal döyüş arenasına çevirən və bir neçə separatizm ocağının meydana gəlməsində rol oynayan konflikti uğurla həll etdiyini bəyan edəndən-Azadlıq meydanındakı Qələbə nitqinə bənzər məruzəsini yaxın qonşulara çatdırandan sonra Bortnikovu qəbul edərək İrəvanın Bakıdan necə idarə olunduğunu dünyaya nümayiş etdirir.

Bəli, bu iki tarixi şəhərin ətrafında yaşanan bütün kolonial-qanlı keçmişə baxmayaraq, məşhur SSRi xalq artistimizin dilə ilə desək, “əzəldən öz qan-qardaşı ilə birdir”. İrəvanda yaşayan 50 yaş üzərindəki əksər adamların itmiş yaddaşı son günlər yenidən dirçəlir. Əsərləri ilə bir millətin daşlaşmış varlığını yaradan Yusif Vəzir Çəmənzəminli “on beş gün Ermənistanda”kı yol qeydlərində yazırdı ki, Zəngi çayının kənarında qədim İrəvan qalasının izləri durur… Övliya Çələbinin təsvir etdiyi …üç dəmir darvazası bu gün yoxdur. Xan Sarayı və Zərbxana da məhv olub getmişdir.

İndi Azərbaycan əsgəri Bakıdan aldığı növbəti əmrlərə qanı-canı ilə sadiq qalaraq, Gorus, Zəngəzur, Basarkeçərdəki doğma yollara, cığırlara, yarğanlara, bataqlıqlara, kiçik göl və gölməçələrə “vətən” deyib, millətimizin nişanəsini ora vurur. Pandemiyanın tüğyan eydiyi dünyada “Vətən marşı, Ya Allah” nidaları altında hərəkət edən Əliyev orduları Sisiyanovun, Paskeviçin, Yermolovun, eləcə də səfir Qriboyedovun adı keçən və min bir xatirə ilə zəngin olan hər döngənin kompasını-üfüq xəttini müəyyən edir. Bəli, Bakı İrəvan üzərində əldə etdiyi hakimiyyəti davam etdirir və Naira Zöhrabyanın adı, soyadında gizlənmiş türk ruhu, ya onun da əcdadlarının Osmanlıya bağlarıdan, ya da sovet internasionalı zamanından ona yadigar qalan şəcərəsi ilə həyacan təbili çalır ki, türklər qapıdadır!

Bir vaxtlar bütün Avropada dolaşan inqilabi kabus indi Gorusdan 250 km-lik məsafədə, cəmi 2 saatlıq bir ünvanda, Həkəri çayının sağ qolu, Bazarçayın mənbə aldığı yerlərdə dolaşır.İrəvan Xanının dağıdılan Sarayı, qalaları, məscidləri sanki Ağdamdan. Şuşadan, Zəngəzurun bir parçası olan Zəngilandan ruh alaraq, üstünə ayrı heroqliflər və nəqqaşlıq çəkilmiş gerçək vücudunu xatırlatmağa can atır.Azərbaycan əskərinin qorxulu, lakin mistik obrazı indi minlərlə erməni haykın yuxusuna girir, onları xoşbəxt ola bilmıdikləri, indi də daxili çəkişmə və cəng meydanına çevirdikləri torpaqlarda addımbaaddım onları izləyir.

Yəqin, gündəlik çəkilişlərdə ekranlara “bizim canavarlar” deyə təqdim olunan gənc cəngavərlərin üzərində komandanlıq edən yaşlı generalların çoxu Abbasqulu bəyin yurdunda nə qədər evi, eşiyi  “bizimkidir, babamın olub” deyə tanıyar, rəhmətlə anar və 44 müqəddəs gündə qarşılarına çıxan hər qarış Azərbaycan torpaqları kimi itmiş kimliyini özünə qaytarardılar.

İndi isə erməni Gorus-Qafan dəhlizində Bərgüşad çayı kimi iki dövlətin ərazisindən keçən növbəti arteriyaları baş nazirlərinə lənət yağdıra-yağdıra tərk edir.Maxinfo.am nəşri yazır ki, mübahisəli 21 km-lik ərazidə iki xalqın davasına hakimlik edən sülhyaradıcı heyət yerləşməli imiş, lakin “Azərbaycan bayrağı artıq Zəngəzurdadır”.

Dünən xalqa müraciət edən və ən ağır cəzaya hazır olduğunu bildirən Nikol Paşinyan, 10 noyabr çıxışının mətninə bir qədər düzəliş edərək həqiqətləri indi sünikli qardaşlarına başa salmağa çalışır.O deyir: əgər hərbi yol seçilsə, Azərbaycan ordusu Zəngəzura daxil olacaq və ərazilər itirləcək.Öz siyasi ustadının 97-ci ildəki öncəgörməsinin təkrarı kimi hər cür xoş sözə layiq xəbərdarlıqdır.

Torpaq da su kimidir, artıq olanda, o səni içir!

Zahid Oruc, millət vəkili

  •  (0)
  •  (0)