Yoluxmalar “Britaniya ştammı”na görə artır? – AÇIQLAMAbackend

Yoluxmalar “Britaniya ştammı”na görə artır? – AÇIQLAMA

Hazırda Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır. Bu cür artım bir çox ölkələrdə də müşahidə olunur.

Bunu azvision.az -a açıqlamasında ölkənin baş infeksionisti Təyyar Əliyev deyib. Onun sözlərinə görə, yoluxdurma qabiliyyəti yüksək olan “Britaniya ştammı”nın epidemioloji vəziyyətə təsiri o vaxt mümkün sayılır ki, bu ştamm digər klassik ştammı sıxışdıraraq dominantlıq əldə etsin.

“Bəzi Avropa ölkələrində belə halın mövcudluğu qeyd edilir. Azərbaycanda son günlər yeni ştamm müəyyən edilib. Lakin bu halın yoluxma sayına təsiri haqqında fikir söyləmək, zənnimcə, bir qədər tezdir. Ancaq bununla yanaşı digər faktorları da qeyd etmək lazımdır. Bunlar karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlar arasında təmasların çoxalması, bəzi şəxslərin qoruyucu tədbirlərə etinasızlığıdır”.

Baş infeksionist qeyd edib ki, havanın isinməsi insanların aktivliyinə səbəb olur:

“Bu xüsusilə son günlərdə daha qabarıq hiss olunur. Ölkəmizdə vaksinasiya olunmuş şəxslərin sayı əhalinin çox kiçik hissəsini təşkil etdiyindən vaksinasiya prosesinin yoluxma sürətinə təsiri minimaldır. Belə bir vəziyyətdə yenidən qapanmalara getməmək üçün vaksinasiya prosesini sürətləndirmək məqsədilə hər birimiz bu işdə aktiv iştirak etməli və bizə məlum olan qorunmanın qızıl qaydalarına daha ciddi əməl etməliyik”.

  •  (0)
  •  (0)