Azərbaycanda koronavirusa yoluxanların sayı 2 dəfə azalaraq 963-ə düşüb. Ölənlərin sayında da xeyli azalma müşahidə olunur. Belə ki, son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların və ölənlərin sayındakı azalma dinamikası davam edərsə, metronun fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı sonxeber.az-ın sualını cavablandıran deputat Cavanşir Paşazadə bildirib ki, yoluxanların sayında istədiyimiz nəticəni əldə etməyimizə maneə olan əsas səbəb ictimai nəqliyyatdakı sıxlıqlardır:
“Bilirsiniz ki, pandemiyaya görə bu gün metronun fəaliyyətinə qadağa qoyulub. Bu zaman da bütün yük avtubusların üzərinə düşür. Avtobusdakı insan sıxlığı da yoluxanların sayını artıran səbəblərdən biridir. Bilirsiniz ki, şənbə-bazar ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. Nəticədə də xəstəliyi olan, avtomobili sərnişin daşımağa yararsız olan şəxslərə şərait yaranır. Onlar heç bir tibbi yoxlanmadan keçmədən şənbə-bazar sərnişin daşımasını həyata keçirirlər. Bu qərar hansı məntiqə uyğundur? Avtobus sürücüləri məsuliyyət daşıdıqları üçün hər gün tibbi yoxlanışdan keçib sərnişin daşıyırlar. Onsuz da toz-torpağın içində olan, içərisi dezinfeksiya olunmayan taksilər vasitəsi ilə şənbə-bazar insanlar daşınır. Sadəcə şənbə-bazar avtobus sürücülərinə istirahət verilir”.
Deputat vurğulayıb ki, metroda nizam-intizam yaratmaq avtobusdan daha rahatdır:
“Metro açılsın ki, avtobusun üzərinə düşən yük yarı-yarıya bölünsün və sıxlıq da aradan qaldırılsın. İsti havada avtobusdakı sıxlıq başqa problemlərə də səbəb olur. Yay aylarında o cür sıxlıqla gedib-gəlmək insanlar üçün çətinliklər yaradır. İnsanlar arasında yaşlısı, uşağı və müxtəlif xəstəlikləri olanlar var. Sevindirici haldır ki, son günlər yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Düşünürəm ki, bu kimi problemlər aradan qaldırılmalı və vaksinasiya prosesini daha da sürətləndirməliyik”.