Yol Polisindən kuryer xidməti ilə məşğul olan motosikletçilərə – XƏBƏRDARLIQbackend

Yol Polisindən kuryer xidməti ilə məşğul olan motosikletçilərə – XƏBƏRDARLIQ

Son günlər kuryer xidməti ilə məşğul olan şirkətlərdə çalışan sürücülər motosikleti olduqca kobud şəkildə idarə edirlər. Bu səbəbdən qeydə alınan qəzalarla bağlı rəqəmlər və videogörüntülər var.

Hokm.az “ölkə.az”a istinadən bildirir ki, bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, kuryer xidməti göstərən motosiklet sürücüləri məhəlləarası yollarda da ehtiyatsız davranırlar:

“Mühərrikin işçi həcmi 50 sm³-ə qədər olan motosikletləri (mexaniki nəqliyyat vasitələrini) idarəetmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yaşı 18-dən yuxarı olan, hüquqi və fiziki işlə məşğul olan şəxslər bu motosikletlərdən istifadə edə bilir.

Dünyanın inkişaf etmiş ölkələrində bu qaydalar tətbiq edilir. Lakin, ölkəmizdə bu cür motosikleti idarə edən sürücülərimiz yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinmirlər. Baş verən yol qəzalarının ağırlıq dərəcələrini nəzərə alaraq, bildirirəm ki, onlar barəsində tədbir görülməlidir”.

V.Əsədov onu da əlavə edib ki, bu gün mühərrikin işçi həcmi 50 sm³-dən çox olmayan 30-dan artıq moped, motosiklet cərimə meydançasındadır:

“Eyni zamanda motosikletlərlə törədilən 18 yol qəza hadisəsi baş verib ki, onlardan da səkkizi ölümlə nəticələnib. Bu kifayət qədər ciddi rəqəmdir. Motosiklet getdiyi yolda sürüşərək dirəyə çırpılıb, sürücü ölüb. Eyni zamanda, qəzalar arasında motosikletin maşına çırpılması, piyadanı vurması ilə bağlı faktlar da var. Bütün bunların görüntüləri mövcuddur və araşdırmalar aparılıb.

Kuryer xidməti göstərən şirkətlərdən xahiş edirik ki, motosiklet sürücülərinə yol hərəkəti qaydalarına riayət etmələrini tapşırsınlar. Digər hərəkət iştirakçılarına mane olacaq davranışlara yol vermək olmaz”.oxu.az

  •  (0)
  •  (0)