Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi: “Bunu basın maşına aparın”backend

Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi: “Bunu basın maşına aparın”

“Anadolu” agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilib.

Hadisə bu gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib.

“MediaPost”a danışan Rəsul Rəhimov bildirib ki, xidməti vəzifəsini yerinə yetirmək üçün həmin ərazidə olub.

“Yolun kənarında avtomobili saxlayıb “İhlas” xəbər agentliyinin əməkdaşı Kamil Nadirli ilə çəkiliş edəcəyimiz məkana daxil olmaq üçün növbə gözləyirdik. Bu zaman 99 YP 279 dövlət nömrə nişanlı, patrul avtomobilindən düşən əməkdaş özünü təqdim etmədən, kobud şəkildə bizə ərazini tərk etməyimizi dedi. Baxmayaraq ki, orada Post Patrul Xidməti əməkdaşları da var idi və onlar bizim nə üçün gözlədiyimizi bilirdilər. Yol polisinə izah etməyə çalışdım ki, çəkilişə gəlmişik. Amma o bizi dinləmədi. Qolumdan yapışaraq Post Patrul Xidməti əməkdaşlarına “bunu basın maşına aparın” dedi. Təbii ki, məsələni bildikləri üçün PPX əməkdaşları özləri izahat verdilər. Bundan sonra yol polisi əməkdaşı çıxıb getdi”, – R.Rəhimov “MediaPost”a bildirib.

Jurnalist qeyd edib ki, heç bir artıq hərəkət etmədiyi halda bu cür kobudluqla üzləşib: “Özünü təqdim etmədiyi üçün adını bilmədik. Sadəcə, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı olduğunu bildim. İstədim ki, yol polisi adına xələl gətirən bu cür əməkdaşlar cəzalandırılsın. Biz hər zaman dövlətin keşiyində olan yol polislərinin əməyini yüksək qiymətləndiririk. Amma bu cür neqativ hallar olmamalıdır”.

  •  (3)
  •  (0)