Yevlaxda məmurlar bələdiyyə torpaqlarını zəbt edib – Arıçılardan Prezidentə müraciət – FOTOLAR – VİDEObackend

Yevlaxda məmurlar bələdiyyə torpaqlarını zəbt edib – Arıçılardan Prezidentə müraciət – FOTOLAR – VİDEO

Yevlax rayon sakini Sərvər Mahmudovun Hokm.az-a göndərdiyi müraciətində bildirir ki, onun arıçılıq fəaliyyətini genişləndirməsinə rayonun Malbinəsi bələdiyyəsi tərəfindən imkan verilmir. 

34 yaşlı S.Mahmudov yazır ki, Malbinəsi bələdiyyə torpaqlarının böyük hissəsi icra nümayəndəsi Qalib Muxtarov və bələdiyyə sədri Əli Əlizadə tərəfindən zəbt olunub:

“Prezident İlham Əliyev arıçılıq, baramaçılıq və pambıqçılıq sahəsinin inkişafına xüsusi önəm verir. Bunu hər kəs bilir. Lakin adını sadaladığım vəzifəli şəxslər bizlərə bu sahələri inkişaf etdirmək üçün imkan vermirlər. Fikirləşdiyimiz ideyaları həyata keçirməyə qoymurlar. Azı 40 hektara yaxın bələdiyyə torpaqları kənd qeydiyyatında olmayan vətəndaşlara satılıb”.

Kənd sakini yazır ki, hətta bu sahə üzrə müxtəlif layihələrdə, təlimlərdə iştirak edib, xüsusi sertifikatlarla təltif olunub.

S.Mahmudov yaxşı arıçı olduğu üçün “PULUS-R” şirkəti tərəfindən ona Azərbaycanda az sayda olan Qırmızı kitaba salınmış ağac növləri – Evodiya, Amerikan ağcaqayın, Paviloniya, Alkasiya növləri, İlğın, İydə və s. digər nektar verimli ağaclar verilib. Amma bu ağacları əkmək üçün bələdiyyə tərəfindən ona torpaq sahəsi ayrılmır. Şikayətçi onun işinə maneçilik yaradanlarla bağlı Prezidentə də müraciət edib: “Şirkət tərəfindən mənə verilən ağaclara ev şəraitində qulluq edirəm. Bu ağacların əkilməsi üçün torpaq lazım olması ilə bağlı icra nümayəndəsi sədrinə, bələdiyyə sədrinə və bir çox yerlərə müraciət etmişik, amma müraciətlərimiz nəticəsiz qalıb. Arıçılığın inkişafı üçün qeyd etdiyim ağaclardan ibarət meşə zolağı salınmalıdır. Bu iş üçün Malbinəsi kəndində bizə 3 hektar torpaq sahəsi ayrılmır. Bununla bağlı ölkə başçısına da müraciət etmişəm. Lakin məktublarım Yevlax rayon Mərkəzi Poçtunda itirilir. Xahiş edirəm, səsimin aidiyyəti yerlərə çatmasında mənə kömək olasınız”.

  •  (2)
  •  (0)