Bir neçə gün əvvəl Bakıda doğuş zamanı 15 yaşlı yeniyetmə qızın və övladının ölməsi xəbəri Azərbaycan cəmiyyətində böyük rezonansa səbəb oldu. Ölkəmizdə yetkinlik yaşına çatmayan qızların ərə verilməsi hallarının hələ də öz həllini tapmaması yenidən gündəmə gəldi. Azərbaycan qanunlarına görə bu hal ağır cinayət hesab edilsə də, hələ də övladlarına düşmən kəsilən, onların dünyasınıməhv edən valideyn var. Bəli,məsələnin bir başqa tərəfi isə odur ki, aidiyyəti qurumların işinə qeyri-ciddi yanaşması nəticədə bu kimi faciələrə yol açır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, bu məsələdə hamının məsuliyyəti var:
“Nəyə görə bu ailələr yaşadıqları ərazilərdə həssas qrup kimi qiymətləndirilmir? Niyə İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya bu məsələyə baxmır? Uşaq inspektorları da bu komissiyanın tərkibində olur. Sosial Xidmətlər Agentliyinin də, Səhiyyə Nazirliyinin də, TƏBİB-in də, Təhsil Nazirliyinin də əməkdaşları da bu məsələyə cəlb olunmalıdır. Bu gün ən böyük yük məsuliyyət valideynlə bərabər icra hakimiyyətləri yanındakı qəyyumluq komissiyalarının üzərinə düşür. Hadisə Xəzər rayon Binə qəsəbəsində baş verib. O ərazidə qonşular bu məsələni bilmirdi? Dəfələrlə görmüşük ki, uşağa qarşı edilən təcavüzü ört-basdır etmək üçün belə evliliklər həyata keçirilib. Qonşular, qohumlar bunu bilməyib ki? 14 yaşlı bir uşağın evliliyinə valideyn göz yumursa, bəs bu barədə məlumatı olan qohum əqrəba niyə susurdu? Bu məsələdə hamının günahı var. Araşdırsaq deyəcəklər ki, əsas səbəb imkansızlıqdır. Amma 14 yaşında uşaq məktəbə getmirsə, təhsildən yayınırsa, deməli məktəb rəhbərliyi onun aqibətinə biganədir ki, hüquq mühafizə orqanlarına məlumar vermir. Deməli bu uşaqların uçotu ümumiyyətlə aparılmır. Ərazi üzrə yaşayan ailələrin tərkibi məlum deyil”.
Kəmalə xanım onu da xüsusi qeyd etdi ki, yeniyetmə ananın doğuş zamanı ölüm faktına görə bütün aidiyyətı qurumlar cavab verməlidir.
“Bəzən belə faktlar olanda hamı uşaq inspektorlarını qınayır. Uşaq inspektorları səfil həyat tərzi sürən, təhlükəli, baxımsız şəraitdə yetişən, cinayət törədən uşaqların uçotu aparan, onlarla profilaktik söhbətlər edən məmurdur. Ona qədər, icra hakimiyyətləri yanında qeyd etdiyim komissiya ətrafında cəmləşən insanlar var. Belə hadisələrin qarşısının alınması və profilaktik tədbirlərin aparılması təkcə uşaq inspektorlarının vəzifəsi deyil. Polis məsələnin cinayət tərəfini araşdırmalıdır. Bu məsələdə ilk növbədə cəzalandırılacaq şəxslər valideynlər, məktəb rəhbərliyi və icra hakimiyyətləri yanından fəaliyyət göstərən komissiyanın üzvləridir. Çünki onlar bu işə birbaşa cavabdehdirlər. Onlar zəhmət çəkib hesabat verməlidir ki, nəyə görə bu hadisədən onların məlumatı olmayıb?”
















