Yeni sədrlər banklara nə qazandırdı? – ARAŞDIRMAbackend

Yeni sədrlər banklara nə qazandırdı? – ARAŞDIRMA

Banklarda İdarə Heyəti sədrlərinin (CEO) dəyişməsi ən çox diqqət mərkəzində olan məsələlərdən biridir. Onlardan gözlənti olduqca böyükdür. Bu gözlənti bankın adi əməkdaşından tutmuş səhmdar və müştərilərə qədər uzanır.

Index.az yerli banklardakı CEO dəyişikliklərinin effektivliyini araşdırıb. Qeyd edək ki, adından da göründüyü kimi, İdarə Heyəti sədrləri bankın birbaşa idarəçiliyi ilə məşğuldur. Onlar Müşahidə Şurasına tabedir. Öz növbəsində Müşahidə Şurasının üzvləri CEO-nun fəaliyyətini müşahidə edir.

ANAR HƏSƏNOV – YELO BANK

Ölkənin ən təcrübəli bankirlərindən biri Anar Həsənov AccessBank-ın ilk və hələlik yeganə azərbaycanlı CEO-su idi. Bankir adıçəkilən təşkilatda ilk gündən çalışıb və ömrünün 18 ilini onun uğurlarına həsr edib. AccessBank-ın ən çətin günlərində cənab Həsənov onun sükanı arxasında olub və oranı üzüağ tərk edib.

Bu baxımdan Həsənovun Yelo Bank-a gəlişinə olduqca böyük ümidlər bəslənilirdi. O, vəzifələrinin icrasına 2021-ci ilin yanvarın 5-də başlayıb. Onadək bu vəzifəni başqa bir təcrübəli bankir – Nikoloz Şurqaia tuturdu. Yeni CEO-nun qədəmləri illərdi mənfəət üzünə həsrət qalan Yelo Bank-a düşərli oldu. Təcrübəli mütəxəssisin rəhbərliyi altında Yelo Bank ilk rübünü 5.7 milyon manat mənfəətlə başa vurdu. İlin ilk 3 ayı ərzində bankın aktivləri 10.5 milyon manat, kredit portfeli isə 21.3 milyon manat artıb.

Anar Həsənov ilk şərhində bildirib ki, bank yeni strategiyanın bəhrəsini artıq görür.

Yaxşı başlanğıcdır, lakin tam qiymət vermək üçün hələlik tezdir. Həsənovun əsasən AccessBank-dan cəlb etdiyi kadrlardan ibarət komandasının özünü doğultmaq üçün bütün imkanları var. Şübhəsiz ki, onların əsas prioritetlərindən biri də 276 milyon manatı ötən yığılmış zərərin “əridilməsi” olacaq ki, bunu 1 ilə etmək mümkün deyil.


KAMRAN MƏCİDOV – XALQ BANK2020-ci ilin avqust ayında Xalq Bank-ın səhmdarları İdarə Heyəti sədrinin birinci müavini Kamran Məcidovu sədr vəzifəsinə layiq gördü. Uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Ağayev isə Müşahidə Şurasının üzvü seçildi.

Məcidov 2008-ci ildən Xalq Bank-da çalışır.

Xalq Bank 2020-ci ili Kamran Məcidovun rəhbərliyi altında başa vurmalı oldu. Ötən il bank 25.8 milyon manat xalis mənfəət əldə edib. Hərçənd, bu, 2019-cu ilə nisbətən 22.9% azdır. Sonuncu rübdə də mənfəət cüzi azalıb.

İlin sonuna Bank-ın aktivləri 2 milyard 353.1 milyon manat təşkil edib ki, bu da illik 4.3% azalmadan xəbər verir. 2020-ci ildə bankın kredit portfeli 19.2% kiçilib.

Cari ilin birinci bankın mənfəəti 4.7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 47.9% azdır.

Bu ilin ilk rübünün sonuna Xalq Bank-ın aktivləri 2 milyard 130.4 milyon manat təşkil edib, bu isə illik 6.7% azalmaya işarədir. İllik müqayisədə bankın kredit portfeli 14.8% kiçilib.

Yeri gəlmişkən, birinci rübdə bankda depozit axını müşahidə olunub. Depozit portfelinin həcmi 12% kiçilərək 1 milyard 364.4 milyon manata düşüb.

ORXAN XUBANLI – AFB BANK

Orxan Xubanlı 2019-cu ilin noyabr ayında AFB Bank-ın İdarə Heyətinin sədri təyin olunub. O, bunadək bir sıra banklarda müxtəlif vəzifələrdə çalışıb, Əmanətlərin Sığortalanması Fondunda icraçı direktorun müşaviri və AzSığorta şirkətinin baş icraçı direktor olub.

AFB Bank 2019-cu ili 6,2 milyon manat xalis mənfəətlə başa vurub. Amma bunu Orxan Xubanlının aktivinə yazmaq ədalətsizlik olardı.

2020-ci ili isə AFB Bank 5.4 milyon manat xalis mənfəətlə yekunlaşdırdı və bunda Orxan Xubanlının payı olduqca böyükdür. Hərçənd, rəqəmlərin müqayisəsi göstərir ki, mənfəət il ərzində 13.7% azalıb.

Ötən il ərzində bankın aktivləri 51%, kredit portfeli 57.2%, depozit portfeli 70.9% azalıb.

2021-ci ilin ilk rübünü AFB Bank 4.4 milyon manat qazana bilib ki, bu da illik 73% azalmadan xəbər verir. Eyni zamanda bankın aktivləri 54.3%, kredit portfeli 68.5%, depozit portfeli 75.5% azalıb.

MEHMAN MƏMMƏDOV – EXPRESSBANK
2019-cu ilin sentyabr ayında İlham Həbibullayev ExpressBank-ın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Onu 2020-ci ilin fevral ayınadək Mehman Məmmədov əvəz etdi, ardınca isə onun sədrliyi rəsmiləşdi.

Sədrin işdən çıxması ExpressBank-a 2019-cu ili mənfəətlə başa vurmağa mane olmadı. Həmin ili bank 19.1 milyon manat qazancla yekunlaşdırdı. Maraqlıdır ki, 2018-ci ili ExpressBank 23.8 milyon manat zərərlə başa vurmuşdu. Onu da qeyd edək ki, həmin il bankın aktivləri 14.3%, kredit portfeli 6.7%, depozit portfeli isə 25.3% azalmışdı.

Mehman Məmmədovun idarəçiliyi altında ExpressBank 2020-ci ili 6.8 milyon manatdan bir qədər artıq xalis mənfəətlə başa vurdu. Göründüyü kimi, bankın qazancı il ərzində 2.8 dəfə azalıb. əsas göstəricilərə nəzər salanda məlum olur ki, azalma dinamikası burada da qorunub. Bankın aktivləri il ərzində 7.4%, kredit portfeli 7.9%, depozit portfeli isə 31.9% azalıb.

2021-ci ilin birinci rübünü bank 3.1 milyon manat xalis mənfəətlə başa vura bilib. Amma ötən ilin eyni dövrünə nisbətən bu rəqəm 46.6% azdır. Bankın aktivləri il ərzində 12%, kredit portfeli 11.8%, depozit portfeli isə 19.9% azalma nümayiş etdirib.

TARİYEL İSMAYILOV – BANK RESPUBLİKA
2019-cu ilin aprelin 2-də Bank Respublika-nın Müşahidə Şurasının yığıncağından sonra İdarə Heyətinin yeni sədrinin adı açıqlandı. Bu, ölkənin ən təcrübəli və peşəkar kadrlarından biri olan Tariyel İsmayılov idi. O, Bank Respublika-ya illərini vermiş Asəf Namazovu əvəzlədi. Tariyel İsmayılov isə AccessBank-ın inkişafına həyatının təxminən 18 ilini vermişdi. Adi mütəxəssis vəzifəsindən başlayaraq İdarə Heyətinin sədri vəzifəsinə qədər yüksəlmişdi.

Tariyel İsmayılovun idarəçiliyi altında keçən ilk il Bank Respublika üçün olduqca uğurlu oldu. 2019-cu ili bank 20.4 milyon manat xalis mənfəətlə başa vurdu ki, bu da 2018-ci illə müqayisədə 10 dəfə çoxdur.

İl ərzində bankın aktivləri 44% artaraq ilk dəfə 1 milyard manat həddini keçdi və 1.4 milyard manata çatdı. Bundan əlavə, bankın məcmu kapitalı 49%, depozit portfeli 54%, kredit portfeli isə 41% artdı.

2020-ci ildə bankın aktivləri 26.8% azalsa da, 1 milyard manatdan çox olaraq qaldı. Başqa sözlə, aktivlərin həcminə görə Bank Respublika ölkənin beş aparıcı bankı sırasında yerini qoruyub saxlaya bildi. İl ərzində bankın kredit portfeli 7.8%, depozit portfeli isə 37.3% azaldı. Ötən ili bank 6.2 milyon manat mənfəətlə başa vurdu.

Bank Respublika 2021-ci ilin birinci rübünü 2,9 milyon manat xalis mənfəətlə başa vurub. Hazırda bankın aktivləri 1.1 milyard manatı üstələyir.

Sonda qeyd etmək lazımdır ki, son iki il ərzində baş verən hadisələr ölkə iqtisadiyyatına ciddi təsir etdi. Bu isə bankların fəaliyyətinə təsir etməyə bilməzdi.

  •  (0)
  •  (0)