Yeni hakimlərin təyinatı məhkəmə-hüquq sisteminə nə verəcək? – SORĞUbackend

Yeni hakimlərin təyinatı məhkəmə-hüquq sisteminə nə verəcək? – SORĞU

Yeni hakimlərin təyinatı məhkəmə-hüquq sisteminə nə verəcək? – SORĞU

Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi çərçivəsində işlər davam etdirilir. Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra məhkəmələrdə yeni hakimlərin təyin olunması ilə bağlı sərəncamlar imzalayıb. Yeni təyinatlar məhkəmə-hüquq sisteminə necə təsir göstərəcək? Yeni hakimlər ədalət mühakiməsinə inamı artıracaqmı?

Hokm.az E-huquq.az-a istinadla bu məsələlərlə bağlı vəkillərin fikirlərini təqdim edir.

“Vətəndaşların Avropa Məhkəməsinə müraciət etməsinə ehtiyac qalmayacaq”

Vəkil İlqar Əliyev açıqlamasında deyib ki, digər hakimlərlə yanaşı, xüsusilə Ramin Qurbanov və Çingiz Əsgərovun təyinatı məhkəmə sistemində çox böyük bir dəyişikliyə səbəb olacaq: “Çünki qərarlar qəbul edilərkən Avropa presidentlərindən istifadə olunacaq. Avropa qanunları bizim məhkəmələrdə tətbiq olunan qanunlarla müqayisə olunub qərarlarda öz əksini tapacaq. Qeyd etmək istəyirəm ki, Ramin Qurbanov işlədiyi dövrdə çox ədalətli qərarlar çıxarıb. O, Yasamal Rayon Məhkəməsində işlədiyi dövrdə xeyli sayda bəraət verib. Ümid edirəm ki, Bakı Apelyasiya Məhkəməsində də öz fəaliyyətini bu qaydada davam etdirəcək. Çingiz Əsgərov da çox yüksək nüfuza malik olan şəxsdir. Hesab edirəm ki, o Ali Məhkəmədə işlədiyi dövrdə şəffaflıq daha da artacaq. Rayon məhkəmələrində çıxan qərarlara Apelyasiya və Ali Məhkəmələrdə düzəliş olunacaq ki, vətəndaşların Avropa Məhkəməsinə müraciət etməsinə ehtiyac qalmayacaq və bu məsələlər öz həllini tapacaq”.

Vəkil Alov Səfərəliyev yeni təyinatların məhkəmə-hüquq sitemində aparılan islahatların bir hissəsi olduğunu bildirib. Onun fikrincə, təyinat alan hakimlər yüksək peşəkarlıqları ilə tanınır.

“Bu təyinatlar da məhkəmə-hüquq sahəsində aparılan islahatların bir qoludur. Bu, konkret hakimlərin kadr məsələsi ilə bağlıdır. Ümumiyyətlə, yüksək məhkəmələrə, ikinci instansiya, apelyasiya instansiyası, kassasiya instansiyası məhkəmələrinə təyinatlar mütəmadi olur. Təqaüd yaşı çatmış hakimləri aşağı məhkəmə instansiyalarında özünü daha yaxşı göstərmiş, ədalətli, savadlı, təcrübəli hakimlər əvəz edirlər. Çünki bu, çox məsuliyyətli bir işdir. Məsələn, Ali Məhkəmə tərəfindən çıxarılan və belə deyək, artıq qanuni qüvvəsini alan qərar icraya gedir. Bu son mərhələni həll edən hakim daha ədalətli, daha savadlı, özünə güvənən hakim olmalıdır. Yəni, apelyasiya məhkəmələrində bu cür hakimlərin təcrübəsinə ehtiyac duyulur. Düşünürəm ki, təyin olunmuş hakimlər kifayət qədər təcrübəli və daha çox ədalətli qərarlar qəbul etmiş hakimlərdir”, – deyə vəkil qeyd edib.

“Beynəlxalq hakimlərin təcrübəsindən istifadə öz müsbət nəticəsini göstərəcək”

A.Səfərəliyev təyinat alanlar arasında Ramin Qurbanov, Çingiz Əsgərov kimi beynəlxalq təcrübəyə malik hakimlərin olmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O söyləyib ki, həmin hakimlərin təcrübəsindən istifadə öz müsbət nəticəsini göstərəcək: “Yeni təyin olunan hakimlərin arasında beynəlxalq təcrübəyə malik şəxslərin olması çox müsbət haldır. Çünki bəzən hansısa bir beynəlxalq təşkilatla və ya hər hansı bir xarici ölkənin hüquqi şəxsi ilə bağlı beynəlxalq müqaviləyə söykənən məhkəmə prosesi olur. Beynəlxalq hüquq sahəsini, xarici dilləri yaxşı bilən hakimlər olanda adətən, o işlərlə həmin hakimlər məşğul olur. Belə bir mütəxəssis olmadıqda isə məhkəmə özü də çətinlik çəkir, əlavə mütəxəssis cəlb edir, əlavə rəylər alır. Amma hakimin özü bu sahəni yaxşı biləndə araşdırma da yaxşı olur. Bu eyni zamanda bizim beynəlxalq səviyyədə imicimizə də müsbət təsir göstərir. Çünki bu cür proseslərdə hər hansı səhv buraxılanda birbaşa dövlətimizin imicinə zərbə vurur. Əlbəttə, bu baxımdan da yeni təyinatlar məqsədəuyğundur. Həmin hakimlərin təcrübəsindən bu sahədə də istifadə etmək olar”.

“Onlar işə obyektiv yanaşan, ədalətli və təcrübəli hakimlərdir”

Vəkil İlhamə Həsənova yeni təyin olunan hakimlərdən danışarkən bildirib ki, bu, məhkəmə-hüquq sistemində bir çox irəliləyişlərə səbəb olacaq. Vəkilin sözlərinə görə, onlar işə obyektiv yanaşan, ədalətli və təcrübəli hakimlərdir: “Bu təyinatları düzgün təyinat hesab edirəm. Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə təyin olunmuş hakimləri vəkil olaraq tanıyıram, yəni onlarla proseslərdə olmuşam. Düşünürəm ki, həqiqətən də düzgün təyinatlardır və onlar obyektiv, hərtərəfli araşdırma aparan hakimlərdir, eyni zamanda təcrübələri kifayət qədərdir. Ona görə də bu addımı müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, ədalətlilik, obyektivlik meyarlarına daha çox əməl olunmasına imkan yaradacaq. İşlərə ədalətli, obyektiv, hərtərəfli baxılmasında böyük rol oynayacaq”.

“Bu təyinatlar ədalətli və düzgün seçimdir”

Vəkil Anar Qasımlı da təyinatların uğurlu olduğunu deyib. O bildirib ki, kadr dəyişikliklərinə ciddi ehtiyac var idi və bu, məhkəmə hüquq-sahəsində aparılan islahatlara təkan verəcək.

“Hakimlərin təyinatı pandemiya dövrünün ən xoş xəbərlərindən biri oldu. Əksər hallarda məhkəmə sistemi bütövlükdə daha çox tənqidə məruz qalır. Mətbuatda, sosial şəbəkələrdə biz bunu görürük. Bu da təbii ki, qəbul olunmuş qərarlarla bağlıdır. Bu tənqidlər bəzən obyektiv, bəzən də subyektiv ola bilər. Hesab edirəm ki, bu təyinatlar ədalətli və düzgün seçimdir. Vəzifələrində irəli çəkilən, daha yuxarı instansiyalara layiq görülən bu hakimlər indiyədək fəaliyyət göstərdikləri müddətdə doğrudan da əksər hallarda ədalətli, qanuni, əsaslı qərarları ilə rəğbət qazanmış hakimlərdir. Əlbəttə, hakimin qərarı ləğv oluna bilər, hakim bu və ya digər formada səhvə yol verə bilər, qərar qəbul etdikdə yalnışlıq ola bilər. Amma bütövlükdə onlar özünün şəxsiyyətini, ləyaqətini qoruyub saxlayan və savadını nümayiş etdirən hakimlərin içərisindən seçilən hakimlərdir. Hesab edirəm ki, bu təyinatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin icrası üçün güclü təkan verəcək. Çünki Fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi üçün kadr dəyişikliklərinə ciddi ehtiyac var idi”, – deyə A.Qasımlı qeyd edib.

  •  (1)
  •  (0)