YAP məhkəməyə verilirbackend

YAP məhkəməyə verilir

Siyasi fəal Bəxtiyar Hacıyev Yeni Azərbaycan Partiyasını məhkəməyə verir.

Hokm.az-ın xəbərinə görə, bu barədə B.Hacıyev özü məlumat verib.

O, YAP gəncləri tərəfindən təhqir edildiyini iddia edir
“Cənab Ilham Aliyev, rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı dünən haqqımda təhqir, şər və böhtan dolu bir post paylaşıb. Dünən gecə müavininiz və partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədov ilə və YAP-da şöbə müdiri, 20 ildən artıqdır Milli Məclisin üzvü olan Aydın Mirzəzadə ilə telefonla danışdım, hakim partiyanın rəsmi səhifəsindən haqqımda təhqir, şər və böhtan yayılmasının birbaşa partiya rəhbəri olaraq sizə zərbə olduğunu izah etməyə çalışdım. Mən son 1 ay ərzində telefonuma gələn yüzlərlə mesajda sizin və 1-ci vitse-prezident Mehriban Aliyeva haqqında yazılmış təhqir və böhtanları hüquq-mühafizə orqanlarına göndərəndə belə oradakı nalayiq ifadələri silib, elə göndərirdim. Müəllif başqası olsa da, böhtan, təhqir və nalayiq ifadələr olan mesajları o şəkildə göndərməyi özümə layiq bilmirdim.

Sizin hakim partiya isə bütün əxlaqi keyfiyyətləri ayaq altına alaraq, rəsmi səhifədən barəmdə ən iyrənc böhtanları və təhqirləri yayımladı. Bu gün o postun bir hissəsi silinsə də, 20 ildən artıq Milli Məclisdə oturmuş, Cinayət Məcəlləsini əzbər bilməli olan Aydın Mirzəzadə zəng edərək, “o postda heç bir problem yoxdur, bizim gənclər belə düşünür” deyib, təhqirə və böhtana haqq qazandırdı. Dəfələrlə Harvardda təhsilim haqqında yazılanların böhtan olduğunu desəm də, Aydın müəllimə izah edə, başa sala bilmədim.

Əgər müavininiz və funksionerinizlə danışıqdan sonra da siz və partiyanız adı insan dəftərində olmayanlara istinad edərək bütün təhqir və böhtanları yaymağı özünüzə rəva bilirsinizsə, deməli, özünüz haqqında da bu ritorikada səslənən fikirlərin tirajlanmasını məqbul sayırsınız. Biz də belə qəbul edərik.

Şəxsən mənim üçün YAP gəncləri və partiya funksionerləri birinci növbədə sizi təmsil edirlər. Onların seçdikləri üslub və ritorika sizə cəmiyyətdə münasibəti kökləyir və kökləyəcək.

Sizə Harvardda hansı təqaüdlə oxuduğum bəllidir, ictimaiyyət üçün də şərhdə paylaşıram ki, rəhbərlik etdiyiniz partiyanın vətəndaşlara hansı şər və böhtanlar atdığını, hansı səviyyəyə malik olduqlarını bir daha görsünlər.

P.S: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, bir şey lazım olsa, yerimi bilirsiniz. İstəsəniz, özüm də hazır gələ bilərəm. Hazıram.

P.P.S: Hüquqşünas dostlarla YAP-ı məhkəməyə vermək üçün prosesə başladıq. Bu müddət ərzində dostları və tərəfdaşları hakim partiyanın bu ləyaqətdən kənar davranışını pisləməyə çağırıram.”

  •  (4)
  •  (4)