“Yanvarın 15-dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik” – Tanınmış HƏKİMbackend

“Yanvarın 15-dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik” – Tanınmış HƏKİM

Ötən ilin son həftəsindən başlayaraq Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı kəskin azalmağa başlayıb. Sutkalıq ölüm 30-35 civarında sabit qalsa da sağalanların sayı yeni yoluxanları bir neçə dəfə üstələyib.

Hokm.az azerforum.com-a istinadən xəbər verir ki, hətta yeni ilin ilk günü bu göstərici 341-ə qədər azalmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə ölkədə 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb. Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.

Qeyd edək ki, bu rəqəmlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsusdur. Səhiyyə Nazirliyinin qeydə aldığı, əsasən evdə müalicə olunan xəstələrin sayı bura daxil deyil.

Ölkədə yoluxmanın kəskin azalmasını əks etdirən rəqəmlər ictimaiyyətdə diskusiyalara yol açıb. Belə rəylər var ki, rəqəmlər real vəziyyəti əks etdirmir, nəzarət orqanları başqa səbəblərdən rəqəmlərlə manipuliyasiyalara yol verirlər. Bu fikri qüvvətləndirən əsas arqument test saylarının kəskin azalması və onun əksinə, test götürülənlərin yoluxma fazinin azı iki dəfə yüksəlməsidir.

Bəzi ekspertlər isə qüvvədə olan sərtləşdirilmiş karantin rejimi sayəsində yoluxmanın azaldığını bildirirlər.

Tanınmış iqtisadçı Samir Əliyev də yoluxmanın azalmasını əks etdirən rəqəmlərin etibarlığına şübhə edir.

“Son 15 gündə Azərbaycanda koronavirusa yoluxanların sayının azalaraq dördrəqəmli həddən üçrəqəmliyə düşməsi tendensiyası müşahidə edilir. Yeni ilin ilk günü bu göstərici 341-ə qədər azalmışdı. Elə təəssürat yaranır ki, bu gedişlə aşkar edilmiş yoluxma sayı ikirəqəmli həddə də düşə bilər. Yoluxma sayında azalma olsa da əsas səbəb bu deyil. Azalmanın əsas səbəbi aparılmış testlərin sayının dəfələrlə azalmasıdır”- deyə ekspert vurğulayır.

S. Əliyev təqdim etdiyi qrafikə istinadə edərək bildirir ki, 2021-ci ilin ilk günlərində yoluxma sayında artım var: “Yanvar ayının 1-i test olunanlarda yoluxma sayı 7,6% olduğu halda bu gün 13%-ə yüksəlib. Bu isə dekabrın 24-dən sonra ən yüksək göstəricidir”.

Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov isə “azpolitika.info”-ya bildirib ki, ilin sonlarına yaxın xəstə sayında azalma proqnozlaşdırlmışdı, amma bu qədər yox.

“Mən yeni ilə 1000 civarı yoluxma sayı ilə girəcəyimizi hələ dekabrın 15-də təxmin etmişdim. Səbəb ikinci dalğanın sönməyə doğru getməsi və kütləvi şəkildə hamının xəstələnməsidi idi. Amma gördüyümüz kimi say hətta 300-lərə endi. Bu say yalançı say idi və reallığı əks etdirmirdi” – deyə o vurğulayıb.

“Yalançı say” ifadəsinə aydınlıq gətirən farmakoloq qeyd edib ki, yeni il ərəfəsində əhalinin başının bayram tədbirlərinə qarışmasını və test verməyə getmədiklərini nəzərdə tutur: “Əgər diqqət etsəz, test sayı da 4000-lərə düşdü. Amma faiz ortalaması ilə götürdükdə xəstə sayı çoxalmış görünür. 4000 testdən 400 xəstə 10 faiz edir. Bunun isə bir izahı var. Yalnız özünü narahat hiss edib məcbur qalanlar test verdi. Yeni ilin ilk günündə say yenidən 800-ə qalxdı. Bu da normaldır, çünki bayram bitdi və problemlər yada düşdü. Üzümüzə gələn günlərdə xəstə sayında yenidən artım ola bilər. Hətta 1500-2000 kimi rəqmələr də görə bilərik. Səbəb yenə sadədir.

Bir yandan yeni illə bağlı kütləvi qonaqgetmələr, əhalinin bir hissəsinin rayonlara səfəri, digər tərəfdən, şəhidlərimizin “qara bayramı” ilə əlaqədar kütləvi məzar ziyarətləri. Yəni say qalxacaq və bundan qorxmaq lazım deyil, çünki yanvarın 15 -dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik. Yanvar sonuna fikrimcə, yenə 200-400 kimi rəqəmlərlə girəcəyik ki, bu da qış ayları üçün normaldır”.

Bundan sonra nə olacaq və hökümət nə etməlidir?

Bu suala cavabında Müşfiq Hüseynov bildirib ki, növbəti sərtləşmə və sms sistemi yanvarın 18-i mütləq bitməli, ölkə normal həyata mərhələ – mərhələ getməlidir: “İş yerləri, restoranlar açılmalıdır. Çünki xalq müharibədən maddi olaraq bitmiş durumda çıxıb. Bu gün “niyə 1000 adamın getdiyi market açıqdır, amma 2 adamın girdiyi paltar dükanı bağlıdır” sualını hamı verir.

Ümumiyyətlə yanvar – mart ayları arasında mərhələli olaraq bütün sektorları açmaq, hətta mollar və iri ticarət mərkəzləri belə fəaliyyətə başlamalıdır. Mart aylarında olası üçüncü dalğaya həm xəstəxana, həm dərman tədarükü görülməli, bununla yanaşı əhalinin evinə ehtiyac pulu aparmasına şərait yaradılmaldıır. Hökümətə və Operativ Qərargaha bu haqda düşünməyi tövsiyyə edirəm. Əhalinin maddi durumu çiddi sayılacaq qədər sıxıntılıdır”.

  •  (0)
  •  (0)