Yanvarın 1-dən bu avtobuslara icazə verilməyəcək – VİDEObackend

Yanvarın 1-dən bu avtobuslara icazə verilməyəcək – VİDEO

Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.

Hokm.az xəbər verir ki, bir neçə gündən sonra paytaxtda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.

Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var.

Ekspert Elməddin Muradlı “Xəzər Xəbər”ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxtda lazımi infrastruktur mövcud deyil.

Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, “Baku Bus” avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.

Elməddin Muradlı onu da bildirib ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burada da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız “Avro-6” standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq.

Bu qərar 3 il əvvəl verilibsə, paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, köhnə avtobuslar sıxılmış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.

  •  (0)
  •  (0)