Ya sahibkarın müdafiəçisi olacaqsınız, ya da məmurun kölgəsi – Birləşin, görəkbackend

Ya sahibkarın müdafiəçisi olacaqsınız, ya da məmurun kölgəsi – Birləşin, görək

İcraçı direktor: “Azərbaycanda assosiativ biznes birliklərinin sayının artması dövrün tələbidir”İqtisadçı: “Nə vaxta qədər ki, məmur sahibkarlığı davam edəcək, nə biznes inkişaf edəcək, nə də belə qurumlar effektiv olacaq”Azərbaycanın malik olduğu müxtəlif növ təbii sərvətlər həm xarici sərmayədarların ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına münbit şərait yaradır. Rəsmi statistikaya istinad etsək, görərik ki, ölkə əhalisinin 10 faizi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların ərsəyə gətirdiyi şirkətlərdə, özəl müəssisələrdə isə milyonlarla insan çalışır.Son dövrlər müxtəlif sahələrdə çalışan sahibkarların assosiativ birlikləri yaradılır. Aidiyyəti dövlət təşkilatlarının, İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların dəstəyilə təsis edilən bu ictimai birliklərin məqsədi dövlət orqanları ilə qarşılıqlı və faydalı əməkdaşlığa, sahənin problemlərinin həllinə nail olmaq, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində fəal iştirak etmək, birgə biznes təşəbbüslərinin reallaşmasına töhfə verməkdir. Lakin bir çox hallarda analoji qurumlar təyinatından kənar, bəzən isə formal fəaliyyət göstərir.

Dünya təcrübəsində isə bu cür ticari qurumlar vətəndaş cəmiyyəti institutları olaraq hökumətin qərarlarına ciddi təsir imkanları əldə edir, təmsil etdikləri sahibkarların hüquqlarının əsas müdafiəçisinə çevrilir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) icraçı direktoru Mətanət Ağamirli AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda assosiativ biznes birliklərinin sayının artması dövrün tələbidir: “Məlumdur ki, son dövrlər ölkəboyu  institusional islahatlar həyata keçirilir. Bu islahatların mahiyyətində idarəetmədə şəffaflığı təmin etmək, yeni nəsil menecerlər yetişdirmək və onların idarəçiliyə gəlişinə nail olmaq, dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verməkdir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməklə yanaşı, eyni zamanda bütün sahələrdə dəyişikliklərə səbəb olur. Təbii ki, bu islahatlar sahibkarlıq sektorunu da əhatə etməlidir. Bu mənada sahibkarların birləşdiyi assosiativ birliklərin yaradılması təqdir olunmalıdır. Etiraf etmək lazımdır ki, bu, Azərbaycan üçün yeni təcrübədir və qısa müddətdir formalaşmasına baxmayaraq, kifayət qədər uğurlu nəticələri var. Bu, həm də istehlakçıların maarifləndirilməsi, liberal bazar iqtisadiyyatı dövründə sağlam rəqabət mühitinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir”.

“Bu qurumların təyinatı üzrə fəaliyyət göstərməməsi və ya formal fəaliyyət göstərməsi barədə iddiaları bölüşmürəm. Əksinə, təcrübəyə istinad edərək söyləyə bilərəm ki, bu assosiasiyalar sahibkarlar arasında körpü yaradılması, uğurlu koordinasiyanın qurulması, müvafiq qurumlarla birgə əməkdaşlıq, beynəlxalq münasibətlər sistemində əlaqələrin təmini baxımından da müstəsna əhəmiyyətə malikdir”, – deyə həmsöhbətimiz bildirib.

Direkortor təmsil olunduğu qurumun qadın sahibkarlarla uğurlu əməkdaşlıq platforması formalaşdıra bildiyini söyləyib: “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının mənəvi dəstəyi ilə təsis olunub. “ANKİGAD”, “KAGİDER”, “OPORA”, “İnternational Women Public Fund” kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq statusundadır. Eyni zamanda Assosiasiya rəhbərliyi müxtəlif dövlət qurumlarının ictimai şuralarında təmsilçilik hüququ qazanıb. Bu günə qədər minlərlə layihə həyata keçirilib. Bu sırada qadınların biznesə təşviq olunmasından tutmuş, sahibkar xanımların qaldırdıqları problemlərinin həlli, təlimlərin, seminarların keçirilməsi, hökumət və parlament qarşısında təkliflərlə çıxış edilməsi, üzvlər arasında uğurlu təmasın və rabitənin qurulması, onların birgə biznes layihələrində iştiraka cəlbi, gənc sahibkarların xaricdə ixtisas artırmasına və kurslarda iştirakına dəstək, xeyriyyə aksiyaları və s. məsələlərə qədər aktual məqamlar yer alır”.

“Təsəvvür edin ki, eyni istiqamət üzrə çalışan sahibkarlar birləşir və eyni platformada  kordinasiyalı fəaliyyət göstərirlər. Bunun nəyi pisdir ki?! Təbii ki, bu təcrübə bizim üçün yenidir və qarşıda görəcəyimiz işlər hələ çoxdur. Məhz bu assosiasiyaların fəaliyyətinin nəticəsidir ki, bu gün sahibkarlar hökumətin qəbul etdiyi qərarlarının qəbulunda yaxından iştirak edirlər. Bu, həm də işsizliyin azalmasına, “Made in Azerbaijan” brendinin təşiviqinə və gənc sahibkarların yetişməsinə də öz töhfəsini verir”, – deyə Ağamirli vurğulayıb.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya şərhində qeyd edib ki, ticari birliklərin fəaliyyəti sahibkarların hüquqlarını qorumağa və lobbiçilik etməyə yönəlməlidir: “Eyni istiqamət üzrə çalışan sahibkarların maraqlarının qorunması, koordinasiyalı fəaliyyəti baxımından belə birliklər çox əhəmiyyətlidir. Təbii ki, Azərbaycanda da buna start verilməsi, müxtəlif ticari birliklərin yaradılması müsbət məqamdır. Məlumdur ki, Qərb ölkələrində bu cür birliklər çox ciddi təsir mexanizmlərinə malikdir. Hətta bəzən seçkilərin nəticələrinə təsir edəcək qədər güclü olurlar. Bu, daha çox həmin sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətlidir”.

“Şübhəsiz ki, bu, cəmiyyətin də maraqlarına uyğundur. Bu cür qurumların sahibkarların adından təbliğat aparmaq, mövcud problemləri cəmiyyətə çatdırmaq, qarşıda duran problemlərin ictimailəşməsinə və həllinə nail olmaq baxımından əhəmiyyəti böyükdür. Lakin bir məqam da var ki, Azərbaycanda ticari birliklər əksər hallarda formal fəaliyyət göstərir. Sahibkarların təşəbbüsü ilə yox, hökumətin iradəsi ilə ərsəyə gəlirlər. Bu isə öz növbəsində onların müstəqil fəaliyyət göstərmək imkanlarını heçə endirir”, – deyə mütəxəssis bildirib.

Kərimlinin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan bu assosiasiyalar effektiv fəaliyyət göstərə bilmir: “Problem ondan ibarətdir ki, aparıcı biznes sahələri oliqarxların əlində cəmləşib və hansısa şirkətin etiraz səsini qaldırması hökumətə qarşı çağırış kimi qiymətləndirilir. Nə vaxta qədər ki, Azərbaycanda məmur sahibkarlığı davam edəcək, nə biznes inkişaf edəcək, nə inhisarçılıq aradan qalaxacaq, nə rəqabət mühiti yaranacaq, nə də bu cür qurumlar effektiv fəaliyyət göstərəcək”.

“Yalnız biznes effektivliyini təmin etdikdən, məmurları biznesdən uzaqlaşdırdıqdan və müstəqil sahibkarlıq sinfi formalaşandan sonra bu qurumların da ciddi rolu nəzərə çarpacaq. Məhz bundan sonra sahibkarların müstəqil fəaliyyət göstərməsi, qanunların qəbulunda rolu, ictimai rəyə təsir imkanları artmış olacaq”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

  •  (0)
  •  (0)