“Xəzərdə ekoloji fəlakət baş verə bilər”backend

“Xəzərdə ekoloji fəlakət baş verə bilər”

Bir neçə gün öncə  Türkiyədə Mərmərə dənizinin sahillərində fəlakət yaşandı, su səthi ilə sahil kənarını qalın tünd rəngli iyrənc məhlul bürüdü. Onu adətən dəniz seliyi adlandırırlar. Sahilin və dəniz suyunun təmizlənməsi üçün əl altında olan bütün vasitələrdən, o cümlədən texnika və dalğıclardan istifadə olunur. Mütəxəssislər Mərmərənin dəniz seliyinin əsarətinə düşməsinə səbəb kimi su hövzəsinə təmizlənməmiş sənaye sularının yönəldilməsini və orta temperaturun artmasını göstərirlər.

Yerli dalğıclar bildiriblər ki, Mərmərədə hətta 25-30 m dərinlikdə də dəniz seliyinə rast gəliblər. Bu cür hadisə mərcan rifləri ilə dəniz canlılarının məhvinə gətirib çıxara bilər, hətta bəzi dib heyvanları – istridyələr, midiyalar, dəniz ulduzları təhlükə altındadır. Ümumilikdə suda oksigenin miqdarı da xeyli azaldığından həm bioloji müxtəliflik, həm də balıqçılıq böyük zərər görür

Mütəxəssislər onu da əlavə ediblər ki, əvvəllər Mərmərə dənizində bu miqdarda dəniz seliyinə rast gəlinməyib. Axarların təmizlənməsi üçün təcili tədbirlər görülərsə, o zaman suda oksigenin miqdarı beş-altı ilə bərpa oluna bilər.

Bəs görəsən, Xəzərin Bakı sahillərini də belə bir təhlükə gözləyirmi?

Coğrafiya elmləri doktoru,  AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometerologiya şöbəsinin müdiri Səid Səfərov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bütün dünyada qlobal istiləşmə gedir. Qlobal istiləşmə su hövzələrinin temperaturuna, səth temperaturuna təsir edir. Səth temperaturunun artması suyun tərkibində olan oksigenin miqdarının azalmasına səbəb olur. Oksigenin miqdarının azalması orada bir çox canlıların məhv olmasına gətirib çıxarır. Bu da həmin ekosistemin pozulmasına, yəni həm canlıların məhv olmasına, həm də suyun çirklənməsinə səbəb olur. Eyni zamanda həmin canlı orqanizmlərə də oksigen lazım olduğu üçün bu, suyun bir az da pisləşməsinə səbəb olur. Artıq digər canlıların yaşaması da mümkünsüz olur.

Digər tərəfdən, dənizlərdə müəyyən su axınları var. Məsələn, mərkəzi Xəzərdə siklonik su axınları var. Cənubi Xəzərdə, şimali Xəzərdə bu bir qədər müxtəlifdir. Onlar da sinoptik şəraitdən asılı olaraq öz istiqamətlərini dəyişə bilərlər. Elə ola bilər ki, həmin o baş vermiş hadisə nəticəsində, yəni oksigenin azalması nəticəsində məhv olmuş canlıların tullantıları müəyyən bir istiqamətdə sahilə doğru yönələ də bilər. Onda sahildə ekoloji fəlakət baş verə bilər. Yəni bunların hamısının başında duran qlobal istiləşmə, iqlim dəyişmələridir. Adi bir misal çəkək.

Akvariuma diqqət etsək, balıqlar orada hərəkət edir, orada əgər su vaxtlı-vaxtında dəyişilməsə, ora oksigen əlavə olunmasa, o balıqlar məhv olar. Dəniz də, bütün su hövzələri də elədir. Oradakı suyun tərkibində oksigen azalanda həmin hadisələr baş verir. O mühitdə ki, canlılar yaşayır,  o su iylənir. Bir az da qalandan sonra orada rəngi göyərir, saralır və sairə. Yəni ən böyük səbəb qlobal istiləşmədir”.

Coğrafiya elmləri doktoru “dənizə axıdılan çirkab suları da ekoloji fəlakətin yaranmasına səbəb olurmu” sualını cavablandırıb: “Onlar həmişə var. Əlbəttə ki, bu amil dəniz suyuna təsir edir. Xəzər dənizində də, Mərmərə dənizində də bu var. Misal üçün, ”Bakı Buxtası”na paytaxtın bütün çirkab suları  tökülür. Düzdür, son vaxtlar bu ərazidə gərginlik bir az azalıb, digər yerlərdən  buraxılır. Amma o təhlükə yenə qalır. Ancaq bu bir fondur, son 30-40 ildə bu fon var.

Ancaq vəziyyətin pisləşməsinə səbəb həm qlobal istiləşmədir, eyni zamanda dənizdə su axınlarının ənənəvi istiqamətdə dəyişib sahilə doğru yön almasıdır. Harada çirkab varsa, gətirib sahil zonasına çıxaranda həmin ərazidə ekoloji fəlakət baş verə bilər”.

S.Səfərov “insanlar ekoloji fəlakətin qarşısını necə ala bilərlər” sualına da cavab verib: “Bayaq çirkab sularını xatırlatdız. Bütün dünya ölkələrində çalışırlar ki, o çirkab suları dənizə təmizlənmiş şəkildə buraxılsın. Bizdə Xəzəryanı ərazilərdə buna çox fikir verilmir. Qlobal istiləşmənin qarşısını almaq qlobal məsələdir, bu tək Mərmərə, Xəzər məsələsi deyil. Qlobal istiləşmənin qarşısını almaq üçün bütün dünya dövlətləri alternativ enerji mənbələrini istifadə etməlidirlər. Elektrik enerjisi ilə işləyən avtomobillərdən istifadə etmək lazımdır. Biz çirkləndirici maddələrin dənizlərə axıdılmasının qarşısını müəyyən qədər almaqla baş verə biləcək anomaliyaları bir qədər yumşalda bilərik. Dənizdə temperatur nəticəsində canlıların ölməsinin qarşısını almaq nəzəri olaraq mümkün olsa da, təcrübədə bunu etmək demək olar ki, qeyri-mümkündür. Qlobal istiləşmənin qarşısını ancaq bütün dünya ölkələrinin birgə fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının miqdarını azaltmaqla almaq olar. Ancaq o biri miqyasda su hövzələrinə atılan çirkab suları ki var, onlar da harasa atılmalıdır. Müəyyən təmizləyici qurğular vasitəsilə təmizləndikdən sonra bu effekti bir qədər azaltmaq mümkündür”.

  •  (0)
  •  (0)