“Xain” deyə günahsız yerə öldürülənlər məzarda, əsl xain Dubayda… – VİDEObackend

“Xain” deyə günahsız yerə öldürülənlər məzarda, əsl xain Dubayda… – VİDEO

Dünən Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubaydan istirahət görüntüsü yayılıb.

Hər kəs adı xəyanətdə ittiham olunan Sadıkovun həbs olunacağını düşündüyü halda general-polkovnik əli belində, çimərlik şəkli ilə gündəmə gəlib. Onun bu görüntüləri birmənalı qarşılanmayıb və soydaşlarımızın bir çoxunda qəzəbə səbəb olub. O cümlədən Nəcməddin Sadıkovun dolayı yolla ölüm hökmü verdiyi “Tərtər işi”ndə adı keçən mərhum hərbiçilərin ailələrində. “Həmin “casus əməliyyarı” dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər qətlə yetirilib. Çox sonra öldürülənlərin 6 nəfərinə bəraət verilib, qalan 8 nəfər barəsində heç bir tədbir görülməyib. Qətl edilən hərbiçilər vətən xaini adı verilərək yaşayış yerlərindəki məzarlıqlarda gizlicə dəfn ediblər.

“İşgəncələr nəticəsində 14 insan ölübsə və 200-dən çoxu faktiki əlil edilibsə, bu işgəncələrə birbaşa rəhbərlik edənlər niyə həbs olunmurlar? Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Ramil Əkbərov Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur və bütün bu amansızlığı dayısının tapşırığı olmadan həyata keçirə bilməzdi. Niyə Nəcməddin Sadıkov cavab vermir? O bilmirmi ki, orduda maxe, leytenant işləyən bir zabit böyüklərdən xəbərsiz bir addım ata bilməz?”

Bu sualı qətlə yetirilən hərbçi Elçin Mirzəliyevin xanımı Günay Mirzəliyeva səsləndirir. Günay Mirzəliyevanın danışdıqlarını olduğu kimi təqdim edirik:

“Yoldaşım Elçin Mirzəliyev N saylı hissədə tank bölük komandiri olub. O işə maxe kimi başlamışdı. Lakin yaxşı xidmətinə görə Hikmət Mirzəyev ona medal və leytenant rütbəsi vermiş, tank bölüyünün komandiri təyin etmişdi. Mayın 7-də həbs olunub. Axtarıb tapmamışam. Mayın 25-dəəli avtomatlı bir qrup əsgərlə ərimin meyidini gətirdilər, gizlicə Ucarın Şahlıq kəndində namazsız, kəfənsiz basdırıb.

“Vətən xaini” dedilər yaxın buraxmadılar, plastik torbaya bükmüşdülər. 3 gün polislər “o vətən xainidir məzarına yaxın durmaq olmaz” dedilər, yaxına buraxmadılar. Meyidi bir tək dayısına göstərdilər. Dayısı deyir başında işgəncə izləri var idi. Adını qoydular erməniyə tank satıbdır. Yas mərasimi keçirməyə qoymadılar ki, xainə yas tutmaq olmaz. Utancımızdan kəndi tərk eləməli olduq. 2018-ci ilin mart ayında mənə zəng gəldi, Hərbi Prokurorluqdan məktub göndərildi ki, Elçin Mirzəliyev günahsız olub, ona bəraət verilib. 2 dəfə bəraət məktubu almışam əlimdə durur.

Babək Səmidli tərəfindən mənə neçə dəfə təhdid gəlib ki, yoldaşının qanını satacaqsan, məhkəmələrə getməyəcəksən. Mən bu ədalətsizliklə barışmırdım. Tank iynə idimi ki, onu mənim ərim gizlicə sataydı. Mənim uşağım sinirdən, stresdən yataq xəstəsi oldu, müalicə etdirə bilmirəm. Mənə dedilər 10 min manat veririk, susursan. Mənim ərim cinayət etməyib, vətənə xidmət edib. Bu ona verilən qiymətdirmi?

Dəfələrlə çağırdılar ki, gəl pulunu al, sus. Mən tələb elədim ki, yoldaşıma şəhid adı verilsin. Dedilər vətən xaini adı verilib, sonra bəraətini vermişik. Ona şəhid adı versək, aləm bir-birinə dəyəcək. Bu gün Mirzəliyevin və onun kimi şərlənərək öldürülən hərbçilərin ailəsi zülm çəkir, xəyanətin başında dayanan isə Dubayda kefdədir”,- deyə Günay Mirzəliyeva qeyd edib.bizimyol.info

  •  (1)
  •  (1)