Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayev isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunub. Dünən ölkə başçsı gənc və yeni təyin olunan icra başçılarını qəbul edib və onların qarşısında bir sıra vəzifələr qoyub.
Prezidentin apardığı kadr islahatlarını Editor.az-a şərh edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, son kadr təyinatları ölkəmizdə aparılan hərtərəfli islahat siyasətinin tərkib hissəsidr. O qeyd edib ki, aparılan islahatlar və bu xüsusda yeni kadr dəyişiklikləri olduqca uğurludur: “Problemlərin olduğu bəzi rayonlar və bölgələr var. Cənab Prezident bunları çox yaxşı bilir. Aparılan islahatlara adekvat olaraq, kadr siyasətində də yenilənmələrə ehtiyac duyulurdu. Düşünürəm ki, bu təyinatların kifayət qədər effektiv və müsbət nəticələri olacaq. Biz dəfələrlə icra sturukturlarında belə yenilənmələrə şahidlik etmişik. Bu davamlı xarakter alacaq”.
Vüqar Rəhimzadə cəmiyyətdə müəyyən yaşa çatmış bütün şəxslərin vəzifədən azad olunması ilə bağlı dolaşan fikirlərə də münasibət bildirib: “Yenilənmələr qaçılmazdır. Ancaq Cənab Prezident özü də vurğuladı ki, təcrübəli işini bilən, işinin öhdəsinin layiqincə gələn insanlara da ehtiyac duyulur. Hesab edirəm ki, ümumən aparılan islahatlar dövlətimizin, ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir”.
Hokm.az
















