Vilayət Zahirov: “Ədliyyə və məhkəmə işçiləri döyüşlərdə fədakarlıqla iştirak ediblər”backend

Vilayət Zahirov: “Ədliyyə və məhkəmə işçiləri döyüşlərdə fədakarlıqla iştirak ediblər”

“2020-ci il Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olub, 30 ilə yaxın sürən işğala dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib”.

Hokm.az.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini bildirib ki, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılıb, ədliyyə və məhkəmə işçiləri, bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər: “Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı müraciətlər ünvanlanıb. Ölkəmizin ədalətli mövqeyinin təbliği məqsədilə nazirlik tərəfindən Azərbaycan, rus və ingilis dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb.

Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etməsi məqsədilə bələdiyyələrlə də məqsədyönlü iş aparılıb”.

Nazir müavini bildirib ki, milli prioritetlərdə nəzərdə tutulmuş əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır: “Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri isə azad edilmiş yaşayış məntəqələrində yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Ölkəmizdə bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Həmin vaxtdan işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində o vaxtdan bələdiyyə seçkiləri keçirilməyib. İşğal nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyona yaxın vətəndaşımız yerli özünü idarəetmə hüququndan məhrum olub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Bununla yanaşı, ərazilərin bərpası və yenidən qurulması, yaşayış üçün dövlət infrastrukturunun yaradılması, vətəndaşların öz ata-baba yurduna qayıtması, torpaq islahatları və digər işlər həyata keçirilməlidir. Bu işlərin həyata keçirilməsindən sonra bələdiyyə seçkilərinin keçirilməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması vəzifələri durur. Uzun müddət məcburi köçkün həyatı yaşamış insanların konstitusion hüquqları bərpa olunacaq”

  •  (1)
  •  (0)