Vəzifəli şəxslərin “qohumu” olan polisin şok əməlləri – TƏFƏRRÜATbackend

Vəzifəli şəxslərin “qohumu” olan polisin şok əməlləri – TƏFƏRRÜAT

Azərbaycanda özünü vəzifəli şəxslərin qohumu kimi təqdim edərək dələduzluqda ittiham olunan 1992-ci il təvəllüdlü Samranın məhkəməsi başa çatıb.

 

Hokm.az Teleqraf.com-a istinadla bildirir ki, Samran tanışı Naibəyə özünü nüfuzlu və yüksək vəzifəli şəxslərlə qohumluq və tanışlıq əlaqələri olan şəxs kimi təqdim edib. O, əlaqələrindən istifadə etməklə, pul müqabilində ehtiyacı olan şəxsləri müxtəlif dövlət müavinətləri ilə təmin edə biləcəyinə inandırıb.

 

Samran Naibəyə hər bir övladına ayrı-ayrılıqda mənzil, ərinə avtomobil, əlil qardaşına avtomobil, ailə üzvlərin hər birinə 11 min manat məbləğində sosial sığorta pulu, övladlarının hər birinə sosial müavinət və dövlət tərəfindən hər ay 280 manat maddi yardım verilməsini təmin edəcəyinə yalan vəd verib.

 

O, 6 fevral 2020-ci ildə Sabunçu körpüsü adlanan yerin yanında Naibədən 55.000 manat məbləğində pul alıb. Bundan başqa o, təkrar Naibəni aldadaraq onun qızını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə müdir vəzifəsinə işə düzəldəcəyi barədə vəd verib, həmin il sentyabrın 9-da Zabrat qəsəbəsimdə yerləşən “Luxan” marketin qarşısında 15.000 manat pulunu alıb.

 

Daha sonra Naibənin oğlunu Azərbaycan Dəmiryolları ASC-nin nəzdində mövcud olmayan universitetə tələbə kimi qəbul etdirəcəyi və sürücü düzəldəcəyi barədə yalan vəd verib, 2020-ci ilin noyabrın əvvəllərində 14.000 manat məbləğində pulunu ələ keçirib.

 

Bundan başqa, Samran tanışı Familin arvadına pensiya düzəldəcəyi adı ilə 2020-ci il iyul ayında ondan 1100 manat pul alıb.

 

Daha bir tanışı Əlişin məhkəmədə olan 14 min manatlıq mülki işini 3 min manata həll edəcəyinə dar yalan vəd verib. Bu yolla onun 1800 manatını ələ keçirib.

 

İstintaq orqanı tərəfindən Samranın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb.

 

“Pulların bir qismini mənə verəcəkdi”

 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Samran ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildən SOCAR-ın nəzdində olan zavodda, Suraxanı Mühafizə idarəsində və Zabrat qəsəbəsi ərazisində yerləşən Göz Reabilitasiya Mərkəzində kiçik serjant rütbəsində mühafizə polisi işləyib:

 

“Təxminən 2020-ci ilin yanvarında Naibə ilə tanış oldum. Naibə Göz Reabilitasiya mərkəzində tibbi bacısı, mən isə mühafizə polisi işləmişəm. Naibə tanış-bilişləri üçün pul müqabilində iş həll edə biləcəyini bildirdi. Lakin məsələləri mənim vasitəmlə həll etmək istədiyini dedi. Naibə istəmədi ki, bu işlərdə adı hallansın. Bunun müqabilində isə aldığı pulların bir qismini mənə verəcəkdi”.

 

Təqsirləndirilən şəxs deyib ki, beləcə, 1 il müddətində ona ümumilikdə təxminən 5000-6000 manat pul verib: “Təxminən 2020-ci ilin ortalarında Naibə mənə zəng vuraraq, Firdovsi və Bəxtiyar adında qardaşları evinə gəldiyini, pulları geri tələb etdiklərini bildirdi, mənim kömək etməyimi istədi. Güya pulları mən götürdüyümü və qısa bir zamanda geri qaytaracağıma vəd verdiyimi istədi.

 

Naibənin evinə gələrək onun dediklərini etiraf etdim. Bundan sonra aramızda heç bir söhbət olmadı”.

 

Samran deyib ki, bundan sonra da bir neçə dəfə Naibə ilə bu tərzdə iş birlikləri olub: “Yəni Naibə qohum-tanışlarına sosial kart, ev, işə düzəltmək adı ilə mənim adımdan istifadə edərək pul alır, o puldan 200-300 manatı isə mənə verirdi”.

 

Samran bildirib ki, 2020-ci ilin iyun ayında Əliş adında şəxs zəng vurub, nömrəsini Naibədən aldığını deyib, məhkəmə vasitəsi ilə bir nəfərdən pulu geri ala bilməsində köməklik istəyib:

 

“Əliş mənimlə görüşdü və 1200 manat verdi. Həmin puldan 800 manatı Naibəyə verdim. Qalan hissəsi isə məndə qaldı”.

 

Samran deyib ki, digər zərərçəkmiş Famili idarə etdiyi “Lifan” markalı avtomobili təmirə aparan zaman tanıyıb: “Babək prospektində yerləşən servisdə maşınımı təmir edən zaman Famil həyat yoldaşı üçün əlillik pensiyası düzəltməyimi istədi. Mən ona işi həll edə biləcəyimi söylədim. Bunun müqabilində Famil Pirşağı qəsəbəsində yaşadığı evin qarşısında bir dəfə 500, bir dəfə də 600 manat pul verdi. Həmin puldan işi həll etmək üçün 800 manat Naibəyə, 300 manat mənə çatıb”.

 

“Polis işçisi olduğu üçün ona inandım”

 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Naibənin sözlərinə görə, 2018-ci ildən etibarən Zabrat qəsəbəsində yerləşən Gözdən Əlillər üçün Reabilitasiya Mərkəzində tibb bacısı işləyir:

 

“Samranı təxminən 1 ildən çoxdur ki, tanıyıram. 2020-ci ilin yanvarında işlədiyim reabilitasiya mərkəzinə polis mühafizəçi işinə düzəldi. Bir neçə gün sonra söhbət zamanı mənə şəhid ailəsi olduğunu bildirdi. Mən də həyat yoldaşımın Qarabağ müharibəsi əlili olduğunu dedim.

 

Bu zaman Samran məndən ev və maşın alıb-almadığımızı soruşdu. Mən ona maşın yox, dövlət tərəfindən ailəmizə ev verildiyini bildirdim.

 

Samran ərimin Qarabağ əlili olduğuna görə hər bir övladıma bir ev, yoldaşıma maşın, qardaşım Firdovsi hərbi əlil olduğuna görə ona da maşın düşdüyünü, ailə üzvlərimizin hər birinə 11000 manat sosial sığorta pulu, uşaqların hər birinə sosial müavinət və hər ay 280 manat maddi yardım verilməli olduğunu dedi. Samran polis işçisi olduğu üçün ona inandım”.

 

“İşlərin yubandığını bildirdi”

 

Naibənin bildirdiyinə görə, Samran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəli tanışları olduğunu, ona köməklik edə biləcəyini söyləyib: “6 fevral 2020-ci ildə saat 10 radələrində Sabunçu körpüsünün yanında Samranla görüşdüm, ona 55.000 manat verdim. Mənə may ayının sonlarında işlərin hazır olacağını söylədi.

 

Bir neçə ay bu məsələ ilə bağlı Samranı narahat etmədim. Təxminən may ayının sonlarında Samrana zəng vuraraq işlərin nə yerdə olduğunu soruşdum. Samran sərt karantin rejimi ilə əlaqədar işlərin yubandığını, oktyabr ayında hər şeyi təqdim edəcəyini bildirdi”.

 

“Müharibəni bəhanə gətirdi”

 

Zərərçəkmiş qeyd edib ki, sentyabr ayında işdə olduğu zaman Samranla söhbət zamanı qızı Xalidənin Tibb Kollecini bitirdiyini, mərkəzdə işlə təmin etmək istədiyini deyib: “Samran mənə bu məsələdə də köməklik edə biləcəyini, Xalidəni müdir vəzifəsinə təyin etdirəcəyini söylədi. Bu söhbətdən bir neçə gün sonra Samran mənə zəng vurdu, artıq məsələnin həllini tapdığını, təcili 15.000 manat pul verilməli olduğunu dedi. Beynəlxalq banka kredit üçün müraciət edərək təqribən sentyabrın 9-da 15.000 manat pulu götürdüm, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında Samrana verdim.

 

Samran pulu götürərək oktyabr ayında qızımın işə çıxacağını bildirdi. Oktyabr ayının əvvəllərində işlərin nə yerdə olduğunu soruşdum. O, müharibəni bəhanə gətirərək işlərin təxirə salındığını dedi.

 

Bir neçə gün sonra işdə Samranla söhbət zamanı təsadüfən oğlum Həsənin işsiz olduğunu, dəmir yolları qatarlarına həvəs göstərdiyini bildirdim. Samran Azərbaycan Dəmiryolları ASC-də yüksək rütbəli tanışları olduğunu, orada universitetin fəaliyyət göstərdiyini, oğlum Həsəni oraya tələbə kimi qəbul etdirə biləcəyini və qısa bir zamanda qatar sürücüsü kimi işə başlayacağını dedi, 14.000 manat pul istədi.

 

Ona digər işlərin həllini tapmadığından nə üçün ona inana biləcəyimi soruşdum. “Bibi, arxayın ol, mənim yüksək vəzifəli tanışlarım hər şeyi həll ediblər, sadəcə pandemiyaya görə uzanır” bildirdi. Sonra da əlavə etdi ki, qısa bir zamanda 14.000 manat pulu verməsəm, oğlumun işi həll olunmayacaq. Mən də inanaraq 2020-ci ilin noyabrın ortalarında 14.000 manatı Zabratda ona verdim”.

 

“Məni DTX həbs etdi…”

 

Naibə deyib ki, bundan sonra dəfələrlə Samranla əlaqə saxlamağa çalışsa da, gah zənglərinə cavab verməyib, gah anasının xəstəxanada müalicə aldığını və sair bəhanələr gətirərək verdiyi vədlərə əməl etməyib: “Samrana polisə müraciət edəcəyimi söylədim. O, müraciət etdiyim təqdirdə pullarının batacağını və işlərin həll olunmayacağını dedi.

 

Sonuncu dəfə Samran mənə 2021-ci ilin martında zəng vuraraq “bibi, məni DTX həbs edib, təcili pul göndər, yoxsa mən tutulsam, sən verdiyin pullar batacaq” deyərək 4.000 manat istədi. Samranın artıq məni aldatdığını anladım, ona pul vermədim. Aprel ayın əvvəllərində polis orqanlarına Samran barəsində şikayət etdim”.

Ətraflı

“55 min manatı borc almışdım”

 

Naibənin sözlərinə görə, 55.000 manat pulu tanışı və iş üzrə zərərçəkmiş Əlişdən borc alıb: “Həmin pulu Samrana verdim. Lakin Əlişdən borc aldığım üçün məcbur olaraq 13 fevral 2020-ci ildə 1500 manat məbləğində kredit götürdüm. Ardınca isə ərimin adına 3400 manat məbləğində kredit götürdük.

 

Bundan sonra martın 5-də öz adıma yenə də 3300 manat, iyunun 17-də qonşumuzun adına 7000 manat məbləğində kredit götürməli oldum.

 

Sentyabrın 17-də 4400 manat məbləğində kredit götürərək Əlişə pulunun bir hissəsini qaytardım. Bir müddət sonra, yəni noyabrın 9-da pasiyentim olmuş şəxsin adına 4000 manat məbləğində kredit götürdüm və Əlişə verdim. Həmin ərəfədə Rusiyanın Xabarovsk vilayətində yaşayan bacım Reyhan 16600 manat məbləğində bankın pul köçürmə vasitəsi ilə mənə göndərdi. Həmin pulları Əlişə borclu olduğum üçün qaytardım”.

 

“Şübhə yaratmadı”

 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlişin sözlərinə görə, Naibəni uşaqlıq illərindən tanıyıb: “Naibə Pirşağı qəsəbəsində yerləşən Gözdən Əlillər üçün Reabilitasiya mərkəzində tibb bacısı işləyir. Samranı isə Naibənin vasitəsi ilə tanımışam.

 

2020-ci ilin iyun ayında Naibə ilə söhbət zamanı Ramil adında bir şəxsin mənə 14500 manat borcu olduğunu söylədim. Naibə də Samran adında bir polis tanışı olduğunu, pulun qaytarılmasına köməklik edə biləcəyini bildirdi. Bir neçə gün sonra Naibə vasitəsi ilə Samranla mobil telefonla danışdım, Ziya Bünyadov prospektində işlətdiyim dükanın qarşısında görüşdük, ona problemimi izah etdim.

 

Samran şəxsi vəkili vasitəsi ilə mənə borclu olan Ramili məhkəməyə verəcəyini və pulu geri alacağını dedi. Ramilin dükanımdan alış-veriş edib, ödənişləri etmədiyini bildirdim. Bu işlərin müqabilində Samran məndən 3000 manat istədi.

 

Polis işçisi olduğu üçün ona inandım. Həmin vaxt ilkin olaraq 1000 manat, qaimələri və şəxsiyyət vəsiqəmin surətini verdim. Məbləğin digər hissəsini isə bir müddət sonra verməyə razılaşdıq. Təxminən 10 gün sonra Samran mənimlə əlaqə saxlayaraq əlavə 500 manat lazım olduğunu bildirdi. Onunla yenidən Ziya Bünyadov prospektində yerləşən dükanının qarşısında görüşdük və 500 manat verdim.

 

Bir neçə gün sonra Samran yenidən mənimlə əlaqə saxladı, yenə 500 manat istədi. Ona üstümdə 300 manat olduğunu söylədim. Samran həmin məbləği Naibə vasitəsi ilə çatdırmağımı istədi.

 

Həmin günün axşamı Maştağa qəsəbəsində Naibə ilə görüşdüm, 300 manatı verdim ki, Samrana çatdırsın. Axşam saat 23 radələrində Samran zəng vurdu ki, Naibə 300 manatı ona çatdırıb. Qalan 1200 manatı isə işin sonunda verəcəyimə razılaşdıq”.

 

“102-yə məlumat verdim”

 

Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib ki, Samran sonradan işi həll etməyib, bəhanələr gətirib: “2020-ci ilin sentyabrında müharibəyə getdim, dekabrın 31-də qayıtdımr. Bu müddət ərzində müharibədə olduğum üçün nə Samranla, nə də Naibə ilə əlaqə saxladım.

 

Müharibədən sonra dəfələrlə Samrana zəng vursam da, gah cavab vermədi, gah da müxtəlif bəhanələr gətirdi. Mənə işin hazır olduğunu bildirdi, pulun bank kartına köçürüldüyünü və Naxçıvandan Bakı şəhərinə göndərilməsi qaldığını bildirdi.

 

2021-ci ilin martın ortalarında artıq mənə məlum oldu ki, Samran etibarımdan sui-istifadə edib, məni aldadıb. Martın sonlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə zəng vuraraq hadisə barədə bildirdim”.

 

“Üç aya işin həll olunacağını dedi”

 

Digər zərərçəkmiş Famil qeyd edib ki, Samranı 2020-ci ilin iyul ayının sonlarında tanıyıb: “Samran idarə etdiyi “Lifan” markalı avtomobili təmir elətdirmək üçün yanıma gətirdi. Söhbət zamanı təsadüfən ona həyat yoldaşım İlhamənin səhhəti ilə bağlı bir neçə əməliyyat keçirdiyini, lakin əlillik üçün pensiya ala bilmədiyini, iş yükünün çoxluğundan sənədlərin dalıyca getməyə vaxtımın olmadığını bildirdim.

 

Samran qohumunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, onun əlində bu işin heç nə olduğunu bildirdi. Nəyin müqabilində köməklik edə biləcəyini soruşdum. Samran dedi ki, 1100 manat indi, 3 aya, təxminən oktyabr ayın əvvəllərində pensiya kartı düzələndən sonra 700 manat da əlavə verərsən.

 

Sənədlərin olub-olmadığını soruşdu, axşam evinə gələrək sənədlərə baxış keçirəcəyini bildirdi. Həmin gün axşam saat 20 radələrində Pirşağı qəsəbəsində yaşadığım evin qarşısına gəldi. Sənədlərə baxdıqdan sonra hər şeyin qaydasında olduğunu, məsələni yoluna qoya biləcəyini söylədi. İlhamənin şəxsiyyət vəsiqəsini götürmədi. Həmin gün Samrana 1100 manat verdim”.

 

“Anladım ki, dələduzdur”

 

Familin bildirdiyinə görə, səhəri gün Samran ona mobil telefonla zəng vuraraq bu iş üçün əlavə 700 manata ehtiyacı olduğunu bildirib: “Həmin gün axşam saatlarında Samran yaşadığım evə gəldi. Söhbət zamanı dedi ki, düzəldən adam 2500 manat istəyir. Bu qiymətə pensiya olmadığını, ona əlavə pul verməyəcəyimi bildirdim Bundan sonra Samran getdi.

 

Təxminən 1 ay sonra işlədiyim servisdə Samranı gördüm, oktyabr ayında pensiyanın hazır olacağını dedi. Elə həmin ərəfədə adlarını hazırda xatırlamadığım tanışlarımdan Samranın ehtiyat hissələri dükanından 160 manat dəyərində avtomobil dinamosu götürüb, aldadaraq pulunu ödəmədiyini öyrəndim.

 

Bunu eşidəndə anladım ki, Samran dələduzdur, lakin oktyabr ayına razılıq olduğu üçün gözləməyə qərar verdim. Oktyabr ayının əvvəllərində bir neçə dəfə Samranın mobil telefonuna zəng vursam da, zənglərim cavabsız qaldı”.

 

“Ərimin xəyanət etdiyini düşündüm”

 

Bu iş üzrə Samranın həyat yoldaşıd a şahid qismində ifadə verib. O, ifadəsində göstərib ki, Samranla 2016-cı ildə ailə həyatı qurub:

 

“2020-ci ilin aprel aylarında Samranın tanımadığım bir qadınla bir neçə dəfə mobil telefon danışıqlarını dinlədim. Onun mənə xəyanət etdiyini düşündüm, adını sonradan bildiyim Naibə adlı qadının mobil telefon nömrəsini götürərək əlaqə saxladım.

 

Danışıq zamanı Naibə dedi ki, Samranın iş yoldaşıdır, aralarında pul haqq-hesabı var.

 

Bundan sonra son 1 il ərzində Samranın Naibə ilə tez-tez telefon danışıqlarının şahidi oldum. Həyat yoldaşı kimi qısqandığımdan bir neçə dəfə Naibə ilə mobil telefonla əlaqə saxladım. Lakin hər dəfəə Naibə başqa mövzular barədə söhbət açaraq bu işlər barədə mənə bir söz demədi. Beləcə Naibə ilə münasibətlərimiz yarandı.

 

Son bir il ərzində Naibə bir neçə dəfə mənə zəng vuraraq Samranın harada olduğu ilə maraqlandı. Məndə belə bir fikir yarandı ki, Samran Naibədən qaçır. Lakin hadisələrin gedişatı barədə nə Samran, nə Naibə bu işlər barədə heç bir söz demirdilər”.

 

“Öyrəndim ki, ərimdən şikayət edilib”

 

Şahidin sözlərinə görə, 2021-ci ilin aprel ayında Naibə ilə telefonla danışıq zamanı Samranın ona 50.000 manatdan çox borclu olduğunu bildirib: “Məlum oldu ki, Samran sosial kart, ev və digər güzəştlər barədə Naibəyə vədlər verərək pullarını alıb və ondan polis orqanlarına şikayət verilib”.

 

Samran 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zərərçəkmiş şəxslərə Samrana qarşı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilib.

 

  •  (0)
  •  (0)