Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır… – “Maraqlanan da yoxdur…”backend

Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır… – “Maraqlanan da yoxdur…”

Vətən müharibəsində fədakarlıq göstərən qəhrəman oğullarımızdan biri də Lələyev Elşad Qəmsər oğludur. 1987-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulan Elşadın hərbi sahəyə uşaqlıqdan həvəsi olub. Bu həvəs onu Təlim-Tədris mərkəzinin gizir hazırlıq kursuna gətirib. 2009-cu ildə tağım komandirinin müavini kimi oranı bitirib, 3 ay əlavə də tank komandiri vəzifəsində təkmilləşmə kursu keçib. Xidmətdə olduğu müddətdə döyüşlərə qatılıb.

Qəhrəmanımız döyüş yolunu Moderator.az ilə bölüşüb.

“Döyüşlər başlayanda 10 güclü heyət içərisindən məni seçdilər. Komandirim deyirdi ki, Lələyev mütləq orada olmalıdır. Tankçı kimi ilk döyüş yolum Tərtərin Talış kəndi istiqamətində oldu. Orada “Polad” və “Ruslan” postları var idi, bu postlar düşmənə çox yaxın idi. Tank komandiri vəzifəsində idim, tabeliyimdə iki əsgər-döyüşçü var idi. Qarşıma qoyulan birinci öhdəlik düşmən bölüyünün və tağımın dayaq məntəqəsini məhv etmək idi, Allahın köməyi ilə buna nail olduq, oranı darmadağın etdik. Daha sonra Suqovuşan istiqamətində düşmən korpusunun tank bölüklərini məhv etdik. Məndən başqa iki tankçının da orada əziyyəti olub. Bu istiqamətdə “pexota” gedə bilmirdi, ancaq ağır texnika, daha dəqiq desək tank irəliləyirdi. Biz gedib onların canlı qüvvəsini və ağır texnikalarını sıradan çıxarırdıq ki, yol açılsın və kəşfiyyat o əraziyə rahat girsin. Daha sonra Cəbrayıl, Qubadlıda da bir sıra əməliyyatlarda iştirak etdik. Laçının Səfiyan kəndini bir mənim tankımla və 12 nəfərlik heyətlə almışıq” deyə gizir bildirib.

Qəhrəman döyüşçü bu günki gündə ona qarşı olan etinasız münasibətdən də danışıb.

“3 aydır ki, müharibə bitib, amma mənə nə bir diplom verilib, nə də hər hansısa medalla təltif olunmuşam. Döyüşlərə yollananda bunları fikirləşmirdim, heç vaxt da medala görə döyüşə qatılmamışam. Mən heç kimdən nə ev, nə maşın, nə də pul istəmirəm, sadəcə haqqım olanı istəyirəm. Sözün düzü heç maraqlanmamışam ki, adım niyə medal verilənlərin siyahısında yoxdur? Vətən torpağı uğrunda döyüşlər başlayanda düşmənin ilk tankını mən gətirmişəm. Döyüş gedə-gedə texnika gətirirdim, bu daha çətin idi. Onlar öz texnikalarına od vurub yandırırdılar ki, biz onları əldə etsək sonradan bu texnikaları onlara qarşı istifadə etməyək. Ərazini alandan sonra düşmən texnikası daşımağa nə var ki? Buna şahidlər də var, hamısı da sağdır. Təbii ki, çox əziyyət çəkirdik, çünki düşmən tərəfə keçəni vururdular, amma bütün bunlara baxmayaraq mən gedib gətirirdim. Hətta mənim heyətimdən biri döyüşlərdə yaralanıb da. Bir neçə təhlükəli yerlərə gedib, tank gətirmişəm. Halbuki heç kim ürək etmirdi həmin ərazilərə getsin. Komandirim deyirdi ki, çox qırağa çıxma, səni izləyirlər, vurmaq istəyirlər. Heç vaxt da getdiyim yerdən əliboş geri qayıtmamışam. Baxmayaraq ki, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. Bir çox hallarda düşmənin 40 metrliyində, 70 metrliyində döyüşmüşəm, bir çox yaralıları döyüş meydanından çıxarmışıq” deyə Elşad bildirib.

Elşad Lələyev bildirib ki, hal-hazırda xidməti ilə əlaqədar olaraq kirayədə yaşayır və iki azyaşlı övladı var. Gizir həmçinin nə cəbhədə olduğu müddətdə, nə də gəldiyi gündən sonra Ağstafa Rayon İcra Hakimiyyətindən, nə rayon ictimaiyyətindən, nə də hər hansısa dövlət qurumundan onun ailəsi ilə heç bir şəxsin maraqlanmadığını bildirib.

  •  (0)
  •  (0)