ÜST: COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıbbackend

ÜST: COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı ilə görüşüb.

Komitədən Hokm.az-a verilən məlumata görə, komitə sədri görüşdə qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərini bildirib:

“Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.

Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunun vacibliyini vurğulayıb, Dövlət Komitəsi ilə hər zaman əməkdaşlığa hazır olduğunu deyib, COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.

Daha sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov “Azərbaycanda KT Sektorunun Gücləndirilməsi” layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün effektiv siyasətin tətbiq edilməsi və həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib.

Köməkçi Texnologiya sistemlər və xidmətlər daxil olmaqla köməkçi vasitələr ilə əlaqəli mütəşəkkil bilik və bacarıqların tətbiqi olduğunu vurğulayan V.Məmmədov köməkçi vasitənin əsas məqsədinin insanın funksionallığını və cəmiyyətdə inkluzivliyini, yerini qorumaq və ya yaxşılaşdırmaq, onun rifahını bərpa etmək üçün xüsusi istehsal edilmiş və əlçatan hər hansı bir xarici vasitə olduğunu dedi.

ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günə qədər artıq 40 ölkədə tətbiq olunub. Həmçinin, Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə Köməkçi Texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən də çoxdur.

  •  (0)
  •  (0)