UNEC İqtisadi Forumu:“Postpandemiya dövründə biznes transformasiyası”-FOTObackend

UNEC İqtisadi Forumu:“Postpandemiya dövründə biznes transformasiyası”-FOTO

Dekabrın 3-də UNEC İqtisadi Forum 2021 öz işini davam etdirib.

Hokm.az xəbər verir ki, dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan “Zəfər yolu” adlı forumun növbəti paneli “Postpandemiya dövründə biznes transformasiyası” mövzusunda olub.

Forumda Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, PAŞA Holdinqin Baş İcraçı direktoru Cəlal Qasımov, BP-nin Kommunikasiyalar, xarici əlaqələr, strategiya və region üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Veon Şirkətinin Rəqəmsal və yeni biznesin inkişafı üzrə vitse-prezidenti (Rusiya) George Held mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya dövründə iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi, gözlənilməz risklərə qarşı hazırlıq səviyyəsinin artırılması, eləcə də müasir, innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsinin prioritet məsələlərə çevrildiyini bildirib. Avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyatın qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyllər olacağını deyib. KOBİA sədri iqtisadi transformasiyanı həyata keçirmək üçün  maliyyə resurslarına çıxış imkanlarının önəmindən danışıb: “Alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyaları dayanıqlı maliyyə resurslarının təmin edilməsi üçün qarşıdakı dövrlərdə mühüm əhəmiyyət kəsb edəcək”. O.Məmmədov sahibkarların bilik və bacarıqlarının artırılmasının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, KOB inkişaf mərkəzlərinin həyata keçirdiyi tədbirlərdən söz açıb. Məruzədə ölkə başçısı tərəfindən təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığı, həmin strategiyanın postpandemiya və postmünaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarının müəyyən ediləcəyi diqqətə çatdırılıb.

PAŞA Holdinqin İdarə Heyətinin sədri Cəlal Qasımov UNEC-in təşkil etdiyi məzmunlu, keyfiyyətli forumların sayının ilədn-ilə artmasını yüksək qiymətləndirib. Mövzu ilə bağlı çıxış edən holdinq rəhbəri postpandemiyada biznes sahəsində baş verən trendləri açıqlayıb, onları məsafədən çalışma, sürətləndirilmiş rəqəmsallaşdırma, psixoloji və makro faktorlar kimi səciyyələndirib. Bizneslərin çevikliyə və trendlərə, yeni çalışma metodologiyalarına uyğunlaşmalı olduqlarının vacibliyinə diqqət çəkib. “Bacarıqlı mütəxəssislərə tələb artmaqdadır. Xaricdə çalışan bacarıqlı gənclər ölkəmizdə işə cəlb olunmalıdır. Bu istiqamətdə isə hibrid iş modelinin tətbiqi çox faydalıdır. Süni intellektləri aşkara çıxarmaq, İT platformalarını açıq etmək lazımdır, bu sahəyə yatırılan sərmayələr artırılmalıdır. Rəqəmsal bazarlardan istifadə etməyən şirkətlər, biznes qurumları qısa zamanda bazardan çıxmaq təhlükəsi ilə üz-üzə qalacaqlar”, deyə C.Qasımov bildirib.

BP-nin Kommunikasiyalar, xarici əlaqələr, strategiya və region üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli transmilli korporasiyalar və neft-qaz sahəsində onların üzləşdiyi problemlər barədə danışıb, bu istiqamətdə BP təcrübəsini bölüşüb: “Pandemiya böhranında neft-qaz və enerji sənayesi ikiqat çətinliklərlə üzləşərək, strategiyalarında ciddi dəyişikliklər elan etdilər. BP 112 illik beynəlxalq neft-qaz şirkətindən inteqrasiya edilmiş enerji şirkətinə çevrilməyi hədəflədi və neft-qaz resursları ilə bərabər, yeni enerji həllərini müştərilərə təklif etməyi qarşısına məqsəd qoydu”. B.Aslanbəyli postpandemiya dövründə iqtisadiyyatın tənəzzülü nəticəsində məhsulların inteqrasiyasının investisiya uğrunda rəqabəti daha da gücləndirəcəyini deyib.

Postpandemiya dövründə ən önəmli məsələlərdən birinin insan faktoru və insanların emosional psixoloji durumunun dəstəklənməsi olduğunu deyən BP rəsmisi, hibrid iş rejiminə keçidin əhəmiyyətindən də söz açıb, bunun peşə transformasiyasına gətirib çıxaracağını bildirib.

Foruma onlayn qoşulan Nobel Sülh mükafatçısı Məhəmməd Yunus pandemiyanın ölkələrə və cəmiyyətə təsirindən danışıb. Pandemiya böhranında yoxsulluq səviyyəsində yaşayan insanların daha da yoxsullaşdığını, sərvətin konsepsiyasının isə artdığını deyib: “Yuxarda nə qədər sərvət artması olacaqsa, digər tərəfdə də yoxsullaşma payı yüksələcək”. Alim qlobal istiləşməyə də diqqət çəkib: “10 ildən sonra kritik istiləşmələr baş verəcək, həyat insanlar üçün dözülməz olacaq. Planetimiz, evimiz yanır, lakin buna baxmayaraq, texnoloji nailiyyətlərdən danışırıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, digər tərəfdən isə dünya sərvətinin ədalətsiz təmərküzləşməsi prosesi gedir”. Süni zəka və texnologiyaların tətbiqinin işsizliyə gətirib çıxaracağını, bunun da yoxsulluğun artımına səbəb olacağını deyən alim,  sistemin yenidən işlənməli olduğunu deyib: “Təhsil sistemimiz bizi iş yaradan etməlidir. Lakin biz bunun əksini görürük, gəncləri iş həyatına deyil, həyata hazırlamaq lazımdır. 3.0 ideyası tətbiq olunmalıdır. Gəncləri sahibkar olmağa həvəsləndirməli, 3.0 klubları yaradılmalıdır. Mən çox şadam ki, azərbaycanlı gənclər artıq bu klubu yaradıblar. Bir halda ki, biz planeti qoruya bilmirik, bu missiyanı gənclərə həvalə edək”.

Forumun moderatoru, Veon Şirkətinin Rəqəmsal və yeni biznesin inkişafı üzrə vitse-prezidenti George Held süni intellektin biznesin inkişafına verdiyi  müsbət töhfələr barədə geniş təqdimatla çıxış edib. O, data analitikası sahəsindəki yeniliklər və onların hazırda iqtisadi, ekoloji, biznes və digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması yönündə fikirlərini bildirib. Cənab Held dünyada informasiya çoxluğunun bir sıra problemlərə yol açdığını və bunun həll yolu kimi müsbət informasiyaların seçilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb.

Çıxışlardan sonra məruzəçilər mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

Forum “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda panel 5 müzakirələri ilə davam edib.

  •  (2)
  •  (0)