Umayra Tağıyeva: “Havaların yaxın gələcəkdə hansı sürprizləri gətirəcəyini demək çətindir”backend

Umayra Tağıyeva: “Havaların yaxın gələcəkdə hansı sürprizləri gətirəcəyini demək çətindir”

Bu il avqust ayında yağan qar Şahdağın 2721 metr hündürlükdə yerləşən dağlıq ərazilərində müşahidə olunub.

Hokm.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, avqust ayında yağan qar anomal hava kimi qiymətləndirilsə də ümumilikdə havaların yağmurlu keçməsinin müsbət tərəfləri də var:

 

“Qarlı hava şəraiti yüksək dağlıq ərazilərdə müşahidə edilib, buna görə də kənd təsərrüfatı üçün fəsadsız ötüşüb. Güclü yağış isə bəzi dağ çaylarında daşqınlara səbəb olub. Amma bu il yaz-yay fəsli əsasən, çox quraq keçib. Ona görə də Kür çayının aşağı axımında da vəziyyət ürəkaçan olmayıb. Bu səbəbdən son günlərdə yağan intensiv və güclü yağış çaylarda sululuq səviyyəsini artırıb. Hava avqust ayı üçün anomal keçsə də, müsbət tərəfləri də qeyd olunmalıdır. Belə ki, Mingəçevir su anbarına az da olsa öz təsirini göstərib”.

U.Tağıyeva onu da əlavə edib ki, yay fəslində yağışlar daha çox respublikanın dağlıq və dağətəyi rayonlarında müşahidə edilir.

“Adətən Aran rayonlarında çox az miqdarda yağış olur. Amma bu dəfə əsl payız havası hiss edilib. Yağıntılar bəzi Aran rayonlarında da özünü göstərib. Hətta deyərdim ki, bir gün ərzində yağıntının miqdarı ay ərzində düşən yağıntının midarına bərabər olub. Bu da kənd təsərrüfatı sahəsinə olduqca müsbət təsir edə bilər.

Havaların yaxın gələcəkdə daha hansı sürprizlər gətirəcəyini isə indidən proqnozlaşdırmaq çətindir”- deyə U.Tağıyeva qeyd edib.

  •  (0)
  •  (0)