Üç yaşlı “Agromix”in rəhbəri: “Bizi irəli aparan inamımız, komandamız və səyimizdir”backend

Üç yaşlı “Agromix”in rəhbəri: “Bizi irəli aparan inamımız, komandamız və səyimizdir”

“Agromix” şirkətinin fəaliyyətə başlamasından üç il ötür. Paytaxtın super və hiper marketlərini meyvə-tərəvəz məhsulları ilə təhciz edən, İran, Türkiyə, Hollandiya və digər ölkələrdən məhsul idxalını həyata keçirən, orqanik tərəvəz məhsulları istehsal edən, qısa müddətdir yaranmasına baxmayaraq, bazarda mövqelərini günü-gündən möhkəmləndirən “Agromix”in üç yaşı “Netwoking Azerbaijan” Biznes Klubunun təşkilatçılığı ilə “PORT Wine and GRILL”-də qeyd olunub. Mərasimdə iş adamları, ictimaiyyət fəalları və mətbuat nümayəndələri iştirak ediblər.

“Agromix” şirkətinin təsisçisi, biznes-ledi Gülpəri Bayramova SOSİUM.az-a müsahibəsində şirkətin fəaliyyəti və inkişaf yolu barədə bəhs edib.

– Gülpəri xanım, rəhbəri olduğunuz və aqrar sektorda sayılıb-seçilən  “Agromix” şirkətinin fəaliyyətə başlamasından üç il ötür. Üç il öncə bu yola çıxarkən inanırdınızmı ki, qısa müddət ərzində bu səviyyədə gəlib çatacaqsınız?

– İlk öncə onu bildirim ki, biz bu yola çıxanda nə sərmayəmiz var idi, nə də resurslarımız. Elə ciddi təcrübəmiz də yox idi. Düzdür, şirkəti yaratmazdan öncə həm meyvə-tərəvəz məhsullarının topdan satıldığı bazarlarda, həm də satış nöqtələrində araşdırmalar aparmışdıq. Lakin bu kifayət deyildi və nəhayət biz nəzəri mərhələdən əməli mərhələyə keçid etməli idik. Fərqində idik ki, bu yol uzun və uzun olduğu qədər də çətin olacaq. Amma buna baxmayaraq, israr etdik və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, üç il ərzində kifayət qədər populyarlıq qazana bildik. İş dünyasına nüfuz etdik, biznesmen və biznes-ledilərlə uğurlu əməkdaşlıq qurduq, bazarın əsas iştirakçılarından birinə çevrildik.

Şirkətimizin ad günü “PORT Wine and GRILL”də təntənəli şəkiildə qeyd olundu. Fürsətdən istifadə edərək “Agromix”ə verdiyi dəyərə və tədbirə təşkilatçılıq etdiyinə görə, “Netwoking Azerbaijan” Biznes Klubuna təşəkkür etmək istəyirəm. Mən orada səsləndirdiyim fikrin üzərinə qayıdaraq söyləmək istəyirəm ki, hər bir iş adamı üçün ərsəyə gətirdiyi biznes onun övladı kimidir. Çətin qlobal iqtisadi şəraitdə ayaqda qalmaq, müştəri və təchizatçılarla loyal münasibətlər qurmaq, onları qoruyub saxlamaq, inkişaf etdirmək xüsusi məharət tələb edir. Qeyd etmək istərdim ki, bu üç ildə uğursuz təcrübələrimiz də az olmadı. Ancaq peşəkar komanda, əzmkar heyət, düzgün strategiya və taktiki gedişlərlə biz öz istəklərimizin əhəmiyyətli bir hissəsini həyata keçirə bildik. Qarşıda isə görəcəyimiz işlər çoxdur.

Burada haşiyəyə çıxaraq sevdiyim bir fikrin üzərində dayanmaq istəyirəm. Səhv etmirəmsə, azərbaycanlı bir alimin fikridir. İnsan istər yeni fəaliyyətə başlayarkən, istər yeni qərarlar qəbul edərkən, istərsə də bir yola çıxarkən üç mərhələdən keçməli olur. Birinci mərhələ eyforik mərhələdir. Yəni, bu mərhələdə uğurun eyforiyası ilə yaşayırsan. İkinci mərhələ böhran mərhələsidir. Nəhayət anlayırsan ki, hər şey düşündüyün kimi asan deyilmiş. Əksər insanlar bu mərhələdə işini yarımçıq buraxır. Və nəhayət sonuncu mərhələ isə əməli mərhələdir. Burada sadəcə ənənəvi fəaliyyətlə məşğul olursan. Nə eyforiya var, nə də tərəddüd, sadəcə üzərinə düşəni yerinə yetirirsən. Dəyərli alimimiz deyir ki, məhz bu mərhələyə adlayanlar uğuru təmin etmiş olurlar. Şükürlər olsun ki, biz bu mərhələyə adlaya bildik.

– Şirkətin fəaliyyəti tarixçəsi barədə danışaq. Uğur formulunuz nə oldu – peşəkar idarəetmə, uğurlu kollektiv, yoxsa münbit bazar şəraiti?

– Universiteti bitirdikdən sonra ailəmlə birlikdə Moskva şəhərinə köçdük. Orada atam və qohumlarım meyvə-tərəvəz məhsullarının topdansatışı ilə məşğul idi. O zaman mütəmadi olaraq atamın iş yerinə gedir, fəaliyyəti ilə tanış olurdum. Hələ yeniyetməlik dövründən qida sektorunda marağım var idi. Hər zaman fikirləşirdim ki, nə zamansa mən də aqrar bizneslə məşğul olacağam. Nəhayət bu qərarımı qətiləşdirəndə ailəmə söylədim. Onlar buna kəskin etiraz etdilər. Əsas arqumentləri də bu idi ki, meyvə-tərəvəz biznesi qadın işi deyil. Bakıya döndükdən sonra Azərbaycanda bu fəaliyyətlə məşğul olmaq qərarını verdim.

“Meyvəli”, “Vasmoy”, “Yaşıl” və digər bazarları gəzib təhlillər apardım, araşdırdım. Burada fəaliyyət göstərənlər nə qədər icarə haqqı verir? Nə qədər işçiləri var? Əsasən məhsullarını kimlərə satırlar? Gəldiyim ilk qənaət bu oldu ki, paytaxtda meyvə-tərəvəz məhsullarının əsas alıcıları böyük marketlərdir. Bundan sonra şəbəkə marketləri araşdırmağa başladım. Bəzi məhsulların qiyməti sürətli şəkildə dəyişirdi və əsas diqqətimi də qiymətləri oynaq tərəvəz məhsullarına yönəltdim. İlkin dövrlərdə nə anbarım vardı, nə də işçilərim. Sadəcə əkinçilərlə şəbəkə marketləri arasında vasitəçilik edirdim və demək olar ki, hər şey bundan başladı. Ucuz qiymətə məhsul təklifi bazarda bizə böyük etimad qazandırdı və beləcə, bu işlə daha geniş və daha ciddi şəkildə məşğul olmağa başladıq.

Kartof, soğan, pomidor, xiyar, bibər, badımcan, çiyələk, portağal və digər məhsulları həm idxal edir, həm də daxili bazarda yetişdiririk. Hazırda “Meyvəli” Ticarət Mərkəzində böyük anbarımız mövcuddur. Eyni zamanda daşınmanı həyata keçirən avtomobillərimiz və satış təmsilçilərimiz var. Bəzən sifarişlər o qədər çox olur ki, müştərilərimizin məhsul təminatında gecikmələr baş verir. Amma biz insanların meyvə-tərəvəz tələbatında problem yaranmamasına maksimum çalışırıq. Bu səbəbdən də nəsib olarsa, gələcəkdə fəaliyyətimizi genişləndirməyi düşünürük. Nəzərə alanda ki, meyvə-tərəvəz məhsulları istehlakçıların daimi tələbatı olmaqla yanaşı, həm də onların sağlamlığını təmin edir, biz orqanik məhsul istehsalı sahəsində fəaliyyətimizi genişləndirməyi düşünürük.

– Aqrar sektorda təmsil olunan bir mütəxəssis kimi necə hesab edirsiniz – Azərbaycanda kənd təsərrüfatı sahəsinin əsas problemləri hansılardır?

– Təbii ki, son illər kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində atılan addımlar, fermerlərə dövlət dəstəyinin artırılması, onlara subsidiyaların ayrılması təqdir olunmalıdır. Digər sahələrdə olduğu kimi, bu sahədə də inkişaf meylləri hiss olunmaqdadır. Koronavirus pandemiyası, qlobal miqyasda müharibələr və gərginliklər bütün dünya üçün bir dərs oldu. İnteqrasiya olunmuş dünya iqtisadiyyatı şəraitində artıq hər bir dövlət daxili istehsalı gücləndirmək barəsində düşünür. Bu həm ərzaq təhlükəsizliyinin qarşısının alınması, həm də iqtisadi sabitliyi təmin edilməsi baxımından önəmlidir. Bu xüsusda aqrar sektorun inkişafı qaçılmazdır və bu istiqamətdə səylər artırılmalıdır. Orqanik və sağlam məhsulların bazarda üstünlük təşkil etməsi isə ilk növbədə istehlakçılar arasında maariflənmə işlərinin həyata keçirilməsini labüd edir. Xəstəliklərin sürətlə artdığı, orta ömür müddətinin azaldığı bir dövrdə bu olduqca vacib bir məsələdir.

Aqrar sektorun problemlərinə gəldikdə isə, əsas problemlərdən biri regionlarda qablaşdırma və çeşidləmə mərkəzlərinin olmaması ilə bağlıdır. Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən saxlanc yerləri də müasir tələblərə cavab verməlidir. Çox təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir şərait yoxdur. Türkiyə və İranda kənd təsərrüfatı məhsulları “Smart-5” tipli soyuducularda saxlanılır. Bu soyuducu anbarları məhsulu istehsal etdiyi dövrdə daha ucuz qiymətə alaraq, sonradan əlçatan qiymətlərlə satışına şərait yaradır. Bu həm bazarda bolluğun yaranmasına, həm məhsulların xarab olmasının qarşısını almağa, həm də sahibkarların zərərə uğrmasının qarşısını almağa xidmət edir.

Digər bir problem isə gübrə sortlarının, istər azot olsun, istər ammofos tipli gübrələrin əkinçilərə vaxtında çatdırılmaması ilə bağlıdır. Bir çox hallarda əkinçilər bu gübrələri olduqca gec əldə edirlər və bu da nəticədə qeyri-sağlam məhsulun ərsəyə gəlməsinə səbəb olur. Təsəvvür edin ki, mart- aprel ayında tələb olunduğu halda fermerlər bu gübrələri may ayından tez əldə edə bilmirlər. Bəzən isə bu müddət iyun ayının əvvəlinə qədər uzanır. Bu kifayət qədər ciddi məqamdır. İstehsalla yanaşı satışın da mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, ərzaq təminatı üçün müvafiq satış nöqtələrinin yaradılması zəruridir. Keyfiyyətli toxumun fermerlər üçün əlçatan olmaması, yetişdirilmə və becərilmə üçün münbit torpaqların seçilməməsi, qeyd etdiyim kimi, maariflənmə səviyyəsinin aşağı olması da mənfi məqamlardandır.

– Trendlər və psixoloji elementlər dəyişir. Artıq istehlakçını da inandırmaq asan məsələ deyil. Mövcud şəraitdə bazarda duruş gətirmək üçün hansı zəruri keyfiyyətlər vacibdir?

– Təbii ki, zaman sürətlə dəyişir və bütün bunların fonunda bazar da yenilənir. Artıq ənənəvi qayda və üsullarla bazara nüfuz edərək ayaqda qalmaq və hökm etmək mümkün deyil. Bunun üçün hər bir sahibkar öz üzərində işləməlidir. Müasir trendləri izləmək, yenilikləri əxs və tətbiq etmək həyati əhəmiyyət kəsb edir. Hər bir şirkətin və ya sahibkarın marketinq yanaşması olmalıdır. Əldə etdiyi nəticələr barədə ictimaiyyətə müfəssəl məlumatlar təqdim etməlidir. Bununla həm öz üstünlüklərini qabartmağa, həm də istehlakçılar arasında məlumatlığı təmin etməyə xidmət edir. Belə olarsa, müştəri də şirkətə etibar edəcək.

// Azər Niftiyev, SOSİUM.az

   

  •  (0)
  •  (0)