Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bir çox mütərəqqi ideyaları ilə xalqımız arasında böyük nüfuz qazanmışdır. Xalqa xidmət edən ideyalardan biri də əhali üçün yay mövsümündə pulsuz çimərliklərin yaradılmasıdır. Artıq bir çox yerlərdə belə layihələr əsasında yaradılmış pulsuz çimərliklər fəaliyyət göstərir və insanlar da bundan çox məmnundular.
Bakının bir çox kəndləri ilə yanaşı, Türkan qəsəbəsi də dəniz sahilində yerləşir. Bağlar yerləşən ərazi isə, dəniz sahilinə lap yaxındır. Illərdir bağa gələn insanlar, heç bir nəqliyyatsız, dənizə gedə bilirdilər. Yaxşı yadımdadır ki, Azərbaycanın xalq şairi, alovlu vətənpərvər mərhum Xəlil Rzanın da bağı, dənizə yaxın olduğundan, tez-tez onu dənizdə çimən görərdik. Amma istiqlalçı şair bu gün sağ olsaydı həmişə getdiyi dənizin yolunu indiki kimi daşdan hasarlanmış görsəydi, yəqin ki yeni bir inqilab yaradardı. Ən azından 1988-ci ildə dəliqanlı, vətənpərvər cavanları başına yığaraq erməniləri Bakıdan qovduğu kimi, əhaliyə qənim kəsilmiş və dənizə gedən yolu bağlayan həmin divarları da o divar sahiblərinin başına ucurardı. Bəli, həm 40-50 ildir o bağlarda yaşayan insanlar, həm də Türkan qəsəbə sakinləri dənizə həsrətdilər. Bu gün dənizə getmək istəyənlər qarşılarındakı hasarlardan aşmağa məcburdular. Çünki bu insanlar nəinki özlərinin tikdirdikləri villaları ilə yolu bağlayıblar, hətta onlara dəxli olmayan əraziləri də hasara alıblar. Mən şəxsən dənizə getmək üçün həmin hasarlardan birini aşmaqla gedə bilmişəm. Mən nəyə görə kiminsə həyətinə, evinə dəxli olmayan, yalnız qurunu dənizlə ayıran hasarı aşmalıyam ki, dənizə gedim? Bəs, qadınlar, qızlar, uşaqlar, dənizin qumunda müalicə olunmaq istəyən yaşlı insanlar bu hasarları necə aşsınlar?
Maraqlı odur ki, o dənizi hasara alanlar Türkan qəsəbəsinə və bağların sakinlərinə heç bir aidiyyəti olmayan insanlardır. Hansısa pullu, imkanlı adamlardır ki, burada gördükləri boş yerləri zəbt ediblər.
Əhalinin dənizə gedən yolunu bağlayan mülklərdən birinin sahibi Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovdur. Y.Camalovun villası elə tikilib ki, həm dənizə gedən yolun xeyli hissəsini bağlayıb, həm də dənizdən gələn kater birbaşa qapısının ağzında dayana bilir. Şəkilə diqqətlə baxın, göründüyü kimi bahalı katerin dayandığı estakadanın bir ucu mərhum nazirin düz həyətinə qədərdir. İndi təsəvvür edin, dənizə çimməyə gələn insanlar həmin ərazidən keçmək hüququna malik deyillər. Ərazini də mərhumun oğlu, Nizami rayon Mühafizə Polisinin rəisi Elşən Camalovun polisləri qoruyur. Halbuki qəsəbənin yerləşdiyi Xəzər rayonunun özünün mühafizə polisi də var və ərazi də onlara aiddir. E.Camalov isə öz tabeliyində olan polisləri qeyri-qanuni olaraq həmin əraziyə göndərir və həmin polislərin yerinə digər polislər bir gündən bir işə çıxırlar. Buna görə onlara əlavə əmək haqqı da verilmir. Yəqin ki, bu qanunsuzluq Daxili İşlər Nazirliyinin aidiyyəti qurum rəhbərlərinin diqqətini çəkəcək.
Türkan qəsəbə sakinlərinin bildirdiyinə görə, Y.Camalovun sağlığında bu villanın gecələr gur yanan çil-çıraqları Türkanın hər tərəfindən görünürdü. Amma sabiq nazir rəhmətə gedəndən sonra daha o gur işıqları yandırmırlar.
Y.Camalovun malikanəsinin yaxınlığında, sakinlərin dənizə gedən yolunu bağlayan digər mülk də, əməlli başlı problem yaradır. Bu mülkün sahibi də görünür Y.Camalovun layihəsi əsasında tikintini həyata keçirib. Çünki onun da bahalı kateri, şəkildə göründüyü kimi birbaşa qapısının ağzına qədər gələ bilir. Ancaq çox təəssüf ki, daş hasarları ilə sakinləri dənizə həsrət qoyan bu mülk sahibinin və digər əraziləri hasarlayanların adlarını öyrənə bilmədim.
Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, son vaxtlar pullu çimərliklər və dənizi hasarlayanlara qarşı, əhalinin xeyrinə olaraq mübarizə aparan, bununla da xalq arasında böyük hörmət qazanan cənab Eldar Əzizov bu məsələni də diqqətə götürəcək. Ona da inanmaq istəyirəm ki, cənab E.Əzizov bu mövsüm çatdırmasa da, gələn mövsümdən Türkan qəsəbə və bağ sakinlərinin dənizə gedən yollarını bağlayan villaları olmasa da, hasarları sökə biləcək. Burada qeyri-qanuni hasarlar tikənlər isə qanunun tam ciddiliyi ilə cəzalandırılacaq.
Biz ona da inanırıq ki, bu problemə Heydər Əliyev Fondunun vitse-prezidenti, əhaliyə göstərdiyi diqqət və qayğısına görə böyük hörmət qazanan Leyla xanım Əliyeva da diqqət göstərəcək. Axı, dəniz 5-3 nəfərin şəxsi mülkü deyil. İnsan gərək həmişə o dünyasını da fikirləşsin ki, bu dünyadan gedəndə özü ilə heç nə aparmayacaq. Tikdirdiyi qəsrlər, villalar, mülklər o dünyada kimsəyə lazım olmayacaq. Bu dünyada xeyirxah əməllərinizlə insanların hörmətini qazanın ki, o dünyaya özünüzlə mal-mülk, var-dövlət olmasa da, rəhmət apara biləsiniz.
Sözümü xalq şairi Musa Yaqubun elə bu mövzuya həsr etdiyi “Pay bölgüsü” şeirindən bir bəndlə bitirirəm:
“Alançılar, kalançılar,
hasarlayın dənizləri
meşələri, kəhrizləri hasarlayın,
Villa tikin, qüllə tikin,
döşü pillə-pillə tikin
sən tamahın həddinə bax,
sərhəddinə səddinə bax.
Atan yansın, mülk yiyəsi,
kim deyir ki, zaman gəlib
hesab almayacaq.
Altı sizindir bilirəm,
üstü sizə qalmayacaq. (tezadlar.az)



















